Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avstraliyada qeyd olunub

20:38 - 24 May 2018 - Xəbər

Kanberra şəhərində Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin təşkilatçılığı və ölkəmizin Avstraliyadakı Fəxri Konsulluğunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib.  Ucnoqta.az xəbər verir ki, səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, işgüzar dairələrin nümayəndələri, Avstraliya Milli Universiteti nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzlərinin rəhbərləri, Kanberrada akkreditə olunmuş diplomatik missiyaların başçıları və əməkdaşları və bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da daxil olmaqla 250 nəfərə yaxın qonaq iştirak edib. Azərbaycanın və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə əsas qonaq qismində iştirak edən Xarici İşlər və Ticarət Departamentinin protokol xidmətinin rəhbəri xanım Lindal Saks Avstraliya hökuməti adından Azərbaycan Prezidentini və xalqını bayram münasibətilə təbrik edib. Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə tədbirdə çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. O, Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində mühüm hadisə olduğunu deyib. Diplomat Cümhuriyyət dövründə əldə edilən çoxsaylı uğur və nailiyyətlərdən bəhs edib, o cümlədən Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu və 1919-cu ildə Azərbaycanın ilk universitetinin təsis olunduğunu vurğulayıb. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda, habelə müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rol barədə qonaqlara məlumat verib. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyini qeyd edən E.Həbibzadə müstəqilliyin ilk illərində ölkəmizin iqtisadi böhran, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bir sıra digər səbəblərlə əlaqədar böyük çətinliklərlə üzləşdiyini bildirib. Lakin buna baxmayaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qətiyyətli addımları və həyata keçirdiyi düşünülmüş siyasət sayəsində həmin çətinliklər uğurla aradan qaldırılıb və ölkəmiz davamlı inkişaf yoluna qədəm qoyub. Azərbaycanlı diplomat ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hazırda Prezident İlham Əliyevtərəfindən uğurla davam etdirildiyini vurğulayıb. E.Həbibzadə müasir Azərbaycanın multikulturalizm dəyərlərinə söykənən dünyəvi dövlət olduğunu söyləyib. Azərbaycan-Avstraliya əlaqələrinə toxunan diplomat ölkəmizin Avstraliya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, Avstraliyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayaraq, Avstraliya tərəfinə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə verilən ardıcıl dəstəyə görə təşəkkürünü ifadə edib. Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva son illər ərzində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edib. O, Azərbaycan-Avstraliya əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlığın vacib rol oynadığını vurğulayıb. Eyni zamanda o, son dövrlərdə iqtisadi-ticarət sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atıldığını, o cümlədən 2017-ci ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət geniştərkibli nümayəndə heyətinin Azərbaycana səfər etdiyini diqqətə çatdırıb. Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli ötən illər ərzində Avstraliya parlamenti nümayəndə heyətinin tərkibində ölkəmizə həyata keçirdiyi səfərlə bağlı xatirələrini bölüşüb. O, həmin səfərlər zamanı Azərbaycanın son illərdə əldə etdiyi böyük iqtisadi nailiyyətlərinin canlı şahidi olduğunu deyib. Tədbir zamanı Azərbaycanın Əməkdar Artisti Sevinc Hüseynli ölkəmizin milli rəqslərini ifa edib. Ziyafət zamanı Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən, Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı videoçarxlar nümayiş etdirilib, iştirakçılara müxtəlif məlumat nəşrləri paylanılıb. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub.

Xəbər xətti