“Uşaqlığım indiki halımdan daha varlı olub”

20:21 - 4 İyun 2018 - Müsahibə

“Əlimdə Bakı Dövlət Universitetinin diplomu ilə fəhlə işləyirdim” 

Bu həftəki “Keçmişimdə” rubrikasının qonağı “Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru, tarixçi, jurnalist, eyni zamanda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyevdir. Müsahibimiz 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunub. “Azərbaycanda multikulturalizm və birgəyaşayış” adlı geniş oxucu auditoriyası üçün nəzərdə tutulan ilk kitabı işıq üzü görüb. Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Məşvərət Şurası və Bakı Slavyan Universiteti Multikulturalizm kafedrası nəzdində Nəzəri-Praktiki Şuranın üzvüdür. Ötən il “Mətbuatda multikulturalizm” adlı ikinci kitabı çap olunub.

“6-cı sinifdən sonra yaxşı oxumağa başladım” 

Niftiyev Niyaz deyir ki, 1975-ci il iyulun 25-də Cəlilabad rayonunun Təzəkənd kəndində kasıb bir ailədə anadan olub, atası gözətçi, anası isə bağçada tərbiyəçi işləyib:
“Ailədə 7 uşaq olmuşuq, təəssüf ki, məndən bir yaş böyük bacımı 17 il bundan əvvəl xəstəliyə görə itirmişik. Evin böyük övladı mənəm, hazırda 43 yaşım var. Təzəkənd kəndində orta məktəbə getmişəm, 8 il orda təhsil almışam. Məktəbdə 6-cı sinifdən sonra daha yaxşı oxumağa başlamışam. 1990-cı ildə vəziyyət çətinləşmişdi, bizim kənddə elə də güclü təhsil vermirdilər. Artıq 8-ci sinifdə müəllimlərimin məsləhəti ilə oxumaq üçün başqa yer seçməli idim. Valideynlərim də Masallı rayonunu seçdilər, həm dayılarım orda yaşayırdı, həm də Ərkivan kəndində Cəfər Cabbarlı adına məktəbə orta təhsil güclü idi.

“Semiçka torbasının nazik ipinin çiyinlərimdəki izləri...” 

N.Niftiyevin sözlərinə görə, uşaqlıq illəri çox çətin dövrə təsadüf edib. Deyir ki, bəzən yaşlı nəsillə söhbət edən zaman deyirmişlər ki, siz bizim dövrü görməmisiniz: “Amma təəssüf ki, elə vaxt gəlib çatdı ki, onların dövrünü bizə də yaşadıq. 85-ci ildən sonra SSRİ-də yenidənqurma işləri ittifaq ölkələrinə təsir etdi. O cümlədən Azərbaycanda da vəziyyət yaxşı deyildi. Kənd yerlərində bu çətinlik özünü daha çox büruzə verirdi. Çox çətinliklə böyümüşük. Ailəmiz böyük idi, dolanmaq lazım idi. Çıxış yolu tapdıq ki, başqa bir işlə məşğul olaq. Düzdür, təsərrüfatımız var idi, amma kasıb adamın təsərrüfatı da elə kasıb olur. Anama dedim ki, mən siqaret, semiçka sata bilərəm. Bunu anamın beyninə saldım, getdik semiçka alıb gətirdik. Anam qovururdu, mən də aparıb onu toylarda satırdım. Ta 7-ci sinfə qədər... Təxminən 4 il bu işlə məşğul oldum. Amma bütün bunlarla yanaşı dərslərimi oxuyur, evin işlərini də görürdüm. Çox pul qazanan uşaq olmuşam, həmişə pulum olurdu. 1 may parad və 19 may pionerlər günü o vaxtı bayram kimi qeyd olunurdu, həmişə bu bayramlara cibi dolu pulla gedərdim, dondurma yeyərdik və s. İşləmişəm, heç kimə möhtac olmadan yaşamışıq. Uşaqlığım indiki halımdan daha varlı olub. Rəhmətə gedən bacımı qonşu Alar kəndinə dərzi kurslarına aparırdım, onu kursa qoyub, yaxınlıqdakı “İran bazarı”nda semiçka, siqaretlərimi satırdım. Sonra bacımı gözləyirdim, çıxanda evə gətirirdim. Tum və siqaret satmaqdan heç vaxt utanmamışam.  Semiçka torbasının nazik ipinin çiyinlərimdəki izləri uzun müddət mənə o illəri xatırladırdı.

