Ərdoğan: Qərb Türkiyə-Azərbaycan həmrəyliyinin əhəmiyyətini başa düşəcək

12:38 - 14 İyun 2018 - DÜNYA

Qərb Transanadolu boru kəməri (TANAP) vasitəsilə qaz aldıqdan sonra Türkiyə ilə Azərbaycanın həmrəyliyinin əhəmiyyətini başa düşəcək.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan qeyd edib ki, TANAP-ın açılışı Türkiyəni regionda daha güclü dövlətə çevirəcək:

“TANAP-ın açılışı və “Türk axını”nın tikintisi ilə Türkiyə regionun enerji qovşağına çevrilib”.

Qeyd edək ki, iyunun 12-də Əskişəhərdə TANAP qaz kəmərinin açılış mərasimi baş tutub.

"Cənub Qaz Dəhlizi"nin mühüm hissəsi olan TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Xəbər xətti