Ana səhifə
20 Avqust 2018

Yeganə iqtisadçı Azərbaycanlıyam hər iki elmi müdafiəm Moskvada olub – Müsahibə

“Riyaziyatın arxasınca getsəydim, indi bəlkə akademik idim”

 

 

Əli Əlirzayev: “Əziyyətli günlərim çox olub, amma hamısı mənim üçün əzizdir, yaddaqalandır»

 

 

Azərbaycanın tanınmış iqtisadçılarından olan Əli Əlirzayevi tələbələri böyük alim, gözəl insan kimi xarakterizə edirlər. 1945-ci ildə Naxçıvanda doğulub. 1968-ci ildə indiki Azərbaycan Texniki Universitetini bitirib. İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimidir. 
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinə qədər yol keçib, Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor, Naxçıvan Dövlət Universitetində də kafedra müdiri vəzifələrində işləyib. O, 1997-2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü olub.
“Tanınmışların yadda qalan tələbəlik illəri” rubrikasının qonağı olan müsahibimiz hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru və iqtisadi idarəetmə və beynəlxalq münasibətlər kafedrasının müdiri kimi elmi fəaliyyətini davam etdirir. 
Əldə etdiyi bu nailiyyətlərə görə, çox əziyyət çəkdiyini deyən Ə.Əlirzayev ümumiyyətlə həyatda nəyəsə nail olmaq üçün çox çalışmaq, mübarizə aparmaq lazım olduğunu söyləyir. Çalışdığı kafedrada işinin çox olmasına baxmayaraq, tələbəlik illərini, başqa sözlə “uğur hekayəsi”ni xatırlamağa, danışmağa hər zaman vaxt ayırmağa hazır olduğunu deyir:

 

Yeganə iqtisadçı azərbaycanliyam hər iki elmi müdafiəm moskvada olub

 

- Mən 1963-1968-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Politexnik İnstitutunun iqtisadi kibernetika ixtisası üzrə təhsil almışam. Oranı fərqlənmə diploma ilə bitirmişəm. Təyinatla keçmiş SSRİ nəzdində olan Neft kimya avtomatlaşdırma İnstituna göndərildim. Orda hardasa il yarım işlədim. Lakin ali məktəbi əlaçı olaraq başa vurduğum üçün, aspiranturaya (indiki doktorantura) tövsiyə olundum. 1969-cu ildə sənədlərimi keçmiş SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi Riyaziyyat  İnstitutuna təqdim etdim, 1970-ci illərin əvvəllərində (səhv etmirəmsə, mart ayında) imtahanla bu instituta qəbul olundum. 3 il  elmi tədqiqat apardım. Akademik Şatalin, akademik Trimaşayevskayanın rəhbərliyi ilə namizədlik işini yekunlaşdırıb, 1973-cü ilin iyun ayında müdafiyə etdim. Sonra Bakıya qayıtdım. 1978-ci ildə isə doktorluq işimi hazırlamaq məqsədi ilə yenidən SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi Riyaziyyat  İnstitutuna getmək üçün ərizə ilə müraciət etdim və indiki Rəyasət Heyəti qərar verdi ki, 2 il ərzində müştərək iş aparmaq üçün Moskvaya ezam olunum. Həmin müddətdə doktorluq işim hazır olsa da, bir sıra səbəblərdən müdafiə işim bir qədər yubandı. Başa düşürdüm ki, başqa respublikalarda doktorluq müdafiə etmək çox çətindi. Bunun üçün gərək bütün ittifaqdan hamı səni tanyardı. Oradakı əksər alimlərlə səmimi münasibətlər qura bilmişdim. Nəhayyət, 1985-ci ildə müdafiə etdim. İqtisadiyyat üzrə yeganə azərbaycanlıyam ki, həm namizədlik, həm də doktorluq işimi Moskvada müdafiə etmişəm, özü də doktorluq təsdiq diplomunu 3 günü ərzində aldım.

