“Azərbaycanda 12 illik təhsilə keçid labüddür”

19:14 - 16 May 2018 - Cəmiyyət

Kamran Əsədov: “12 illik təhsil sistemi orduya çağırılma və erkən nikahlara təsir edəcək”

Dünyanın bir çox ölkələrində 12 illik təhsil sistemi mövcud olsa da, bizdə hələ də 11 illik təhsil sistemi qalmaqda davam edir. 12 illik təhsil sisteminə keçid üçün bir sıra məsələlər öz həllini tapmalıdır. Bunun üçün həm təhsilin məzmunu təhlil edilməli, həm də təmayülləşmənin tətbiqi genişləndirilməlidir. Bəs görəsən, başqa hansı məsələlər öz həllini tapmalıdır? Ümumiyyətlə, bu proses necə tənzimlənəcək, hansı müsbət və mənfi tərəfləri olacaq?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, 1945-ci ilə qədər Azərbaycanda orta ümumtəhsil məktəbləri 8 illik idi, sonra 9 illik oldu, 1966-cı ildən sonra 10 illik, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə 11 illik təhsil sisteminə keçildi: “Bu dövrün tələbidir, Azərbaycanda 12 illik təhsilə keçid labüddür. Günü-gündən informasiya, tədris-elmi resurslar çoxalır. Ona görə də mütləq bu proqramı, ağır tədris yükünü 11 ilə yerləşdirə bilmərik.  Hər kəs narahatdır ki, ibtidai siniflərin tədris materialları ağırdır, şagirdlər mənimsəyə bilmirlər. Ona görə də şagirdlərin erkən yaşda daha az biliklərə malik olması üçün növbəti bilikləri tədrisin sonrakı pillələrində etmək lazımdır”.

K. Əsədovun sözlərinə görə, 12 illik təhsilə keçid fiziki inkişaf və erkən nikahların qarşısının alınması ilə bağlı və hərbi xidmətə çağırılma yaşının yuxarı həddə qaldırılması ilə nəticələnəcək ki, bu da labüddür: “Bütün dünyada nikah yaşı 18 və daha yüksəkdir. Düzdür, Azərbaycanda da 18 yaşdır, amma bununla yanaşı erkən nikahların da olduğu danılmazdır. 12 illik təhsilə keçid məsələsi Azərbaycanda məhz ona görə vacibdir ki, 11-ci sinfi bitirib, Avropa və Amerikada ali təhsil müəssisələrinə qəbul olan tələbələr ciddi problemlər yaşayırlar. Yəni, 11 illik təhsil sənədləri Avropa və Amerikada tanınmır. Məhz, biz də dünya təhsil sisteminə inteqrasiya etdiyimizə görə, bu qarşıya bir məqsəd olaraq qoyulur.  Və tədris yükünün siniflər arasında daha geniş məsafədə paylanması, nəticədə şagirdlərin az yüklənməsinə və daha keyfiyyətli tədrislə nəticələnməsinə gətirib çıxaracaq”. 

Təhsil eksperti düşünür ki, ölkə prezidenti cənab İlham Əliyevin 2013-cü ildə imzaladığı “Təhsilin inkişafı üzrə dövlət strategiyası”nda da 12 illik təhsilə keçid bir məqsəd kimi qarşıya qoyulub: “Düşünürəm ki, 2020-ci ilə qədər orta ümumtəhsil məktəblərimizdə 12 illik təhsil artıq olacaqdır. Bu proses hər hansı bir ciddi fəsad törətməyəcək. Sadəcə olaraq tədris resurslarının informasiya yükünün daha geniş məkanda və zaman çərçivəsində şagirdlərə çatdırılmasına xidmət edəcək. Bu da kifayət qədər müsbət haldır”. 

K. Əsədov burada təhsilin əlçatımlılığı prinsipini də xüsusi olaraq vurğuladı: “Bildiyimiz kimi, hal-hazırda Azərbaycanda I-IV siniflər ibtidai, V-IX siniflər ümumi orta təhsil, X-XI siniflər isə tam orta təhsil hesab olunur. Amma 12 illik təhsil sisteminə keçdikdən sonra isə bu prinsip dəyişəcək. Belə ki, I-V siniflər ibtidai, VI-X ümumi orta, XI-XII siniflər isə tam orta təhsil olacaq. Amma onu da qeyd edim ki, Azərbaycandakı mental xüsusiyyət buna mənfi təsir göstərəcək. Bizdə belə bir xoşagəlməz hal yaranıb ki, doqquzuncu sinifdən sonra xanımlar artıq məktəbdən çıxır və nəticə etibarilə onlar ailə həyatı qurmağa meyl edirlər. Amma 12 illik təhsil sistemi olanda bu proses 10-cu sinfə qədər qalxacaqdır”.

