Ana səhifə
20 Oktyabr 2018

«Bəzi tamaşaçılar teatra palçıqlı ayaqqabılarla gəlirlər» - Müsahibə

Səidə Quliyeva: «Azərbaycan serial məkanında ən yüksək qonorar alanlardan biri də mən olmuşam»

 

«Bəzi tamaşaçılar teatra palçıqlı ayaqqabılarla gəlirlər»

 

Bir çox filmlərin və tamaşaların mahir ifaçısı tanınmış xalq artisti Səidə Quliyeva “Şənbə qonağı”mızdır. İlk səhnə fəaliyyətinə Akademik Milli Dram Teatrında başlayan və bu günə qədər də davam orada işinə davam edən Səidə Quliyeva deyir ki, «bu, bir igidin ömrüdür. Xalq artisti adını almışam, mükafatlarım var. Bunlarla yanaşı filmlərə çəkilmişəm, radioda veriliş aparıram. Qızıl Fondda televiziya tamaşalarım var. Xoşbəxt sənətkaram. Bunun hamısına öz qüvvəmlə nail olmuşam. Ətrafımda yaxşı rejissorlar olub».

 

- Bu il teatrda hansı tamaşalarda oynayırsınız?

 

- Biz sənət adamları rejissordan asılıyıq. Əgər rejissor əsər götürürsə, məni orada görürsə, rol veririsə, mən də oynayıram. Qabaqcadan hansı tamaşalarda oynayacağımı bilmirəm. Kinoda da belədir. Hazırda Azərbaycan radiosunda “Bulaq” xalq yaradıcılıq verilişinin Məxluqa Sadıqovadan sonra daimi aparıcıllarından biri mən, ikincisi isə xalq artisti İlham Əsgərovdur. Hazırda mənim həftəlik verilişim budur və həm də dublyaja gedirəm. Hələlik teatrda və seriallarda deyiləm. Hazırda qaynar bir yaradıcılıq həyatı yaşamıram. Hansı ki, 37 il elə həyat yaşamışam. Bir ildir yaradıcılığımda sakitlik var. Bəlkə də bu, haradasa yaxşıdır. Mən də bir az fikirləşirəm. Amma daxili tempim mənə ziyan vurur.  Çünki Həcər kimi ömrü boyu vuruşmuşam. İndi birdən-birə atdan düşmüşəm (gülür). Eybi yoxdur. Bilirsiniz, hər rola da çəkilmək olmur. Düzdür, “Aramızda qalsın” serialından sonra mənə təklif gəlməyib. Çünki efirdə demişəm ki, az qonarara çəkilmirəm. Əgər mənə az qonorar verəcəksinizsə müraciət etməyin. Bu mesajı göndərmişəm.

 

- Dönüb yaradıcılığınıza baxanda nələri düşünürsünüz. Hansı obrazınızı həyatınıza bənzədirsiniz?

 

- Heç bir obrazımı, rolumu həyatıma oxşatmıram. Bu günə qədər canlandırdığım obrazların heç biri həyatıma bənzəməyib. Ancaq açıq deyim ki, illər boyu oynadığım rolları gözümün qabağına gətirəndə xoş təsürrat yaranır və sözün yaxşı mənasında kövrəlirəm. Kövrəlirəm ki, İlahi, sən mənə nə qədər qüvvə vermisən ki, o rolları oynamışam. Tamaşaçımın qəlbindəyəmsə özümü ikiqat xoşbəxt hiss edirəm. Canlandırdığım obrazlar rəngarəng olub. Komediya, faciə və digər müxtəlif mövzulu obrazlar canlandırmışam. 37 il işləmək zarafat deyil. Allahıma şükür edirəm ki, nə yaxşı mənə imkan, qüvvə vermisən ki, yaradıcılıqla yanaşı ailəmə, körpə uşaqlarıma, ətrafıma, qohum-əqrəbama da vaxt ayıra bilmişəm. Ona görə qüvvəmi yalnız Allahımdan istəyirəm. Məsələn, səhər bir iş təklifi almışam və ora gedirəm. Həmişə deyirəm ki, Allahım, mənə qüvvə ver, işləyə bilim və evimə, ailəmə halal ruzi aparım. Hər zaman halal ruzi üçün çalışmışam. Mənim övladım, həyat yoldaşım da həmçinin elədir. Ümumiyyətlə bizim ailəmizə heç vaxt haram pul gəlməyib. Buna görə fəxr edirəm ki, sevinirəm. Ona görə də geri dönüb baxanda oynadığm rollar, keçirdiyim həyat yaxşı mənada kövrəldir.

