“60 yaşım olsa da, mənə fəxri ad verilməyib”

18:47 - 24 May 2018 - Müsahibə

Allahverdi Yolçuyev“Daim intriqalardan uzaq olmuşam, heç kəslə işim olmayıb”

“Həyat yoldaşım xalam qızıdır. Bakıya köçəndən sonra xalam qızı ilə məktublaşırdım. İlk dəfə bu? dostluq hissləri ilə olub, lakin müəyyən müddət keçəndən sonra məhəbbətə, sevgiyə çevrilib. Hərbi xidmətdən qayıtdıqdan sonra, haradasa 23 yaşımda ailə həyatı qurdum. Mənə arxa-dayaq olan, məni başa düşən həyat yoldaşımdır. Mən də onu başa düşürəm. Həyat yoldaşımla heç zaman dalaşmamışıq, heç vaxt evdən səsimiz çıxmayıb” - bu sözləri bizimlə söhbətində “Keçmişimdə” rubrikasının qonağı, hər birimizin uşaq vaxtından “Ovçu Pirim” kimi tanıdığı və çox sevdiyi tanınmış aktyor Allahverdi Yolçuyevdir. Həmin söhbətdən alınan maraqlı müsahibəni sizlər üçün təqdim edirik.

“Mənə deyirdilər ki, artist olacaqsan” 

Allahverdi Yolçuyev Bayram oğlu 1958-ci il avqust ayının 20-də Qərbi Azərbaycanda müəllim ailəsində dünyaya göz açıb, uşaqlıq illəri də elə orada keçib: “O cür gözəl yerləri, əsli türk torpaqları olan Cəlaloğlu, Gümrü, Zəngəzur, İrəvan xanlığı kimi yerləri ermənilər zəbt etdilər. Orda yaşadığımız dövrdə nadir insanların evində televizor olardı, yaxud teatra gedərdi. Amma məndə qəribə bir həvəs var idi. Uşaq vaxtından üzümə kömür çəkirdim, his yaxırdım. Mənə deyirdilər ki, sən artist olacaqsan. Bəzən isə mənə molla deyə müraciət edirdilər. 1969-cu ildə ailəmlə birlikdə Bakıya köçmüşük. Bundan sonra Yuri Qaqarin adına Pioner və Məktəblilər Sarayı var idi, ora dram dərnəyinə gedirdim. Əslində, səsim də var idi, amma mənə dedilər ki, səndən yaxşı aktyor olar. Həmin vaxt 6-7-ci siniflərdə oxuyurdum. İndiki Binəqədi rayonunda 115 saylı məktəbə getmişəm”.

“Yamaqlı şalvar da, “sapox”da geyinmişəm” 

A.Yolçuyev deyir ki, uşaqlıq illəri normal keçib, kasıblıqdan heç vaxt utanmayıb: “Valideynlərim ehtiyac içində yaşamayıb, atam müəllim olub, anam isə evdar qadın. Məndən böyük iki qardaşım, bir bacım var. Yamaqlı şalvar da, “sapox” da geyinmişəm. Lobya supu yediyim gün də olub, kabab yediyim gün də. İnsan yeməyi, geyinməyi ilə öyünə bilməz. İnsan qabiliyyəti, səxavəti, insanlığı, səmimiyyəti ilə öyünə bilər. Bu cür xüsusiyyətləri uşaqlara və gənc nəsilə aşılamaq lazımdır. İnsan maddi yox, mənəvi dünyaya üstünlük versə, yaxşı olar. Daim intriqalardan uzaq olmuşam, heç kəslə işim olmayıb. Ona görə də mənə sənətdə “sümüksüz balıq”  adını veriblər. Tələbə olan zaman müəllimlərim, mən müəllim olanda isə tələbələrim məndən razı qalıblar. Çətinliklərimiz həmişə olub. Orta məktəbdə oxuyanda gördüm ki, atam xərclərimizi çatdırmır, məni qonşuya borc pul almağa göndərirdi. O biri qonşumuz erməni qadın isə həyətində göyərti bitmədiyi halda, bazarda onunla alver edirdi. Ondan soruşanda dedi ki, axşam bazardan ucuz alıram, səhərisi gün isə aparıb baha satıram. Atam hər səhər mənə bulka, kakao almağa görə 20 qəpik xərclik verirdi. O qəpikləri yığıb bazardan göy alıb satmağa başladım. Bu sirri isə ancaq anama dedim, atamın bundan xəbəri yox idi. Bundan sonra evimizdə pul problemi olmadığından atam məni qonşuya borc pul dalınca göndərmədi. 6-cı sinifdən bu günə kimi əziyyət və zəhmət çəkmişəm və bundan da ləzzət almışam. Gənc yaşlarımdan toylara, məclislərə aparıcı, tamada kimi getmişəm, gedirəm və gedəcəm də”. 