Bir neçə mənfi faktoru vurğulayan təhsil eksperti hesab edir ki, 12 illik təhsil sistemi bir neçə il ərzində orduya çağırmaların sayına da təsir göstərəcək: “Çünki artıq 11-ci sinfi bitirənlər deyil, 12-ci sinfi bitirənlər orduya çağırılacaq ki, bu da bir il gecikmə deməkdir. Belə ki, burada hərbi xidmətə çağırılanların sayında bir il ərzində müəyyən qədər azalma tendensiyası müşahidə oluna bilər. Həmçinin, tədris proqramı mütəxəssislər tərəfindən düzgün şəkildə bölünməlidir. Belə desək, 12 illik təhsilə keçəndən sonra bütün dərsliklər, kitablar və tədris proqramları yenidən işlənməlidir.  Bu da kifayət qədər böyük vəsait deməkdir. Eyni zamanda müəllimlər bu proqramları yenidən öyrənib mənimsəməlidirlər. Düşünürəm ki, bunu ilkin olaraq bir neçə məktəbdə pilot layihə olaraq həyata keçirmək, daha sonra bütün ölkə məktəblərinə tətbiq etmək lazımdır”.

Göründüyü kimi 12 illik təhsil sisteminə keçid üçün bir sıra məsələlər öz həllini tapmalıdır. Bunun üçün həm təhsilin məzmunu təhlil edilməli, həm də təmayülləşmənin tətbiqi genişləndirilməlidir. Eyni zamanda, icbari təhsili başa vuran və tam orta təhsili başa vuran və tam orta təhsil səviyyəsi üzrə təhsil almayacaq şagirdlər üçün alternativ təhsil imkanlarının yaradılması imkanları analiz edilməlidir. Artıq bu istiqamətdə təhlillər və təhsil sistemi daxilində işlər aparılır. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, belə böyük bir islahatın aparılması üçün müəyyən pilot layihələrə ehtiyac var. Pilot layihələrə misal olaraq, artıq bir neçə il əvvəl təmayülləşmə tətbiq edilən məktəb şəbəkəsinin genişləndirilməsi layihəsini misal göstərmək olar. Bu layihə əsasında 50 məktəb şəbəkəyə əlavə edildi və tam orta təhsil pilləsində - son iki sinifdə 4 istiqamət üzrə təmayülləşmə tətbiq olundu. İxtisas seçiminə uyğun olaraq, keçirilən fənlərin sayının azaldılması, fənlərin daha dərindən keçirilməsi və bu yanaşmanın ümumilikdə təhsil göstəricilərinə təsiri proses getdikcə təhlil ediləcək. Təmayülləşmənin daha geniş tətbiqi məktəblərdə dərs yükünə, şagirdlərin nailiyyətlərinə, digər fənn müəllimlərin dərs yükünə necə təsir edəcəyi barədə hesablamalar aparılır. Bütün məsələlər ölçülüb biçilməli, təhlillər aparılmalıdır.

Müxtəlif ölkələr tərəfindən bu tip layihələr, islahatlar aparıldıqda müxtəlif yanaşmalar olur, burada vahid yanaşma yoxdur. Bu məsələ ilə bağlı 12 illik sistemin 1-ci sinifdən tətbiq edilməsi, yaxud təhsili digər səviyyələrində, paralel olaraq, bir neçə səviyyədə tətbiqi kimi presedentlər də mövcuddur. Hər bir yanaşmanın özünün müsbət və mənfi tərəfləri var. Müzakirələr davam etdirilməli və başa çatdırılmalıdır.

Nazir bildirib ki, ali təhsil müəssisələrinin proqramları müasir tendensiyalar nəzərə alınmaqla, daim yenilənir. Dövlətin mövcud standartları var. Bu standartlara uyğun olaraq, fənlər öz daxilində iki hissəyə - icbari və seçmə fənlərə bölünür. Qeyd etdiyimiz məsələ təhsil müddəti daha uzun olan ölkələrdə var, onlarda tam orta təhsil səviyyəsində dərindən öyrənilən fənlər ali təhsil müəssisələrinin ilk tədris müddətindən yenidən keçirilmir. Daha dərindən ixtisas fənlərinin öyrənilməsi prioritet sayılır. Hesab edirik ki, Azərbaycanda da təmayülləşmə tam orta təhsil səviyyəsində tam əhatəliliklə tətbiq olunduqdan sonra bu, bizim ali təhsil müəssisələrinin tədris proqramlarına təsir etməyə bilməz. Ancaq bu, yenə də mərhələli şəkildə həyata keçiriləcək. Çünki bu, 6 aya, yaxud 1 ilə işlək mexanizmə çevrilən bir iş deyil. Burada daha uzun bir zaman lazımdır. Amma bundan asılı olmayaraq, ümumilikdə ali təhsil müəssisələri tərəfindən tədris proqramlarına baxılması, onların müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər gedir. Bununla bağlı Təhsil Nazirliyində müvafiq işçi qruplar yaradılıb. Həmin qruplara bu sahənin və ali təhsil müəssisələrinin nüfuzlu, aparıcı mütəxəssisləri cəld olunurlar, onlar ali təhsil səviyyəsində olan bütün təhsil proqramlarına yenidən baxır, düzəlişlər edir, tövsiyələr verirlər ki, daha çox tətbiqi effekti olan tədris proqramları olsun.

Könül Əhmədova

Xəbər xətti