“Etiraf edim ki, çox pis oldum, artıq gec idi...”

Müsahibimiz deyir ki, 1992-ci ildə Azərbaycanda vəziyyət çox ağır idi, ölkəmiz müstəqillik  əldə edəndən sonra ölkənin hər yerində müharibə şəraiti hökm sürürdü: “Azərbaycan ali məktəblərindən əvvəl Türkiyə ali məktəblərinə qəbul imtahanı keçirildi. Bunu o vaxtı Azərbaycan yeni müstəqillik əldə etdiyi üçün Türkiyə hökuməti təklif etmişdi. Həmin imtahanda iştirak etdim, Türkiyənin Bursa şəhəri Uludağ Universitetinin “Tarix fen ədəbiyyat” adlı fakültəsinə qəbul oldum. Amma valideynlərim qorxdu, dedi ki, biz səni orada oxuda bilmərik, vəziyyətimiz çox çətindir. Ona görə də qeydiyyata getmədim. Həmin dövrdə mətbuat zəif idi, media, sosial şəbəkələr olmadığı üçün bəzi şeylərdən xəbərsiz olmuşuq. Amma sinif yoldaşım Elşən adlı oğlan getdi və sonra məlum oldu ki, Türkiyədə təhsil almağa gedən azərbaycanlı tələbələrə təqaüd, yataqxanada yer və hətta geyim də veriblər. Etiraf edim ki, çox pis oldum, artıq gec idi. Hətta evdə dedim ki, siz elədiniz, gərək gedərdim”. 

“Əlimdə Bakı Dövlət Universitetinin diplomu ilə fəhlə işləyirdim” 

Tələbəlik illərinin çətin keçdiyini deyən baş redaktor bildirdi ki, iki ay sonra Azərbaycan ali məktəblərinə qəbul keçirilib və o da, 441 balla Bakı Dövlət Universitetinin “Tarix” fakültəsinə qəbul olub:
“2-ci kursdan sonra işləməyə başladım, gözətçi kimi və bazarlarda işləmişəm. Universitetin 8 nömrəli yataqxanasında qalırdım. Həmin dövrdə qaçqınlar da yataqxanaya sığınmışdılar, vəziyyət ağır idi. Bütün çətinliklərə baxmayaraq universiteti bitirdim və iş üçün Cəlilabad rayon Təhsil şöbəsinə getdim. Onlar da məni rayonun İranla sərhəddə yerləşən ucqar bir dağ kəndinə göndərdilər. Həmin kənddə bir gündən artıq qala bilmədim və elə birbaşa Bakıya qayıtdım. Bakıda, “Qəbələ” kinoteatrında əmim oğlu mebel dükanı açmışdı, onun yanına getdim, fəhlə işlədim. Bir sözlə təxminən 1 ildən çox mebel mağazasında əlimdə Bakı Dövlət Universitetinin diplomu ilə fəhlə işləyirdim (Gülür). Divan, kreslo alan olanda bəzən yuxarı mərtəbələrə qaldırmaq lazım olurdu. Mən də cılız uşaq idim, çətinlik çəkirdim, çox ağır, dözülməz idi.  Gördüm ki, yox, belə yaşamaq olmaz, oradan ayrıldım”.

“Əsəd dedi, gəl səni qəzetdə işə düzəldim” 

N.Niftiyev deyir ki, mebel salonundan çıxandan sonra tələbə vaxtı qaldığı yataqxanaya gəlib. Qonşusu, o zaman “Ekpress” qəzetində işləyən Əsəd Cahangirə deyib ki, iş lazımdır: “Əsəd məni “Ekspress” qəzetində işə düzəltdi, əlavə olaraq “Ədalət” qəzetinə müsahibələr verirdim. Beləcə jurnalistikaya qədəm qoydum. Daha sonra “Vətəndaş Həmrəyliyi” və “Avrasiya” qəzetlərində çalışdım. 1999-cu ildən etibarən isə “Azadinform” İnformasiya Agentliyinə işə düzəldim. Bir müddət parlament müxbiri, daha sonra redaktor işlədim. Artıq 10 ildən çoxdur ki, baş redaktor vəzifəsini icra edirəm. Jurnalist kimi çalışa-çalışa AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aspiranturasına hazırlaşdım. Birinci il ixtisas fənnindən keçsəm də fəlsəfədən kəsildim. Həvəsdən düşmədim, ikinci il verdim və qəbul oldum. Üç il aspiranturada oxudum. Eyni zamanda institutun Etnososioloji tədqiqatlar şöbəsində “Kiçik elmi işçi” vəzifəsində çalışırdım.  Dindar deyiləm, amma dinə marağım var idi. Bu maraqla da 2005-ci ildə Bakı İslam Universitetinə qəbul oldum, 2010-cu ildə də oranı bitirdim. BDU-nun nəzdində iki illik Hərbi kafedra keçmişəm, ehtiyatda olan leytenant rütbəm var, amma hərbi xidmət keçməmişəm. Daha doğrusu ali məktəb bitirdiyim üçün çağırmayıblar”.   