“Böyük sənətkarlarla bir kollektivdə çalışmışam”

Müsahibimiz məktəbi bitirdikdən sonra Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti) kino və dram aktyorluğu fakültəsinə, böyük dahi sənətkar, SSRİ xalq artisti Adil İsgəndərovun kursuna daxil olub: “İnstitutda oxuduğum illərdə Sankt-Peterburqda keçirilən bədii qiraətçilərin beynəlxalq müsabiqəsinin diplomantı olmuşam. Daha sonra iki il ərzində Azərbaycan radiosunda “Tələbəlik illəri və gənclik” proqramının aparıcısı kimi fəaliyyət göstərmişəm. İnstitutu bitirdikdən sonra təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrına getmişəm. Və orada irili-xırdalı bir neçə əsərlərdə oynamışam. Daha sonra Almaniyaya hərbi xidmətə yollanmışam. Qayıtdıqdan sonra yenə Sumqayıt teatrında fəaliyyətimi davam etdirmişəm. Burada müəyyən vaxt işləyəndən sonra, ölkəmizin bir çox rayonlarında Afaq Bəşirqızı, Valeh Kərimov və bir çox aktyorlarla birlikdə tamaşalarda oynamışam. Oradan da keçmiş Şıxəli Qurbanov adına Musiqili Komediya teatrına qəbul olmuşam. İncəsənət İnstitutunun səhnə danışığı kafedrasında müəllim işləmişəm. Sonra yenə Musiqili Komediya teatrına qayıtmışam. Azərbaycan Dövlət Konsert birliyində aparıcı işləmiş, böyük sənətkarlarla bir kollektivdə çalışmışam”.

“Ac qaldığımız günlər də olub...”

Tələbəlik illərinin maraqlı keçdiyini deyən müsahibimiz bildirdi ki, tələbə yoldaşları ilə indinin özündə də görüşür, söhbətləşirlər: “O dövrün tələbəliyi tamam başqa idi. Müəllimlərin arxasınca qaçırdıq ki, bizə bir də məsləhət ver, izah et. Amma indiki tələbələr hamısı müəllimdən qaçır. Yediyimiz günlər də olub, ac qaldığımız günlər də olub. Amma sənəti sevmişik, çünki bizə dahilər dərs keçib. O dahilərin yanında nə isə dinmək, danışmaq bizə yaraşmazdı. Tələbəlik illəri bizim sənətimizin laboratoriyasıdır. Müəllimlərimiz bizdə komik, faciəli rolları yoxlayırdılar. Məni hər kəs komediya aktyoru kimi tanıyır, amma əslində elə deyil. Aktyor üçün ampula olmamalıdır. Aktyor bütün rolları oynamağı bacarmalıdır. Çünki dünyanın bütün aktyorları bu yolla gedirlər”.

“60 yaşım olsa da, bu günə kimi mənə fəxri ad verilməyib”

