Torpaq islahatları nəticəsində yeni mülkiyyətçi təbəqəsi-fermerlər təşəkkül tapdı

18:11 - 31 May 2018 - KİVDF

Heydər Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradıldı

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən diqqət mərkəzində saxladığı sahələrdən biri də aqrar sahə idi. Aqrar sahədə islahatların aparılması, xüsusilə də, onun mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, yeni əkinçi-torpaq münasibətlərinin formalaşdırılması günün ən vacib tələbi kimi qiymətləndirilirdi. Ulu öndər iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi. Onun rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradıldı və həyata keçirildi. Bu da hüquqi dövlət quruculuğu üçün çox vacib idi.

Hələ 1994-cü il dekabırın 10-da keçirilmiş "Aqrar islatat: problemlər və onların həllin yolları" mövzusunda beynəlxalq konfrasda çıxış edən ümummilli lider deymişdi: "... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarələ həyata keçirməliyik. Ən əsas prinsiplərdən biri odur ki, gərək xalqımıza, xususən kasıb təbəqəyə, kəndlilərə, daim torpagla bağlı adamlara zərər vurulmasın, əksinə xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahinın qaldırılması üçün həyata keçirilməlidir".
Heydər Əliyevin Fərmanı ilə 1994-cü ilin dekabrında və 1995-ci ilin martında aqrar sektorda islahatların həyata keçirilməsi, kolxoz və sovxozların islahatı üçün qanun layihələrinin hazırlanması və həyata keçirilməsi üzərində işləyən xüsusi komissiyalar yaradıldı. Bu, günün tələbi idi. Çünki özəlləşdirmənin I Dövlət Proqramında torpaq sahələrinin özəlləşdirilməsi öz əksini tapmamışdı və bunun da obyektiv səbəbləri vardı. Çünki proqram təsdiq ediləndə hələ “Torpaq islahatı haqda Qanun” mövcud deyildi və torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi respublikada həyata keçirilmirdi. Bu sahədə işi sürətləndirmək məqsədilə 1995-ci ildə “Aqrar islahatının əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və 1996-cı ildə isə “Torpaq islahatı haqqında” qanunlar qəbul edildi. “Torpaq islahatı haqqında” qanun Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən etdi. Qanunun 1-ci maddəsində bildirilir ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Digər maddədə isə qeyd edildi ki, torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

Torpaq islahatının obyektinin isə Azərbaycan Respublikasının vahid torpaq fondu olduğu bildirildi. Torpaq islahatı zamanı vahid torpaq fondunda:

 Dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları);
 Bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları);
 Xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edildi.
Qanunda qeyd edildi ki, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
Qanunun maddələrinin birində isə torpaq islahatının aparılması şərtləri öz əksini tapdı. Bu şərtlərdə ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi;ətraf mühitin mühafizəsinin təyin edilməsi;  torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması əsas şərt kimi irəli sürüldü.
"Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi məsələlər əksini tapdı. Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün müəssisələr, o cümlədən sovxozlar və kolxozlar ləğv edildi, onların əmlakı təsərrüfat üzvləri arasında ədalətli şəkildə bölüşdürüldü. Torpaqlar vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. MDB-nin digər ölkələrindən fərqli olaraq Azərbaycan vətəndaşları yararsız və ya az yararlı torpaqlarla deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin edildilər. Eyni zamanda, Azərbaycanda fiziki və hüquqi şəxslərə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verildi. Bu da ölkəmizdə torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.
1996-cı il iyunun 24-də keçirilən ölkədə aqrar islahatların vəziyyətinə və “Torpaq islahatı haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş müşavirədə ulu öndər bildirirdi: “Bir şey hamıya aydın olmalıdır, mən bunu dəfələrlə bəyan etmişəm və bu gün də deyirəm ki, iqtisadiyyatın bu günü və gələcəyi yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Yolumuz budur, başqa yol yoxdur”.
Yuxarida qeyd olunan qanunların qəbulundan başqa, torpaq islahatının daha mükəmməl həyata keçirilməsi üçün Heydər Əliyevin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” və 2000-ci ildə imzaladığı müvafiq fərmanları ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” qəbul olundu  Bu qanunlarda torpaq sahələrin özəlləşdirilməsi hüquqi baxımdan tənzimləndi.
Beləliklə, Sovxoz və kolxozların islahatı haqqında qanunvericiliyin əsasında “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Sovxoz və kolxozların islahatı haqqında” qanun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Sahibkarlıq fəaliyyəti haqqında” və “Müəssisələr haqqında” Azərbaycan Respublikası qanunları və digər normativ aktlar dayandı.
 Qeyd edək ki, ölkədə aparılan torpaq islahatı nəticəsində 870 832 ailə (3,4 milyon subyekt) torpaq mülkiyyətçisinə çevrildi və 2032 kolxoz və sovxoz ləğv edildi. Azərbaycan Respublikasında aqrar islahatların birinci mərhələsində aqrar islahatların həyata keçirilməsini təmin edən müvafiq normativ-hüquqi baza yaradıldı, torpaq islahatı, keçmiş kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi başa çatdı. Həmin vaxt kənddə bazar iqtisadiyyatına xas olan yeni təsərrüfat subyektləri formalaşmağa başladı, yeni mülkiyyətçi təbəqəsi-fermerlər təşəkkül tapdı.
Kənd təsərrüfatında istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən 5 il müddətinə) azad edilməsi, büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın güzəştli qiymətlərlə satışı, habelə fermer təsərrüfatları üçün kredit resurslarının ayrılması və həyata keçirilən digər tədbirlər aqrar islahatların daha sürətlə aparılmasına imkan yaratdı, kənd təsərrüfatında istehsalın artırılmasına güclü təkan verdi.Beləliklə, dövlət əmlakının özəlləşdirilməsi istiqamətində atılan addımlar nəticəsində kiçik və orta sahibkarlıq subyektləri yarandı.

Xəbər xətti