Dövlət əmlakının özəlləşdirilməsinin hüquqi bazası yaradıldı

19:12 - 29 May 2018 - KİVDF

Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramları ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçmək məqsədi ilə hökumət tərəfindən geniş əhatəli və sistemli iqtisadi islahatlar həyata keçirilməyə başlanıldı. İqtisadi islahatların əsasında mülkiyyət münasibətlərini əsaslı surətdə dəyişməklə iqtisadi sistemin transformasiyasını nəzərdə tutan özəlləşdirmə prosesi dayanmışdır. İqtisadiyyatı yenidən qurmaq və onu bazar iqtisadiyyatı istiqamətində formalaşdırmaq üçün özəlləşdirməni həyata keçirmək və çoxukladlı iqtisadiyyatı yaratmaq konsepsiyası qəbul edildi.  Qəbul edilmiş Dövlət Proqramıları. Fərman və qanunlar özəll\şdirmənin hüquqi əsasını təşkil etdi. Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu. Bu hüquqi dövlət quruculuğu əsasında önəmli addım idi. Çünki güclü dövlət quruculuğunun bünövrəsində həm də güclü iqtisadiyyat durur.  Zəif dövlətin  güclü hüquqi islahatlar aparması qeyri- mümkündür.  Dövlət Proqramı ilə Azərbaycanda dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı. Bu məqsədlə 25 mart 1996-cı il tarixdə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamə təsdiq edildi və “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Fərman imzalandı. Fərmana əsasən dövriyyəyə dəyəri özəlləşdiriləcək dövlət əmlakının 65 faizinə bərabər olan 32 min ədəd özəlləşdirmə çeki buraxıldı. Dövlət özəlləşdirmə payları (çekləri) verildiyi yerdən asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ərazisində dövlət mülkiyyətinin özəlləşdirilən hissəsinin, investisiya fondlarının səhmlərinin alınması üçün istifadə edilməyə başlandı.

Xatırladaq ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıldı və bu iki mərhələdə həyata keçirildi. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıldı. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verildi. Qanunvericilik əsasında dövlət özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadəsi müəyyənləşdirildi. Beləliklə, özəlləşdirmə payını almış vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə güzəştli qaydada iştirak hüququna malik oldular. Bununla yanaşı, özəlləşdirmə çeklərinin qiymətli kağızlar bazarında sərbəst alınması, satışı və digər formada özgəninkiləşdirilməsi üçün geniş şərait təmin edildi. Beləliklə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair proqramın (I özəlləşdirmə proqramı) və digər hüquqi sənədlərin icrası sayəsində Azərbaycanda yerli və xarici vətəndaşların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olundu. Bu strateji plana əsasən, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin yaradılması və azad sahibkarlığın inkişaf etdirilməsi, istehsalın səmərəliliyinin və milli gəlirin artımının həlledici amil kimi önə çıxdı. Birinci özəlləşdirmə proqramının yerinə yetirilməsi nəticəsində əsasən kiçik, orta və iri müəssisələrin özəlləşdirilməsi həyata keçirildi.

Dövlətsizləşdirmə siyasətinin davam etdirilməsi 35 mindən çox kiçik və orta müəssisənin özəlləşdirilməsinə səbəb oldu. 1500-dən çox səhmdar cəmiyyəti yaradıldı. Ölkədə 125 min səhmdar ordusu formalaşdı. 325 min mülkiyyətçi isə əmlak sahibinə çevrildi. Özəlləşdirmə nəticəsində Azərbaycan iqtisadiyyatına xarici sərmayəçilər tərəfindən yüz milyonlıarla dollar kapital yatırıldı. Özəlləşdirilmiş müəssisələrdə 300 mindən artıq vətəndaş işlə təmin olundu, ümumilikdə 1 milyona yaxın vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələndi.

 1 oktyabr 2000-ci il tarixinə dövlət mülkiyyətinin özəlləşdirilməsindən dövlət büdcəsinə 430 milyard manat vəsait daxil oldu. Ümumilikdə özəlləşdirmə prosesi çərçivəsində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib ki, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edir. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadıldı. Belə ki, ölkə prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırıldı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti uzadıldı.

