Əlvida, cənub şəhəri...

13:48 - 24 May 2018 - Mədəniyyət

(Fuad Poladovun 70 illik yubileyi üçün on epizod)

Birinci epizod: Ilk tanışlıq


Teatr və kinoya marağım elə o gündən başladı demək olar ki. Valideynlərimlə ilk dəfə Azdramaya getdim. Bəxtiyar Vahabzadənin Nəsimiyə həsr etdiyi “Fəryad” pyesinə baxdım. Bir çoxlarının indiyədək səhnədə canlı görmək istədiyi, amma görə bilmədiyi aktyorları 10-11 yaşlı Anar ilk dəfə gördü və tamaşaçı olaraq sehrə düşdü. “Sehrbaz”ların arasında Fuad Poladov da var idi. Daha sonralar səhnədə “Kərgədan buynuzu”, “Torpağa sancılan qılınc”tamaşalarında “görüşdük”.

Ikinci epizod: Kantın Transendental fəlsəfəsi

O vaxtlar “Alov” televiziya tamaşasını tez-tez verirdilər. Əsas rollardan birini ifa edirdi. Düzünü deyim ki, elə o tamaşada ən sevdiyim rolu o oynayıb. Düşünürdüm ki, mənfi rol necə bu qədər sevilə bilər. Görünür, belə rolları sevdirən aktyorlar da varmış. Tamaşanın möhürünü elə Əmin Bəxtiyarovun tez-tez işlətdiyi “Alman filosofu İmmanuil Kantın transendental fəlsəfəsinə görə...” ifadəsi vurmuşdu mənə görə. Həm də onu sevdirmişdi bizə. “Atayevlər ailəsi” tamaşasındakı Ziyad Şahsuvarov rolu da bu qəbildəndi...

Üçüncü epizod: “Təhminə və Zaur”

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı o dövrdə o qədər səs-küy yaratdı, yaxşı mənada “aləmi o qədər qatdı” ki, Anar roman əsasında pyes yazdı. Azdramada səhnəyə qoyuldu. Və eşitdiyimə görə, tamaşa da roman qədər geniş ajiotaj yaratmışdı. Bir neçə dəfə TV-də də vermişdilər. Sonradan Anar demişdi ki, indiyədək gördüyüm ən yaxşı Təhminə Amaliya Pənahova, ən yaxşı Zaur Fuad Poladovdu...

Dördüncü epizod: Dostuna son borcu

Hamlet Xanızadə ilə möhkəm dost olublar. Başlarına maraqlı, qeyri-adi hadisələr də gəlib. Hamlet Xanızadə “Qətl günü” filmi tam başa çatmamış vəfat etdiyinə görə onun rolunu səsləndirməyi məhz dostu Fuad Poladova təklif edib Gülbəniz Əzimzadə. Elə özü də bir dəfə demişdi ki, “bu iş mənimçün çətin olsa da, öhdəsindən gəlməyə çalışırdım, çünki dostuma son borcumu vermək istəyirdim”. Beləliklə, Hamlet Xanızadə filmdə öz sadiq dostunun səsi ilə “danışdı”: “Xudaya, bəs bu dünyanın yaşıl yarpaqları hanı? Vaxtsız əcəl niyə məni son məqamımda yaşıl yarpaqlara həsrət qoydu?”.

Beşinci epizod: Olum, ya ölüm... 

Uzun illərdən sonra Azdramaya məhz məşhur Hamlet rolu ilə gəldi. 2002-ci ildə. Təbii ki baxmışdım və 4 saatlıq tamaşanın yükü, ağırlığı uzun müddət məni tərk etməmişdi. Səhnədə nələrin baş verdiyini ifadə etmək çətindi... 
Tamaşanın premyerasına rəhmətlik Heydər Əliyev də baxmışdı və demişdi: “Fuad Poladovu mən 1970-ci illərdən yaxşı tanıyıram. Elə bu səhnədə çox gözəl rollar ifa edirdi. Çox məmnunam ki, yenə də bu səhnədədir və deyə bilərəm ki, bu rolu çox məharətlə oynadı. Fuad, mən səni təbrik edirəm. Çünki, bu dörd saatın, demək olar ki, xeyli hissəsini Hamletin monoloqları, danışıqları təşkil edir. Şekspir əsəri belə yaradıb, başqa cür etmək olmaz. Ancaq kim bu rolu ifa etmək istəyirsə, bu ağırlıq onun üzərinə düşür. Kim bu ağırlığı necə daşıyırsa, o, başqa məsələdir, bu fərqlidir. Mən hesab edirəm ki, bu gün Fuad Poladov Azərbaycan teatrında Hamlet rolunu çox məharətlə ifa etdi. Yenə də deyirəm, mən səni təbrik edirəm. Güman edirəm ki, gələcəkdə də klassik əsərlərdə belə rolları ifa etməkdə davam edəcəksən. Bu, çox faydalıdır, cəmiyyət üçün faydalıdır. Hər bir rolu ifa etməyin çətinliyi var. Amma belə rolu ifa etmək, təbiidir ki, aktyordan böyük istedad, məharət, bilik tələb edir. Çünki ifa etdiyin surətin daxili aləmini dərk edə bilməsən, əsərin fəlsəfəsini duya bilməsən, əlbəttə ki, bu rolu oynamaq mümkün deyildir. Bunların hamısını biz bu gün gördük”. 
Sonralar isə “Şah Qacar” oldu, “Boy çiçəyi”ndə Həsənzadəni oynadı...