 

- Siz  böyük sənətkar olmaqla yanaşı, tərəfmüqabilləriniz də böyük sənətkarlar olub...

 

- Bəli, necə böyük tərəfmüqabilləri görmüşəm. Mən teatra gələndə təsəvvür edin ki, Möhsün Sənani yaşlı idi. İki tamaşanı onunla oynamışam. Sonra qadınlardan Hökümə Qurbanova, Nəcibə Məlikova, Məxluqə Sadıqova, Ətayə Əliyeva, aktyorlardan Ağasadıq Gəraybəyli ilə Sabit Rəhmanın “Əliqulu evlənir”də oynamışam. Müasirlərdən Vəfa Fətullayeva, Fuad Poladov, Hamlet Xanızadə, Hamlet Qurbanovla oynamışam. Görün, necə kolifeylərlə işləmişəm? Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Məni teatra Tofiq Kazımov götürüb. Rejissorlardan isə Mehdi Məmmədovla işləmişəm.

 

- Uğurlarınızı kimə borclusunuz?

 

-  İlk növbədə uğurlarımı, əldə etdiklərimi Allahıma borcluyam, sonra ətrafımda olan insanlara, rejissorlara Yəqin ki, taleyimə belə yazılıb. Gözəl rejissorlarla işləmişəm. Ədil İsgəndərov müəllimim olub. Sonra teatra gəldim və orada Əşrəf Quliyev, televiziyada Ramiz Həsənoğlu, kinoda Vaqif Mustafayev, Bəhram Osmanov, Mehriban Ələkbərzadə, Mərahim Fərzəliyev, televiziyada Məhərrəm Bədirzadə, Məhəbbət Kazımov kimi böyük rejissorlarla işləmişəm və onlara borcluyam. Yaxşı operatorlarım, müəllimlərim olub. Səhnə danışığı müəllimim Əzizağa Quliyev idi. Səhnədə tərəfmüqabillərim çox olub. Demək olar ki, bütün aktyorlarla işləmişəm. Bu insanlarla yanaşı, ailəmə - yoldaşıma, bacılarıma, rəhmətlik qaynanama borcluyam ki, mənim üçün imkan, şərait yaradıblar.

 

- Bugünkü teatrı necə dəyərləndirisiniz, inkişaf nə dərəcədədir? Əvvəlki illəri necə müqayisə edərsiniz?

 

- Mən heç vaxt müqayisə etməyi sevmirəm. Aydın məsələdir ki, keçmiş teatrın da öz ənənələri vardı, artıq o ənənələr müasir deyil. Mütləq inkişaf getməlidir. Hətta geyimimizi götürək, keçmiş dövrün paltarını əyninə geyinəcəksənsə ətraf qeyri-adi baxacaq. Mən buna bənzədirəm. İnsanın fikirləri müasir olmaldır. Bugünkü teatrı, keçmiş teatrla heç cür müqayisə etmək istəmirəm. O dünən idi, dünən müasir idi, bu gün isə müasir deyil, sabah isə bu gün müasir olmayacaq. Hər günün öz tələbi, öz yanaşama üsulu var. İstər teatr, istər də başqa işlər olsun. Mən bugünkü teatrı bəyənirəm. Ola bilsin ki, müəyyən tamaşalar zəifdir, qabarıqdır, yüksəkdir, tamaşaçının zövqünə oxşayandır. Bizim də, tamaşaçıların da müəyyən mənada çatışmayan cəhətləri var. Məsələn, əvvəllər tamaşaçılar teatra toy-bayram kimi, bayram libası ilə gəlirdilər. İndi bəzi tamaşaçılar palçıqlı ayaqqabılarla gəlirlər, bunu hər kəsə aid etmirəm. İnanın ki, mənim anam xüsusi paltar tikdirərdi. Onda çantalarında qış aylarında ayaqqabılar gətirərdilər və teatrda onu geyinərdilər, ya da bayramsayağı gələrdilər. Bax, bu gün onu görmürəm. Onu çox istərdim ki, görüm. Yaradıcılıq nöqteyi-nəzərindən də cavanların arasında, hamısını deyə bilmərəm, bəzilərinin yanaşmasında qeyri-ciddilik var. Amma elə cavanlara da rast gəlirəm ki, onların enerjisinə, teatra sevgisinə, cüzi maaşla teatra münasibətinə qibtə edirəm. Deyirəm ki, Allahım, nə yaxşı ki, teatr yaşayıb, yaşayır və yaşayacaq.