Sonra Mərkəzi Komitənin qərarı ilə Xalq Təsərrüfatı İnstitutuna elmi işlər üzrə prorektor vəzifəsinə təyinat aldım. 3 il bu vəzifədə işlədim. Ayaz Mütəllibov hakimiyətə gələndə, ətrafına  öz kadrlarını toplamağa başladı. Baxmayaraq ki, milli kadr idim, amma onların yox. ümummilli lider Heydər Əliyevə yaxın adam olduğum üçün, məni vəzifədən uzaqlaşdırdılar. 1991-ci ildə məcbur olub, Naxçıvana getdim. Artıq Heydər Əliyevlə tez-tez görüşürdüm. Orada da 2 il işlədim. Elmi fəaliyyətlə yanaşı siyasi məsələlərlə də məşğul olurdum. 
Ümummilli liderin tövsiyəsi ilə torpaqların özəlləşdirilməsi ilə bağlı proqram yazdım, Ali Məclisə çıxarıb, qəbul etdik. Siyasi karyeram getdikcə güclənirdi. Buna baxmayaraq artıq Naxçıvanda qala bilmirdim. Bu vaxt dəyişiklik oldu, hakimiyyətə Xalq cəbhəsi gəldi. Sevindirici hal idi ki, mənə münasibət də dəyişdi. Ona görə Bakıya qayıdıb, Xalq Təsərrüfatı İnstitutuna yenidən professor seçildim. 93-cü ilin sentyabrından Bakıda, elmi-ictimai fəaliyətimi bərpa etdim. YAP-ın fəal üzvü kimi siyasi işlərə daha geniş yer verirdim. Nəhayyət elə oldu ki, 1995-ci il parlament seçkilərinə qatıldım. YAP-ın siyahısında 20-ci adam idim, 19 nəfər keçdi mən kənarda qaldım. 1997-ci ildə akademik Ziya Bünyadov rəhmətə gedəndən sonra təkrar seçki ilə onun yerinə deputat seçildim. Həmin vaxt 3 il deputat oldum. Növbəti dəfə majoritar qayda ilə Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvandan deputat seçildim. Beləliklə 8 il Ali Məclisin deputatı kimi xalqa xidmət etdim. 
Elmi fəaliyətim zamanı 50-yə yaxın aspirantım olub, onların əksəriyyəti müdafiə edib. 500-ə qədər elmi əsərin müəllifiyəm. Əməkdar elm xadimiyəm. Bilirsiniz ki, bu ad az adama verilir. Hazırda elmi fəaliyyətimi İqtisad Universitetində davam etdirirəm. Avropa Təbiət Elmləri Akademiyasının da akademikiyəm. 

 

Əlində təbaşir, lövhədə dediyini isbat etməli idin

 

