“Bizə diplomlu işsiz ordusu lazım deyil”

19:19 - 8 İyun 2018 - Cəmiyyət

Kamran Əsədov : “Az, amma peşəkar kadr hazırlığının həyata keçirilməsi ölkədə iqtisadiyyatın, səhiyyənin, təhsilin inkişafına gətirib çıxaracaq”

ADA Universiteti 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib ki, Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb: “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbulundan 5 ilə yaxın müddət keçir. Bu müddətdə bir çox işlər görülüb, təhsilin məzmunu sahəsində nailiyyətlər əldə edilib. 

Peşəkar kadrların hazırlanması istiqamətində də aktiv işlər aparılır. Ali təhsil və ilk peşə ixtisası sahəsində bəzi dəyişikliklərin edilməsinə başlanılıb. Son bir neçə ildə ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz, yaxud 4 min nəfər artıb”.  
Maraqlıdır, görəsən kəmiyyət artımı keyfiyyətə təsir edirmi? Ümumi götürəndə bizdə ali təhsil alanların sayı az, yoxsa çox hesab oluna bilər?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, hər il Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayının artması ilə bağlı statistik göstəricilər elan olunur: “Amma təəssüflər olsun ki, Təhsil Nazirliyi qəbul imtahanlarında istifadə olunan test modelləri ilə bağlı hər hansı bir monitorinq həyata keçirmir. Qəbul olmuş şəxslərin sonrakı fəaliyyəti ilə bağlı, yaxud qəbul zamanı ortaya çıxan problemlərlə bağlı heç bir məsələnin monitorinqini aparmır və maraqlanmır. Yalnız statistik göstəricilərlə bağlı bəyanat verir”.

Təhsil eksperti onu da qeyd etdi ki, Azərbaycanda tələbələrin sayının artması hər hansı bir inkişafla, yaxud Təhsil Nazirliyinin fəaliyyəti ilə yaxından, uzaqdan əlaqəsi yoxdur: “Bu, universitetlər tərəfindən Nazirlər Kabinetinə göndərilmiş istəklə bağlıdır. Belə ki, universitetlər özlərinin daha çox tələbə qəbul etməklə kadr hazırlama potensialının olduğunu Nazirlər Kabinetinə bildirir. Və hər il Nazirlər Kabineti də Dövlət İmtahan Mərkəzi (DİM) ilə razılaşaraq tələbələ qəbulu plan yerini artırır. Amma bu artım heç də keyfiyyət artımı deyil. Sadəcə olaraq kəmiyyət artımıdır. Eynilə ali təhsil müəssisələrinə qəbul zamanı da biz bunu görə bilərik”. 

Azərbaycanda ali təhsil alanların sayı dünya satandartlarından dəfələrlə aşağı olduğunu deyən K.Əsədov bildirdi ki, bu gün ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir: “Yəni, hər min nəfərdən 126-sı ali təhsillidir ki, bu da dünyada qəbul olunmuş normalardan və standartlardan aşağı bir rəqəmdir. Ölkə başçısı cənab İlham Əliyevin 2013-cü imzaladığı “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda göstərilir ki, təhsil əlçatan olmalıdır. Yəni, biz çalışmalıyıq ki, Azərbaycanda ali təhsillilərin sayı artsın. Çünki təhsilli vətəndaşı çox olan cəmiyyətin, dövlətin inkişafı daha rahat olar. Cinayət hadisələrinin, neqativ halların sayı azalır. Amma ilk növbədə söhbət keyfiyyətli təhsil alanlardan gedir. Ali məktəblərə daha savadlı şəxslərin qəbul edilməsini təmin etmək lazımdır”.

Təhsil ekspertinin sözlərinə görə, sadəcə 2018-2019-cu tədris ilində ali məktəblərə 45 min plan yeri ayrılıb: “Burada Təhsil Nazirliyinin hər hansı istiqamətdə fəaliyyəti, müsbət inkişafı yoxdur.  Sadəcə olaraq universitetlərin istəyi ilə ixtisaslar üzrə həyata keçirilən kadr hazırlığıdır. Əslində keyfiyyət göstəricisinin artmadığını biz konkret statistik göstəricilərdən görə bilərik. Belə ki, 2010-cu ildə ali məktəblərə qəbul imtahanında 110 min nəfər iştirak edib və onlar 27 min plan yeri uğrunda mübarizə aparıblar. Üstündən səkkiz il keçib, bu il ali məktəblərə sənəd verənlərin sayı 110 mindən 69 minə qədər azalıb, əvəzində isə qəbul plan yeri 27 mindən 45 minə qədər artıbdır. Bu o deməkdir ki, Dövlət İmtahan Mərkəzi də plan yerlərinin doldurulması üçün keçid balını aşağı salır, müəyyən güzəşt tətbiq etməklə qəbul plan yerini doldurulmasını həyata keçirir. Yəni, 2010-cu ildə 150 balla ali məktəbə qəbul olmaq mümkün idisə, 2017-ci ildə də həmin balla tələbə adını qazanmaq mümkündür. Bu daha da keyfiyyətin aşağı düşməsi prinsipi ilə həyata keçirilir”.

K.Əsədov əlavə etdi ki, düzdür, təhsilin əlçatanlılığı ali təhsillilərin sayının artması baxımından müsbət tərəfdir. Amma bu heç də Təhsil Nazirliyinin, yaxud da digər orqanların fəaliyyəti, istəyi ilə deyil, universitetlərin özünün plan yerinin artırılması hesabına həyata keçirilir: “Hesab edirəm ki, mütləq şəkildə kəmiyyətin yox, keyfiyyətin artırılmasına hədəflənmək lazımdır, məqsəd bu olmalıdır. Çünki 54 ali təhsil müəssisəsində təhsil alan tələbələrin sayı 165 min nəfərdir. Və onların yalnız 42 faizi universiteti bitirəndən sonra işlə təmin olunur. Bizə diplomlu işsiz ordusu lazım deyil. Peşəkar kadr lazımdır. Az, amma peşəkar kadr hazırlığının həyata keçirilməsi ölkədə iqtisadiyyatın, səhiyyənin, təhsilin inkişafına gətirib çıxaracaq. Təsəvvür edin ki, bu gün bizim ali təhsilli 151 min müəllimin 45 faizi öz ixtisası üzrə minimum suallara cavab verə bilmir. Orta məktəblərdə çalışan ali təhsilli müəllimlərdən 2-4 bal toplayanlar var. Bizə aşağı balla keyfiyyətsiz qəbul və keyfiyyətsiz ali təhsil lazım deyil. Sayını azaldıb keyfiyyətə daha çox üstünlük vermək lazımdır”.

Təhsil eksperti sonda onu da vurğuladı ki, Azərbaycanda ali təhsillilərin sayı digər ölkələrlə müqayisədə aşağıdır: “Bu, əsasən də nəticə göstərənlərin sayının az olması ilə bağlıdır. Azərbaycanda ali təhsillilərin ümumi sayı azdır. Sovetlər dönəmində daha çox ali təhsilə deyil, orta ixtisas təhsil müəssisələrinə, kolleclərə, peşə məktəblərinə meyillilik çox idi. İndi isə tendensiya dəyişib. Ali təhsilə maraq daha çoxdur, digər aşağı pillələrə isə azdır. Dünyanın elə ölkələri var ki, oradakı insanlar 100 faiz ali təhsillidirlər. Məsələn, Finlandiyada 25 yaşdan yuxarı ölkənin bütün əhalisi ali təhsillidir. Yaxud, Cənubi Koreyada 18 yaşdan yuxarı orta məktəbi bitirənlərin 95 faizi ali təhsil alır. Bu ölkələrdə texniki, elmi, iqtisadi inkişaf var. Ona görə ki, söhbət keyfiyyətdən gedir. Sayı çoxaltmaqla keyfiyyəti aşağı salmalı deyilik. Sağlam rəqabət mühiti formalaşdırmalıyıq”.

Könül Əhmədova

Xəbər xətti