“Üzeyir bişirdiyim yemək qazanının dibini də əli ilə sıyırıb yeyirdi”

Müsahibimiz deyir ki, tələbə vaxtı yataqxanada qalanda ev işlərini otaq yoldaşı ilə öz aralarında bölüşüblər: “Üzeyir Şəfiyev adlı otaq yoldaşım var idi. Hazırda BDU-da dekan müavini işləyir. Adətən yemək işlərinə özüm baxırdım. Çünki mən yemək məsələlərində bir az kaprizəm. Təmizlik məsələlərinə isə Üzeyir baxırdı. Əl qabiliyyətim çox yaxşı idi, dadlı yeməklər bişirirdim. Üzeyir bişirdiyim yemək qazanının dibini də əli ilə sıyırıb yeyirdi. Demək ki, həqiqətən dadlı yeməklər bişirirmişəm (Gülür). Əslində o bacarığım indi də var. Amma çox istifadə etmirəm. Yalnız ailəm rayonda olanda bacarığımı işə salıram”.

“Sevdiyim qız demişdi ki, o tum, siqaret satır, onu sevə bilmərəm”

25 yaşında olarkən ailə həyatı quran N.Niftiyev deyir ki, bütün ata-ana sözünə baxan kənd oğlanları kimi ailə həyatı qurdum (gülür):
“Evdə dedilər ki, bir qohum qızı var, gedib baxmaq lazımdır. Gedib baxandan sonra evlənməyə qərar verdik. Sevgi, məhəbbət hissini yalnız orta məktəbdə oxuyanda hiss etmişəm. 7-8-ci sinifdə kənddə sevdiyim qız ona məktub göndərdiyim başqa bir sinif yoldaşıma demişdi ki, Niyaz tum, siqaret satır, mən onu istəmirəm. Ondan sonra uzun müddət heç kimi sevmədim. Düşünürdüm ki, kimi sevsəm eyni cavabı alacağam. Bir dəfə də universitetdə tələbə yoldaşımı sevmişəm. Şəhərli idi, o da ümumi dostlara demişdi ki, kənddə yaşaya bilməz. Diplom müdafiəsindən sonra söhbətimiz oldu, dedi ki, əl çək məndən... Mən də uzaqlaşdım. İki oğlum var, dava-dalaşla da olsa xanımla keçinib gedirik. (Gülür)

“Uşaqlarımın uşaqlığı və yeniyetməliyi mənimkindən dəfələrlə yaxşı keçib” 

Əsəbi olduğunu deyən müsahibimiz vurğuladı ki, qadın da, uşaq da gərək çevik olsun: “Evdə yoldaşıma da, uşaqlarıma da deyirəm ki, çevik deyilsiniz, məntiqiniz zəifdir, dərhal qərar vermə qabiliyyətiniz sıfıra yaxındır. Hazırlıqda olan oğluma deyirəm Elvin haradasan, o da deyir ata yoldayam, evə gəlirəm. Mən də əsəbiləşirəm, deyirəm ay oğlu olduğun yeri konkret demək lazım. Məsələn, 28 mayda və ya Nizami metrosunda... Uşaqlarıma daha çox təhsilləri ilə bağlı əsəbiləşirəm. Oğlum kursa getməlidir, müəlliməsi mənə zəng vurur ki, bəs, oğlunuz 20 dəqiqə gecikir. Mən də gecikdiyi üçün ona əsəbiləşirəm. Yaxud da anasına əsəbiləşirəm ki, niyə onu 20 dəqiqə evdə yubatmısan? Nə qədər əsəbiləşsəm də, çox az hallarda şiddət tətbiq edirəm. Tez əsəbiləşirəm, tez də keçib gedir. Bir kişi kimi ailəmi qayğısız saxlamağı bacaran adamam. Uşaqlarımın uşaqlığı və yeniyetməliyi mənimkindən dəfələrlə yaxşı keçib”.

