Ana səhifə
17 Oktyabr 2018

“Psixoanalitik olduğumu öyrənən insanlar, mənim dəlilərlə işlədiyimi düşünürlər”

Jean-Luc Vannier: “Hər addımda, hər qarşılaşdığım mənzərədə ölkənizin sürətli inkişafda olduğunu rahatlıqla müşahidə edə bilirəm”

Fransız psixoanalitiki Jean-Luc Vannier ilə müsahibə

Jean-Luc Vannier Fransız psixoanalitikidir. Klinisist və professor assistenti (Nice də yerləşən Côte d'Azur Universiteti) kimi çalışır. O həmçinin, EDHEC Business School və IPAG Business School-da psixologiya və psixoanaliz üzrə dərs deyir. Sorbonna Universitetinin məzunudur. Beyruta (Livana) köçməmişdən əvvəl o Parisdə Freyd psixoanalitikası ilə məşğul olmuşdur. Beyrutda uzun illər Beyrut Psixiatriya Xəstəxanasında və şəhər uşaq klinikasında rəhbərlik və təlimlər həyata keçirmişdir. Fransız-Livan Psixoanalitiklər Assosasiyasının üzvüdür, müntəzəm olaraq Fransa icmalları üçün məqalələr yazır .

- Bir fransız elm adamının gözü ilə Bakı necə bir şəhərdir?
- Əvvəlcə belə bir müsahibəni təşkil etdiyiniz və belə bir müsahibəni məndən aldığınız üçün təşəkkür edirəm. Bakını tək fransız elm adamının gözü ilə deyil, ümumiyyətlə yeni mədəniyyətlərə, yeni insanları tanımağa, yeni şəhərləri kəşf etməyə marağı olan bir insanın gözü ilə qiymətləndirməyə və öz müşahidələrimi sizinlə bölüşməyə çalışacağam. Tam səmimi deyirəm ki, sözün yaxşı mənasında Bakını və azərbaycanlıları belə gözləmirdim. Hər addımda, hər qarşılaşdığım mənzərədə ölkənizi sürətli inkişafda olduğunu rahatlıqla müşahidə edə bilirəm. Hətta, insanların sıxlıq yaratdığı küçələr belə, avtomobil tıxacları belə bu şəhərin daimi inkişaf dinamikasında olduğunu hiss etdirir. Hər tərəfdə köhnə binaların təmiri və yeni tikintilərin olması xüsusilə xoşuma gəldi.

- Bakıda neçə gün qaldınız və gəzmək imkanınız oldumu?
- Bakıda olmağımın 6-cı günüdür. Cənab Fariz Səmədov tərəfindən təşkil olunmuş psixoanalizlə bağlı beynəlxalq konfransa dəvət olunmuşdum. Həmçinin “Gənc Psixoloqlar” birliyinin sədri, cənab Orxan Oruczadə tərəfindən gənc psixoloqlarla görüşə dəvət edilmişdim. Həmçinin, Maştağada yerləşən 1 saylı Respublika Psixiatrik xəstəxanası və şəhər mərkəzinə yaxın yerləşən özəl xəstəxanaların biri ilə tanış olmaq imkanım oldu. Proqram bir az intensiv idi, lakin bir psixoanalitik kimi daimi müşahidələr aparmaq vərdişim də var. Deyə bilmərəm ki, şəhərlə tamamilə tanış olmuşam, deyə bilmərəm ki, mədəniyyətinizlə tam yaxından tanış olmuşam. Amma psixoanalitik olmağım kömək edir, hər saniyə apardığım müşahidələrim əsasında şəhəriniz, insanlarınız və mədəniyyətiniz haqqında ümumi bir təəssüratım olur.

- Bəs bir psixoanalitik gözü ilə Bakını, azərbaycanlıları və mədəniyyətimizi necə qiymətləndirirsiniz? 
- Maraqlı sualdır. Bəzən peşəmiz məcbur edir ki, müşahidələrimizi tamamilə başqa yöndən quraq və şəhərin adi gözlə görünə bilməyən cəhətlərini görə bilək. Bakıda qonşu ölkələrin, yəni Rusiya və İranın cüzi tarixi təsirlərinin fonunda öz kimliyinə, mədəniyyətinə, tarixinə, milli dəyərlərinə sadiqlik və inkişaf dinamikasını bu dəyərlər üzərində qurmaq istəyini açıq aşkar müşahidə etmək mümkündür. Boş vaxtlarımın birində əyləşdiyim kafedə iki həvəskar musiqiçinin Azərbaycan muğamı ilə caz musiqisini sintezini necə həvəslə ifa etdiklərini gördüm. Bu mənim üçün sizin gənclərin öz dəyərlərinizi qoruyub saxlamaqla müasir dövrdə inkişafa olan meylini simvolizə etdi.

- Əvvəl qeyd etdiyiniz kimi,  Bakıda psixologiya elmi və psixoloji xidmətlə tanış olmaq imkanınız oldu. Bu sahənin vəziyyətini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, bu sahə də, ölkədəki digər sahələr kimi inkişaf etməkdədir. Xüsusilə, gənc psixoloqlarla görüşdə, onların yeni biliyə necə həvəslə yanaşdıqlarını hiss etdim. Təsəvvür edirsinizmi, həftənin bazar günü axşam saatlarında mənimlə təşkil olunmuş görüşə 30-a yaxın gənc gəlmişdi. Bu mənim üçün böyük bir göstərici idi. İstirahət günü olmasına baxmayaraq 2 saat yorulmadan məni dinlədilər, maraqlı suallar verdilər. Əminəm ki, yaxın gələcəkdə bu sahədə də ciddi uğurlarınız olacaq.

- Psixoanaliz elmi ilə məşğulsunuz, bilmək istərdik necə fikirləşirsiniz, bu sahənin yaradıcısı olan Freyddən bu günə qədər bu sahədə  nələr dəyişib. Psixoanalitik baxışdan baxsaq müasir texnoloji inkişafın insanların psixikasına hansı təsirləri olur?
- Bu sual bütün psixoanalitiklər tərəfindən düşünülən və konfranslarda müzakirə olunan suallardan biridir. Şəxsən mənim baxışıma görə müasir texnoloji inkişaf öz mənfi və müsbət təsirlərini göstərir. Bir çox kolleqalarım da, mən də düşünürük ki, bəzən psixoanalizdən kommersiya məqsədi ilə istifadə olunması heç da doğru istiqamət deyil. Sözsüz ki, psixoanaliz elmi müasir inkişafa göz yumub, ilkin təməlləri üzərində də qala bilməz. Məsələn, Bakıda bu gün, maraqlı bir yer çıxdı qarşıma, üzərinə virtual səyahət yazılmışdı. Diqqətimi çəkdiyi üçün, içəri daxil oldum və bir qədər ətraflı tanış oldum. İnsanlar gözlərinə geydikləri xüsusi avadanlıqla başqa bir aləmə virtual səyahət edirdilər. Bu səyahət həm qorxu, həm sevinc, həm stress, həm xoşbəxtlik hissləri yarada bilir. Amma bunların heç biri təbii yolla baş vermir. Freyddən bu günə dəyişən məqamlar da məhz bu cür məqamlardır. İnsanlar virtual hissləri getdikcə özləri üçün adiləşdirirlər və bu özlüyündə dərin psixoloji bir prosesdir. Bu dünyanın hər yerində belədir. Mən gənclərlə, yeniyetmələrlə işləyirəm. Freydin baxışı ilə baxsaq, insanların daxili yaradıcı enerjiləri (libido) müasir inkişafa səbəb oldu. Ancaq, müasir gənclər öz yaradıcı enerjilərindən səbrlə istifadə etməyi bacarmırlar. Hər şeyi dərhal əldə etmək istəyirlər. Yeni smartfonlar, yeni avtomobillər, yeni paltarlar - müasir insanların bu ehtirası çox sürətli və səbrsizdir.

