Böyük Şor stansiyasının ərazisində əl qumbarası tapılıb

19:02 - 22 May 2018 - Xəbər

Bakının Nizami rayonundakı Böyük Şor stansiyasının ərazisində əl qumbarası tapılıb. Ucnoqta.az xəbər verir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 15:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nizami rayonu ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sabunçu Xətt Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyi, Nəqliyyatda Baş Polis İdarəsinin Sabunçu Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş rayonda Böyük Şor stansiyasının ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş əl qumbarasının ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Xəbər xətti