A.Yolçuyev bildirdi ki, illər ərzində radioda 30-a yaxın radiotamaşası olub: “Azərbaycan televiziyasında “Lay-lay”, “Göydən üç alma düşdü”, “Dünya dədənin dedikləri”  və “Ovçu Pirim” berlişlərinin aparıçısı olmuşam. “Ovçu Pirim” uşaqların sevimli qəhrəmanı olub. Bu dövr qurtarandan sonra Bakı Satira teatrı yarandı, orada da bir neçə tamaşada oynadım. Hazırda heç bir yerdə çalışmıram, sadəcə dublyaj fəaliyyəti ilə məşğulam, indiyə qədər minlərlə saysız-hesabsız sənədli filmlər, cizgi filmləri, bədii filmlər, seriallar səsləndirmişəm. “Xoca”, “Qaz”, “Dələduzlar”, “Ağabəyovlar”, “Göyçək Fatma” və s. filmlərinə və son dövrlərdə kommersiya filmlərinə də çəkilmişəm. Hazırda 60 yaşım var və 42 ildir sənətdəyəm, amma təəssüf ki, bu günə kimi mənə fəxri ad verilməyib. Xalqın mənə olan məhəbbəti, sevgisi, məni görən zaman çöhrələrinə təbəssümün gəlməsi, xoşrəftar etmələri bir addır. Amma dövlət tərəfindən də fəxri ad olmalıdır, bu bir stimuldur. Gənc Tamaşaçılar Teatrının rəhbəri, tələbə yoldaşım Mübariz Həmidov sağ olsun, avqust ayının 20-də 60 illiyim münasibətilə, Nicat Kazımovun quruluşunda 60 illiyimə görə türk yazıçısı Əziz Nesinin “Öldür məni caniko” üç nəfərlik böyük bir tamaşa hazırlanır. Tamaşada mən, Naibə Allahverdiyeva və Qəmər Məmmədova oynayacaq”.

“Dedim yox, teatr məni gözləyir” 

Deyir ki, hərbi xidməti Almaniyada olub, ora gedən kimi incəsənətə bağlılığına göğrə, onu kitabxanaya, kluba keçiriblər: “Komandirlər mənə yalvardı ki, qal sənə burada rütbə də verəcəyik. Dedim yox, teatr məni gözləyir, teatrın tozu olmasa yaşaya bilmərəm. Oradakılar mənə dedilər ki, biz neçə illərdir çalışırıq ki, millətlər arasında mehribanlıq olsun. Siz onu bir ilə bacardınız. Çeçen, erməni, rus və s. hamısı sənin ansamblında var, hamısı bir-birinə can deyib can eşidirlər”.

“Qazaxda ermənilər bizi atəşə tutublar” 

İnsan ömrünün hər gününün bir xatirə olduğunu deyən A.Yolçuyev bildirdi ki, hər yerdə başına macəralar gəlib: “Bir dəfə elə olub ki, konsertimiz alınmayıb deyə çöldə qalmışıq. Pendir-çörəklə bir neçə gün yaşamışıq, dost-tanış tapmışıq, birtəhər bizi yola salıblar. Elə olub ki, yol gedəndə deyiblər ki, 200 kilometrlik yoldur, amma sonra görmüşük ki, onun qabağında 1 rəqəmi də var imiş, yəni 1200 km imiş. Soyuqda, qışda ölə-ölə getmişik (gülür). Müharibə başlayan dövrdə Tərtərə getmişdik. Ora daxil olan kimi bir qrad gəlib düşdü və partladı. Onda qorxu keçirmişdik, insanlar vahimədə idi. Cəbhə bölgələrində olmuşuq, əsgərlərin qarşısında çıxış etmişik. Qazaxda ermənilər bizi atəşə tutublar. Xatirələr çoxdur...”.

“Xalam qızı ilə məktublaşırdım”

Xalası qızı ilə ailə həyatı quran müsahibimiz deyir ki, hazırda 4 qız övladları var: “Həyat yoldaşım xalam qızıdır. Bakıya köçəndən sonra xalam qızı ilə məktublaşırdım. İlk dəfə dostluq hissləri ilə olub, lakin müəyyən müddət keçəndən sonra bu məhəbbətə, sevgiyə çevrilib. Hərbi xidmətdən qayıtdıqdan sonra, haradasa 23 yaşımda ailə həyatı qurdum. Mənə arxa-dayaq olan, məni başa düşən həyat yoldaşımdır. Mən də onu başa düşürəm. Həyat yoldaşımla heç zaman dalaşmamışıq, heç vaxt evdən səsimiz çıxmayıb. 4 qızım, 5 nəvəm var. İkisi ailə həyatı qurub, ikisi isə evdədir. Hamısı başıma pərvanə kimi dolanırlar, başda da həyat yoldaşım olmaqla. Öz ailəmi çox sevirəm. Atamı, anamı böyük qardaşımı itirmişəm. Zaman keçdikcə biz də bu dünyadan köçəcəyik”.

Könül Əhmədova


Xəbər xətti