Altinci epizod: “Küçələrə su səpmişəm” 

Ən sevdiyim filmidi. Rasim Balayevlə olduqca uğurlu tandem təşkil ediblər. Törətmədiyi cinayəti boynuna götürməyə məcbur olan insanın yaşantılarını anbaan bizə təqdim edə bilib. Filmin sonunda eyniadlı mahnını rəqs etməyi ayrıca bir filmdi...

Yeddinci epizod: “Mən burdayam, ilahi...”

O vaxt Orxan Fikrətoğlunun apardığı verilişin qonağı olmuşdu. “Allahın hüzurunda olsaydınız, nə deyərdiniz?” sualına belə cavab vermişdi: “Mən burdayam, İlahi”. Yeri gəlmişkən, bu misraların müəllifi Vaqif Səmədoğlu bir dəfə demişdi ki, “indi bir adamın həm əsl sənətkar, həm də əsl şəxsiyyət olması çətindir. Sənətkar olsa da, şəxsiyyətini itiənlər çoxdu. Məndən soruşsanız ki, iki cəhəti birlikdə qoruyan adam varmı, deyərəm var: Fuad Poladov”. Elə hamımız belə fikirləşirik, şair...

Səkkizinci epizod: Təəssüfləndiyim məqam

Bir neçə dəfə şəhərin ayrı-ayrı yerlərində yaxından görmüşdüm. Hətta bir addımlığımdan keçmişdi. Bilmirəm həyacandanmı, ya onun zəhmi məni basdığındanmı heç vaxt yaxınlaşıb nə salam verə, nə hal-əhvalını soruşa, nə də bir-iki sual verə bilmişdim. Dəyərləndirmək lazım idi. Təəssüflənirəm. Hətta bilsəydim ki, sonuncu tamaşasıdı, daha heç vaxt səhnədə görməyəcəm, “Müsyö İbrahim və Quran çiçəyi” tamaşasından sonra yaxınlaşıb nəsə deyərdim...

Doqquzuncu epizod: “Dərd də azar kimi gələndə...” 

Bir gün xəbər yayıldı ki, aktyor ağır xəstəliyə düçar olub. Dərdi və azarı ilə əlləşir. Amma heç kimdən heç nə ummadı. Qüruru və layəqəti imkan vermədi. Hətta bir imkanlı dostu onun müalicəsini boynuna da götürmüşdü – dünyanın məşhur klinikalarında. “Yox” demişdi. Xəstəliksə öz işini görürdü.

Axırıncı epizod: “Axırıncı dayanacaq”

Və mayın 5-də Fuad Poladovu itirdik. Cismən itirdik. Əlvida dedik. Bu itkini qəbul edə bilməsək də. Əslində yaxınlar və doğmalarından savayı, elə adamlar var ki, itkisi çox ağır gəlir. Mənə görə Fuad Poladov da belələrindəndir.
Həyat yoldaşı Gülüstan xanım müsahibəsində qeyd edib ki, “Fuad dedi məzar daşında şəklim olmasın. Bilmirəm niyə, amma istəmədi”. Onun məzar daşında şəklinə doğrudan da ehtiyac yoxdur deyə düşünürəm. Elə adını oxumaq kifayətdi ki, o məzarda kimin əbədi uyuduğunu biləsən. Alqışlayasan, təzim edəsən: Respublikanın xalq artisti Fuad Poladov! Həm də sözün əsl mənasında xalqın artisti!

Anar HƏSƏNLİ

 

Xəbər xətti