DGK sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib

14:55 - 24 May 2018 - Xəbər

Dövlət Gömrük Komitəsi ötən gün sosial şəbəkələrdə gömrük orqanlarının və əməkdaşlarının ünvanına ittihamların əks olunduğu video ilə bağlı açıqlama yayıb.

Ucnoqta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ötən gün sosial şəbəkələrdə gömrük orqanlarının və əməkdaşlarının ünvanına əsassız ittihamların əks olunduğu video yayılıb.
"Videoda Azərbaycan vətəndaşı olan şəxs İrandan gətirdiyi və iddiaya görə, əsasən ərzaq məhsullarından ibarət yükün gömrükdən əsassız şəkildə buraxılmamasından şikayət edərək buna gömrük əməkdaşlarının və gömrük orqanlarının qanunsuz əməlləri kimi don geyindirməyə çalışır.
Dövlət Gömrük Komitəsi bildirir ki, fiziki şəxslər tərəfindən ölkə ərazisinə güzəştli qaydada gətirilən ərzaq məhsullarının miqdarı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyən olunub. Həmin qərara əsasən, fiziki şəxslər hər təqvim ayı ərzində 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını güzəştli qaydada, yəni gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə bilərlər", - deyə məlumatda vurğulanıb.

Komitədən bildirilib ki, videoda gömrük orqanlarının və gömrük əməkdaşlarının ünvanına əsassız ittihamlar irəli sürən Astara rayon sakini Faiq Cəfərzadə 4, 12, 18 və 20 aprel tarixlərində, ümumilikdə 1 ayda 4 dəfə, 2,14,16,17 və 22 may tarixlərində isə ümumilikdə 5 dəfə İrana səyahət edib və dəfələrlə xəbərdarlıq edilməsinə, müvafiq izahat və təbliğat işləri aparılmasına baxmayaraq, hər dəfə geri dönərkən özü ilə qanunda nəzərdə tutulandan artıq miqdarda ərzaq məhsullarını gömrük sərhədindən keçirməyə cəhd göstərib. Üstəlik, bu cəhdlər zamanı hər dəfə ona gömrük qanunvericiliyinin tələblərini izah edən gömrük əməkdaşlarını müxtəlif ifadələrlə ittiham və təhqir edib.
"Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları və xarici ölkələrə səyahət edən şəxsləri gömrük qanunvericiliyinin tələblərinə əməl etməyə, ölkənin iqtisadi təhlükəsizliyini təmin edən gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumat yayarkən diqqətli, qərəzsiz və qanunun aliliyinə hörmət etməyə çağırır", - deyə məlumatda vurğulanıb.

Xəbər xətti