“Üç diplomum var, bu günə kimi heç biri mənə lazım olmayıb”

İki oğul övladı olan N.Niftiyev deyir ki, onların gələcəyini, ali təhsilini fərqli formada düşünür: “Fikirləşmirəm ki, mütləq universitet təhsili alsınlar. Bir il əvvəl hər iksi ilə oturub söhbət etdik, seçəcəkləri ixtisası müəyyənləşdirdik. Dedim ki, mənim üçün sizin mütləq universitetə daxil olub diplom almağınızın elə də ciddi əhəmiyyəti yoxdur. Hansısa peşəyə sahib olmağınızı istəyirəm. Bir xeyli müzakirədən sonra böyük oğlum İT texnologiyalar üzrə hazırlaşmağı istədi. Dedi ki, ata, bəs diplom məsələlərimiz necə olacaq? Dedim, üç diplomum var, bu günə kimi heç biri mənə lazım olmayıb. Razılaşdıq və artıq böyük oğlum bu sahədə xeyli irəliləyib. Hazırda İT üzrə təhsilini ali səviyyədə davam etdirməsi üçün ölkə seçimi mərhələsindəyik.
Kiçik oğlum Elçin isə təyyarə pilotu olmaq arzusundadır. Gələn il Bakıda imtahan verəcək, qəbul olsa bakalavr təhsilini burda oxuyacaq”.

“Oğlum, get sonra gələrsən...”

Bir qədər keçmiş xatirələrə qayıdan müsahibimiz deyir ki, jurnalist Azər Nuriyevlə həm də tələbə yoldaşı olublar: “Bir yerdə işləyirdik. Hər gün işdə iclasdan sonra onunla çıxırdıq, mən müxalifətyönlü, o isə iqtidaryönlü partiyalardan açıqlama alırdı. Partiyalar hamısı yaxın idi, birimiz açıqlama almağa gedəndə, digərimiz binanın aşağısında onu gözləyirdi. Azər Səyyad Arandan müsahibə almağa getdi (Siz tez-tez diktafona baxırsınız deyə, bu xatirə yadıma düşdü). Diktafonu qoyub, Səyyad Aran da bir saat danışıb. Müsahibə bitəndən sonra Azər baxıb ki, bəs, diktafonun  batareyasını işdə kimsə çıxarıb, səs yazılmayıb. S.Aran görüb ki, Azər narahatdır, deyib, evlad nə isə problem var. Azər də deyib ki, Səyyad müəllim səs yazılmayıb, diktafonu qoyum təzədən danışın. S.Aran da qayıdıb buna oğlum, get sonra gələrsən... Bir dəfə də Həcc ziyarətində olan zaman oteldən çıxıb avtobusa oturdum, Kəbənin olduğu yerə gəlirdik. Avtobusun arxa tərəfində pul qabı tapdım. Çox qalın bükümlü, içi dolu pul qabı idi. Sürücüyə göstərdim, o da dedi ki, sizdən əvvəl İran nümayəndə heyətini bura gətirmişəm, yəqin ki, onlardan kiminsə olacaq, özün tap ver. Otelə qayıtdım, administratora dedim, üç-dörd nəfərin iştirakı ilə açıb baxdıq, sənədlərindən müəyyən etdik ki, iranlı bir qadının imiş. Qadının həyat yoldaşı oteldən nömrəmi götürüb, gəlib mənə təşəkkür etdi”.

N.Niftiyev Həcc ziyarətində olub, 2006-cı ildən namaz qılıb oruc tutur: “Çalışıram ki, bunu nümayişkaranə şəkildə etməyim.  Düşünürəm ki, namaz da, oruc da fərdi ibadətdir, başqa heç kimə dəxli yoxdur. Dostlarımın arasında namaz qılandan çox araq içən var. Mən onların arasında seçim etmirəm”. 

Könül Əhmədova

 


Xəbər xətti