İqtisadçı olmaq öz seçimim idi. Riyaziyata marağım orta məktəb illərindən yaranmışdı. İqtisadi axtarışlarım riyazi metodlara əsaslanır. Bəlkədə riyaziyat arxasınca getsəydim indi akademik idim. Yəni demək istəyirəm ki, bu mənim arzum idi. Valideynlərim bu mövzuda mənlə maraqlanmırdı. Bu sahəni seçməyə məcbur edilməmişəm. Onlar yalnız deyirdilər ki, oxumaq lazımdı. Atam qoca kişiydi, ailəmizin də maddi vəziyəti pis deyildi. Həmişə deyirdi ki, oxumağa hara istəyirsən get. Ata-anam mütərəqqi adamlar idilər. Mənə həm maddi, həm də mənəvi dəstək verirdilər. 30 yaşında ailə qurmuşam. Valideynlərim də deyirdilər ki, evlənməyə tələsmə, karyeranı qur, sonra ailə qurmaq olar. Mən evlənəndə artıq elmlər namizədi idim. 
Ali məktəbə qəbul imtahanlarımı yaxşı xastırlayıram. İndiki Texniki Universitetdə 3 fəndən imtahan vermişəm. Onların ikisindən əla qiymət almışdım. Axırıncı ədəbiyyat yazılı imtahanın nəticəsini gözləmədən bilirdim ki, qəbul olacam. Fizika, riyaziyatdan 5 qiymət almışdım. Mənim üçün ən yadda qalan məqamlardan biri riyaziyyat imtahanında da olub. O zaman test yox idi. Əlində təbaşir lövhədə dediyini isbat etməli idin. Məndə hansısa teoremi isbat edirdim. Axıra gəlib nöqtə qoyanda tərlədiyimə görə, əlimlə üzümün tərini sildim, təbaşir üzümü bulaşdırdı. İmtahan götürən Şövkət adlı müəllimə digər həmkarlarına dedi ki, bu oğlana 5 qiymət yazaq. 
Tələbəlik illərimi çox maraqlı keçirmişəm. Yoldaşlarla çox səmimi olmuşuq. 3-cü kursda oxuyanda Estoniyaya təcrübəyə getmişdik. Sonra diplom müdafiəsində də orada 6 ay təcrübədə olmuşuq. Yataqxana həyatımız daha maraqlı idi. Əziyətimiz də olub, amma günlərimizi maraqlı keçirmişik. 
Bütün kurs boyu əlaçı təqaüdü almışam. Məbləğ 50 rubl idi. Evdən də arabir kömək olunurdu. Cibimə ən az 5, ən çox da 30-40 rubl pul qoyulurdu. Bu ehtiyaclarımız üçün kifayət edirdi. Kinoya, teatra tez-tez gedirdik. Ona görə də bir az çox xərcləyirdik. Əsas odur ki, israfçılığa yol vermirdik. Asudə vaxtımız isə demək olar ki, çox az olurdu. Bütün kitabxanlarda olmuşam, layihələr çəkirdik. Tətillərdə rayona gedib, valideynlərimə kömək edirdim. 
Ali məktəbi qurtarandan sonra “Məzun günü” keçirə bilməmişik. Yenə əvvəllər kiçik qrup halında toplaşırdıq, indi bu da yoxdur. Bəziləri dünyasını dəyişib, ərə gedib qocalanlar da var. Elə tələbə yoldaşım var ki, o həm də mənim uşaqlıq dostum olub. Yataqxanada bir yerdə qalmışıq. Ümumi götürəndə sıx münasibətdə olduğum tələbə yoldaşlarımla isti münasibətlərim indi də davam edir. Ayrı-ayrı tələbə yoldaşlarımızla bir araya gəlirik, görüşürük, xeyr işlərində iştirak edirik. 

 

Teatrların qarşısında bilet almaq üçün böyük növbələr yaranardı
 

Bəzi adamlar düşünür ki, insan qocalanda köhnə illərinə qayıtmaq istəyir. Belə bir deyim də var: “Ötən günlərimi qaytarsaydılar, gələn günlərimi qurban verərdim” və yaxud “ötən günə gün çatmaz ki, calasan da günü-günə”. Keçən günlərimin hər biri mənə doğmadır. Əziyyətli günlərimdə çox olub, amma hamısı mənim üçün əzizdir, yaddaqalandır. Elə şeylər var, cavan vaxtı edə bilirsən, indi edə bilmirsən. İndi heyfslənirsən ki, mən axı belə deyildim, niyə bu günə düşdüm? 
Məni üzən hal odur ki, indiki cavanlar vaxtlarını mənalı keçirə bilmirlər. Dərs dediyim tələbələrdən bəzənq soruşuram ki, “heç teatra getmisən?” Getməyi bir yana, çoxu teatr nə olduğunu bilmirlər. Onların əsas işi ev şəraitində kompüterin qarşısında oturmaqdır, əllərindən də telefon, qulaqlarından da qulaqcıq yerə düşmür. O vaxtlar teatrların qarşısında bilet almaq üçün böyük növbələr yaranardı. Tez-tez müzakirələr açardıq. Ayrı-ayrı görkəmli incəsənət xadimləri ilə görüşürdük. İndiki həyatda gənclər üçün daha çox imkanlar var. Söz yox ki, əvvəl də, indi də savadlı-savadsız, bacarıqlı-bacarıqsız tələbələr var. Müxtıəlif dilləri öyrənən gənclərin olması bizi sevindirir. Bizim də o vaxt imkanımız ona idi ki, rus dilini öyrənək, onu da öyrənirdik.

 

 

Əfsun

 

Tarix
6 Dekabr 2014 [16:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin