İnsan haqlarının təmin olunması dövlətin ali məqsədidir

18:41 - 14 May 2018 - KİVDF

Hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında mühüm vəzifə kimi qoyulub

Müasir dövrümüzdə hər bir dövlətin sivil inkişafı, demokratik dəyərlərə sadiqliyi, ilk növbədə, onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil Azərbaycan Respublikasında 12 noyabr 1995-ci il tarixində bilavasitə ulu öndər Heydər Əliyevin müəllifliyi ilə ilk milli Konstitusiyamız ümumxalq səsverməsi ilə qəbul edilib. Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürərək bununla bağlı yaradılmış xüsusi Komissiyaya şəxsən rəhbərlik edən ümummilli lider Heydər Əliyev xalqımızın milli mənəvi dəyərlərini, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq müasir Konstitusiyanı yaratmaqla hüquqi dövlətin Azərbaycan modelini gerçəkləşdirib.  Bunu ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev deyib. Onun sözlərinə görə, ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən və ali hüquqi qüvvəyə malik olan Konstitusiyamızda demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edilib, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında mühüm vəzifə kimi qoyulub. “Əsas qanunun qəbulundan sonra ümummilli liderin rəhbərliyi ilə ictimai həyatın bütün istiqamətləri üzrə, xüsusilə hüquq sahəsində köklü islahatlara başlanılıb, yeni məhkəmə sistemi formalaşdırılıb, demokratik dövlətə xas olan təsisatlar, o cümlədən konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi yaradılıb. Eyni zamanda, dövlətin cəza siyasətində əsaslı dəyişikliklər edilərək cinayət cəzalarının icrası funksiyası Ədliyyə Nazirliyinə verilib, ölkəmizdə Əfv institutu bərpa olunub, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib”,-nazir müavini bildirir.

Toğrul Musayev qeyd edib ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatının yaradılması ideyası ilk dəfə 22 fevral 1998-ci il tarixdə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanla gündəmə gəlib, bundan qısa müddət sonra 18 iyun tarixli Sərəncamla təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda isə həmin institutun yaradılması ilə bağlı konkret tapşırıq nəzərdə tutulub. 29 dekabr 1998-ci il tarixdə "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsinedə fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi",  11 iyun 1999-cı ildə "Vətəndaşların insan hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında" qanunlar, 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman)", 5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzalanıb. 2 iyul 2002-ci il tarixdə «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi yolu ilə edilmiş dəyişikliklər nəticəsində ölkə Konstitusiyasında təsbit edilib.

24 dekabr 2002-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin  tənzimlənməsi haqqında"  Konstitusiya  qanun və s. qəbulu insan insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin  tərkib hissələridir.

 Nazir müavini qeyd edib ki, bundan sonra da insan hüquqları sahəsində tənzimləyici milli mexanizmlərin təkmilləşdirilməsi işi davam etdirilib, “Ölkəmiz bu sahədə mühüm beynəlxalq sənədlərə qoşulub, konvension normaların implementasiyası baxımından "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun böyük əhəmiyyəti olub. Qeyd olunmalıdır ki, hazırda müxtəlif idarəetmə formalarına və hüquq sistemlərinə malik olan 100-dən artıq dövlətdə fəaliyyət göstərən Ombudsman təsisatının Azərbaycanda yaradılmasını da insan hüquqlarının müdafiəsi sahəsində aparılan demokratik hüquqi islahatlar şərtləndirib. Ölkəmiz üçün yenilik olan Ombudsman institutunun təsis olunması ilə bağlı dövlət, ictimai və beynəlxalq qurumlarla əməkdaşlıqda gərgin iş aparılaraq konkret strategiya müəyyən edilib, son nəticədə 28 dekabr 2001-ci il tarixdə İnsan hüquqları üzrə müvəkkil institutu təsis olunaraq onun yüksək hüquqi statusu, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa olunması mexanizmi Konstitusiyamızın ayrılmaz hissəsi olan Konstitusiya Qanunu səviyyəsində müəyyən olunub. Ötən dövrdə Azərbaycanda bu institut uğurlu inkişaf yolu keçərək daha da müasirləşib, normativhüquqi bazası yenilənib, səlahiyyət dairəsi genişlənib”.

Bununla bağlı İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya Qanununa dəfələrlə dəyişiklik edilib, normativ hüquqi akt qəbul olunub. Göstərilən hərtərəfli dövlət dəstəyi nəticəsində Ombudsman təsisatının maddi-texniki potensialı gücləndirilib.
Nazir müavini bildirib ki, insan hüquqları üzrə müvəkkilin öz vəzifələrini lazımı qaydada yerinə yetirməsi üçün beynəlxalq təcrübədə mövcud olan bütün təminatlar, o cümlədən dəyişilməzliyi, toxunulmazlığı, hər hansı dövlət orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi, maddi və sosial təminatları qanunvericilikdə öz əksini tapıb. Bununla yanaşı, Ombudsmana digər hüquqlarla yanaşı, - məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar şikayətlərə baxmaq, - istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, - həmin yerlərin rəhbərliyi tərəfindən qəbul edilmək, saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək kimi hüquqların verilməsi bu təsisatın operativ fəaliyyətinə, insanları narahat edən məsələlərin təxirə salınmadan həllinə imkan verir. Ümumiyyətlə, Azərbaycanda Ombudsmanın fəaliyyəti bir çox dünya ölkələri ilə müqayisədə daha çoxşaxəlidir və İnsan hüquqları üzrə Müvəkkil bu gün uşaq hüquqlarının qorunması, informasiya əldə etmək hüququnun dövlət orqanları tərəfindən təmin edilməsi və s. sahələrdə də çox mühüm funksiyaları yerinə yetirir.
Azərbaycan qanunvericiliyinə görə, ombudsmanın namizədliyi prezident tərəfindən parlamentə təqdim olunur və millət vəkilləri tərəfindən təsdiqlənir. “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya Qanununa görə, müvəkkil 7 il müddətinə seçilir. Onun səlahiyyətlərinin bitməsinə 30 gün qalmış prezident 3 nəfərin namizədliyini Milli Məclisə təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir. 

Qeyd edək ki,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) - ilk dəfə 2002-ci il 2 iyul tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından Elmira Süleymanova 111 səslə seçilib. Seçildiyi gündən Elmira Süleymanova ombudsmandır. Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanılıb. 

 

Xəbər xətti