Özəlləşdirmənin birinci mərhələsi öz mühüm nəticələri ilə təsdiq etdi ki, Azərbaycanda nəzərdə tutulan strateji müəssisələrin özəlləşdirilməsi öz effektini verir və səhmdarların tabeçiliyinə verilən bu obyektlər tamamilə yenidən qurularaq və ən müasir avadanlıqlarla təmin edilərək öz istehsal imkanlarını, rəqabət qabiliyyətli məhsul buraxılışlarını gücləndirməyə qabildir. Reallıq bundan ibarətdir ki, bu mərhələdə özəlləşdirilmiş müəssisələrdə idxal mallarını əvəz edən məhsulların istehsalına başlanıldı, qeyri-neft sektoruna əhəmiyyətli investisiyalar cəlb olundu, bir çox dayanmış müəssisənin fəaliyyəti bərpa olundu, yeni iş yerləri açıldı, Eyni zamanda, bu siyasətin reallaşması ölkə əhalisində özəlləşdirmə prosesinin dönməzliyinə dərin inam yaratdı, geniş mülkiyyətçilər sinfinin yaranması vətəndaşların özəlləşdirmənin perspektiv nəticələrinə etibarını artırdı. Artıq qeyd etmək olar ki, geniş miqyaslı özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi prosesinin məntiqi nəticəsi olaraq müəssisələrin əmək kollektivləri üzvləri və digər vətəndaşlar işlədikləri müəssisələrin habelə maraq doğuran başqa müəssisələrin mülkiyyətçilərinə və səhmdarlarına çevrildilər.

2000-ci ildən etibarən isə özəlləşdirmə siyasətinin miqyasının daha da genişləndirilməsi, kiçik və orta müəssisələrlə bərabər, iri müəssisələrin dövlətsizləşdirməyə cəlb edilməsi, xariciinvestorların prosesdə iştirakının artırılması, özəlləşdirmənin sürətləndirilməsi məqsədilə ikinci özəlləşdirməyə dair dair dövlət proqramı hazırlandı. Yeni proqramın həyata keçirilməsi nəticəsində daha strateji müəssisələrin özəlləşdirilməsi üçün geniş imkanlar açıldı. 
“Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunu və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət Proqramının təsdiqi (10 avqust 2000-ci il) ilə Azərbaycanın özəlləşdirmə siyasətində yeni dövr başlandı. Dövlət rəsmiləri yeni özəlləşdirmə siyasətinin daha çox ölkə vətəndaşlarının işlə təmin olunması və daxili istehsalın canlandırılması məqsədini güddüyünü vurğulayırlar. Bu mənada özəlləşdirmə siyasətinin ölkə vətəndaşlarının əlində istifadəsiz qalmış özəlləşdirmə çeklərinin reallaşdırılmasına imkan yaradacağına inamı gücləndirdi. Yeni qanun və proqram birinci mərhələni əhatə edən müvafiq qanunvericilik sənədlərindən xeyli fərqləndi. Bu fərqlərə bir sıra yeni özəlləşdirmə üsullarını, opsionlardan yeni istifadə qaydalarını, özəlləşdirmədən istifadə ediləcək vəsaitdən özəlləşdirmə prosesinə müstəqil maliyyə vasitəçilərinin cəlb edilməsini, proseslə bağlı informasiya təminatının təşkili və özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılmasına ayrılan vəsaiti, özəlləşdirmə prosesində şəffaflığı təmin etmək məqsədilə xüsusi komissiyanın yaradılmasını, əmlakın qiymətləndirilməsində beynəlxalq praktikada qəbul olunuş üsullardan istifadəni, xarici investorların özəlləşdirmə prosesində çeklə istifadə üçün opsionla yanaşı onların Azərbaycan Respublikası ərazisində əldə etdikləri xalis mənfəət hesabına opsion təqdim etmədən iştirakını və s. aid etmək olar.

(davamı var)

 

Xəbər xətti