- Azərbaycanda son zamanlar psixoloqlara müraciət və psixoloji xidmət almaq istəyi çoxalıb. Sizcə bu nə ilə bağlıdır? İnsanların stress vəziyyətimi çoxalır, yoxsa psixoloji xidmət insanlara daha çox təklif olunur? Necə izah etmək olar bunu?
- Düşünürəm ki, bütün cəmiyyətlərdə təxminən eyni cür cərəyan edir. İnsanlar getdikcə öz emosiyalarını, hiss və düşüncələrini öz doğmaları ilə bölüşməkdən çəkinirlər. Dinamik həyat tərzi hər kəsi öz problemləri ilə baş başa buraxır. Bu isə insanların getdikcə öz doğmaları ilə dərdlərini, düşüncələrini bölüşmək vərdişini itirməsinə səbəb olur. Belə halda isə, peşəkarlara ehtiyac yaranır. Eyni zamanda, peşəkarlar, yəni psixoloqlar, psixoanalitiklər, insanların düşüncələrini, davranışlarını öz baxış bucağı ilə tənqid etmir, nəyi düzgün, nəyi səhv etdiyini söyləmir, ona görə də insanlar onları tam şəkildə, duyğu və düşüncələrinə hörmətlə yanaşacaq tərzdə dinləyən insanlara üstünlük verməyə başlayır.

- Psixoloji xidmət Azərbaycanda yeni sahə olduğu üçün, bəzən insanlar ehtiyacları olsa belə, psixoloji xidmət almaqdan çəkinirlər. Psixoloji xidmət almağı özlərinə ayıb hesab edirlər. Sizcə bu proses nə qədər davam edəcək? Psixoloji xidmətdən yararlanmağın cəmiyyətdə bir mədəniyyətə çevrilməsi nə qədər müddət tələb edir?
- Bilirsiniz, bu tək Bakıda belə deyil, hətta Fransada mənim yaşadığım şəhərdə belə, psixoanalitik olduğumu öyrənən insanlar, mənim dəlilərlə işlədiyimi düşünür və bəzən bunu xüsusi istehza ilə ifadə edirlər. Bu hər yerdə belədir və bu insanların önyarqılı davranmasının ən bariz nümunəsidir. Bu həm də bir müdafiə mexanizmidir. Kiməsə dəli deməklə, insan əslində özünün dəli olmadığını göstərmək istəyir. İnsanlar var ki, nevrozdan əziyyət çəkə-çəkə yaşayırlar, işləyirlər, ailə qururlar, valideyn olurlar və dünyadan köçürlər. Amma heç vaxt psixoloji xidmətdən faydalanmağı özlərinə yaraşdırmırlar. Bu da özünün psixi sağlam olduğunu sübut etmək ehtirasından irəli gəlir. Bu sadə psixoloji mexanizm dünyanın hər yerində təxminən eyni cür baş verir. Fransada, kimsə əlində bıçaqla sakit bir şəkildə gəzsə, ən pis halda onun hansısa psixoloji çətinliyi olduğunu düşünəcək, amma eyni adam bircə dəfə “Allahu-əkbər” kəlməsini dilinə gətirsə dərhal hamı onun terrorçu olduğunu düşünəcək. Bu ən sadə nümunədir ki, insanlar başqalarına önyarqıları ilə, yanlış mühakimə və tələsik qiymətləndirmələri ilə yanaşırlar. Əslində, siz jurnalistlərin belə mövzuları bu şəkildə qabartmaları, insanların bu istiqamətdə maariflənməsinə ciddi təsir edə bilər.

Könül Əhmədova

Tarix
18 May 2018 [18:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin