Valideynlər əvvəlki tədris müddətinin qayıtmasının tərəfdarıdır

18:45 - 6 İyun 2018 - Cəmiyyət

Kamran Əsədov: “Tədris ilinin sentyabr ayının 1-də başlayıb, may ayının sonunda başa çatması daha məqsədəuyğundur”

2004-cü ildən bəri Azərbaycan məktəblərində tədris ili sentyabr ayının 15-də başlayıb, iyun ayının 14-də sona çatır. Bu qərarın qəbul olunmasından 10 ildən çox vaxt keçməsinə baxmayaraq  valideynlərin bir çoxu bu qərardan narazıdır. Onlar iyun ayında havaların daha isti olduğunu və uşaqlarını məktəbə aparmaqda çətinlik çəkdiklərini deyirlər.
Valideyn Lalə Mustafayeva deyir ki, övladı ikinci sinifdə oxuyur: “Keçən il oğlum birinci sinfə gedirdi, iyun ayının istisində məktəbə gedib-gəlirdi. Uşaq evə çatandan sonra bir neçə saat yatırdı ki, özünə gəlsin. Tək mən deyil, söhbət etdiyim valideynlərin əksəriyyəti dərs ilinin iyunun 14-nə kimi uzadılmasının əleyhinədir. Tədris ilinin əvvəlki qaydada, sentyabr ayının 1-də başlayıb, mayın sonunda yekunlaşması daha səmərəli olardı”.
Bəs, bu problem necə və hansı yollarla həll edilməlidir? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanda tədris ilinin müddəti dünya standartlarından az idi: “Ölkəmizdə əvvəlki illərdə 31-32 həftəni əhatə edən aktiv tədris prosesi dünya normalarından aşağı idi. Amma bildiyimiz kimi, 2004-cü ildən etibarən dərslər sentyabr ayının 15-də başladı. Əsas olaraq da sentyabrın əvvəlində havanın isti keçdiyi səbəb kimi göstərildi. Beləliklə, sentyabr ayı isti olduğu üçün dərslər ayının 1-dən yox, 15-dən başladı. Təbii ki, belə iqlim dəyişiklikləri tədris müddətinin uzadılmasına, yaxud qısaldılmasına təsir göstərir”.

Təhsil eksperti hesab edir ki, bu psixoloji amil olduğu üçün tədris prosesi sentyabr ayının 1-dən başlamalıdır: “Bunun bir sıra səbəblərini vurğulamaq istərdim. Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsinə görə, valideynlər məktəbli formaları almalıdır. Dərs ili sentyabrın 15-də başladığı halda, valideynlər bir ay ərzində həm yay, həm də qış geyimini almağa məcbur olurlar. Belə ki, sentyabr ayının 15-də dərsə başlayan uşaq artıq oktyabr ayının ortasından etibarən qış geyimlərinə keçməyə məcburdur. Bu zaman valideyn qısa vaxt ərzində iki dəfə xərcə düşmüş olur. Amma dərslər sentyabrın 1-dən başlasa, valideynin qısa zaman ərzində ikiqat xərcə düşməsinin qarşısı alınacaq”. 
K.Əsədov qeyd etdi ki, digər məsələ dərslərin iyun ayının 14-də başa çatması ilə bağlıdır: “Bildiyimiz kimi, Azərbaycanda artıq may ayının sonundan etibarən tətil və istirahət günləri başlayır. Uşaqları valideynləri hansısa yay düşərgələrinə, rayonlara aparırlar. Ümumilikdə, iqlim iyunun 1-14 aralığında daha çox isti olur, nəinki sentyabrın 1-dən 15-nə qədər olan müddətdə...”.

Təhsil ekspertinin sözlərinə görə, qeyri-rəsmi formada bir çox dərsliklər may ayının ortalarından etibarən şagirdlərdən yığılır. Beləliklə, onlar iyun ayının 14-nə qədər olan müddətdə demək olar ki, dərs prosesində boşu-boşuna iştirak edirlər: “Orta ümumtəhsil məktəblərində mayın əvvəli ilə sonu və iyun ayındakı davamiyyətə baxdıqda və müqayisə apardıqda, çox fərqli nəticələr ortaya çıxır. Çünki artıq uşaqların əksəriyyəti məktəbə getmirlər. Ona görə də, həm psixoloji amil, həm təbiət, həm də insanların işə münasibəti baxımından tədris müddətinin sentyabr ayının 1-də başlayıb, may ayının sonunda başa çatması daha məqsədəuyğundur. Belə ki, bu iki həftəlik boşluğu aradan qaldıracaq və tədrisin keyfiyyətinə də təsir göstərəcək”.

Təhsil eksperti burada valideynlərin məzuniyyət məsələsini də xüsusi olaraq vurğuladı.  O, bildirdi ki, ölkədə məzuniyyət sentyabr ayının 1-dən etibarən demək olar ki başa çatır və valideynlər işə getməli olurlar. “Amma uşaqlar evdə qalır, valideynlər isə işə gedirlər. Bu uyğunsuzluq yaradır. Valideynlər uşaqların dərsləri hazırlamasından kənarda qalır. Ona görə düşünürəm ki, həm psixoloji amil, həm də xərclərin azaldılması baxımından tədrisin sentyabrın 1-də başlayıb, may ayının sonunda başa çatması daha effektiv olardı”.

Dünya ölkələrinin çoxunda bu prosesin fərqli formada aparıldığını vurğulayan təhsil eksperti əlavə etdi ki, keçmiş MDB ölkələrinin hər birində tədris sentyabrın 1-də başlayıb, mayın sonunda başa çatır: “Amma burada fərqli olan ölkələr də var. Misal üçün, Yaponiyada tədris ili aprel ayında başlayır. Bu tipli ölkələrin hər birinin öz mexanizmi var. Amma bu mexanizm təbiətə əsasən hesablanmış bir mexanizmdir ki, valideynlər özlərinin asudə vaxtlarını övladları ilə keçirə bilsinlər. Belə olmadığı halda qeyri-proporsionallıq ortaya çıxır. Avropa ölkələrinin, hətta Türkiyə universitetlərinin bəzilərində tədris ili oktyabr ayında başlayır. Burada mexanizm əsasən ona yönəldilməlidir ki, tədris müddəti dərsliklərin vaxtına uyğun olsun, şagirdlərin proqramı mənimsəməsinə imkan versin. Hesab edirəm ki, Azərbaycanda da bu iki həftəlik kəsri iyundan götürməklə təmin edə bilərlər”.

Könül  Əhmədova  

Xəbər xətti