 

- Səidə xanım, bir az əvvələ qayıdaq. Bildirdiniz ki, qonorar az olarsa seriala çəkilməyəcəksiniz. Bəs sizi “Aramızda qalsın” serialındakı qonorar qane edirdimi?

 

- Bəli, qane edirdi. Azərbaycan serial məkanında ən yüksək qonorar alanlardan biri də mən olmuşam. Amma indi təəssüflər olsun ki, çox azdır. O serialda kollektivimiz də yaxşı idi. Orada üç il çəkildim. O illər demək olar ki, həyatımın ən gözəl çağlarındandır.

 

- İlk qonorarınızı alarkən hansı hissləri keçirdiniz?

 

- İlk dəfə qonorar aldığım gün sözün düzü, yadıma düşmür. Amma institutu bitirəndən sonra televiziyada ən böyük işim İlyas Əfəndiyevin “Atayevlər ailəsi” oldu. O dövr üçün 100 manata yaxın qonorar almışdım. Onda pul o dövr üçün çox böyük pul idi. Sizcə, necə ola bilər(gülür). Sevinirdim. Çox qəribə bir şeydir ki, insan arzuya çatana qədər arzudan arzu doğur, həyata keçməsini istəyirsən. Məqsədə çatandan sonra o qədər arzuladığın sanki gözündə adiləşir. Yəqin bu, hamıda belə olur. Qonorar alandan sonra fikirləşdim ki, bu pulu hara xərcləyim. Əslində, xərcləməyə min bir dərd vardı, amma xərcləmək istəmirsən, simiclik edirsən, israfçılıq etmək istəmirsən. Onda başa düşürsən ki, halal zəhmətlə qazananda onu xərcləmək çətindir. Belə hiss hər adama aid deyil. İnsanlar var ki, israfçıdır, qənaət etmir. Hara, necə gəldi xərcləyirlər. Şəxsən mən elə olmamışam, bu gün də elə deyiləm. Aldığım məvacibi, qonorarı, hətta vaxtımı, danışığımı da boş-boşuna xərcləməyi sevmirəm.

 

- Siz həm gözəl, həm də baxımlısınız. Özünüzə necə qulluq edirsiniz?

 

- Bunu eşitmək çox xoşdur. Amma deyim ki, mən sadə bir insanam. Gözəllik salonlarına tez-tez getmirəm, çox nadir hallarda baş çəkirəm. İnanırsınız ki, bu gün gözəllik salonun getmək istəyirdim, amma tənbəllik etdim. Sadəcə, ev şəraitində özümə qulluq edirəm. Qadın səliqəsinə-səhmanına, özünə baxmalıdır. Əgər qadın cəmiyyət arasına çıxırsa mütləq öz səliqəsini saxlamalıdır, yaraşıqlı və səliqəli görsənməlidir. Çünki kimsə ona baxanda ikrah hissi keçirməsin. Həmişə çalışıram ki, üzüm gülsün, gülümsəyim. İnsanları çox sevirəm, bu, mənim daxilimdən gəlir. Yenə bildirirəm ki, gözəllik salonlarına getmirəm. Sadəcə özüm-özümə qulluq edirəm.

 

- Dəriniz çox tərəvətli və gözəldir. Üzünüzə masqalar edirsinizmi?

 

- Sadəcə, daxilimi təmizləməyi xoşlayıram. Müəyyən prosüdürlər var ki, onları edirəm, qara ciyərimi təmizləyirəm. İnsanın qan dövranı yaxşı olmalıdır. Amma o qədər maskalar etmirəm. Müəyyən vaxtlarda, filmə çəkiləndə və harasa gedəndə edirəm. Amma çox az edirəm.

 

 

Rəqsanə

Tarix
6 Dekabr 2014 [08:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin