Məhkəmə hakimiyyətinin mövcudluğu hüquqi dövlətin varlıq şərtlərindən biridir

18:08 - 11 May 2018 - KİVDF

Məhkəmələr hüquqi dövlətdə qanunun aliliyini təmin edir

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılıb. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək həqiqi demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlib. Ölkənin 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilib ilk demokratik Konstitusiyasının müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilib, hakimiyyət bölgüsü prinsipi təsbit edilib. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən bu Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaradıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub.  İslahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilib. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanıb və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Bu gün də ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərman imzalamış, məhkəmə islahatı keyfiyyətcə yeni mərhələyə keçibdir.

Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkə regionlarının inkişafı məqsədi ilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılıb, hakimlərin sayı artırılıb, məhkəmə aparatlarının strukturu təkmilləşdirilib.

Azərbaycanın məhkəmə sistemi isə Azərbaycan Respublikasının Ali Məhkəməsindən, apellyasiya məhkəmələrindən, ümumi məhkəmələrdən və digər ixtisaslaşdırılmış məhkəmələrdən ibarətdir. Ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. (“Məhkəmələr və hakimlər haqqında”AR Qanununun 7-ci maddəsi). Bu qanunun 8-ci maddəsində ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməsi tənzimlənir. Bildirilir ki, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.
9-cu maddədə isə bildirilir ki, hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
10-cu maddəsində isə müdafiə hüquqlarının təmin edilməsi tənzimlənir. Maddədə deyilir: Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı  olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Şübhə edilən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə müdafiə hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir. 
Hazırda Azərbaycanda aşağıdakı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. 1. Birinci instansiya məhkəmələri; 2. Apellyasiya instansiyası məhkəmələri; 3. Kassasiya instansiyası məhkəməsi.

Qeyd edək ki, Məhkəmə hakimiyyətinin mövcudluğu hüquqi dövlətin varlıq şərtlərindən biridir. Məhkəmələr olmadan hüquqi dövlətdə qanunun aliliyini təmin etmək, hamının qanun qarşısında bərabərliyini həyata keçirmək mümkün olmaz. Buna görə də məhkəmə hakimiyyətinin mövcudluğu, onun səlahiyyətləri daxilində fəaliyyətinin təmin olunması vacibdir. 
Məhkəmə hakimiyyətinin varlığını təcəssüm etdirən əsas fakt birinci instansiya məhkəmələridir. Hər bir hüquqi və ya fiziki şəxsin mübahisələndirdiyi məsələlər, baş verən cinayət əməllərinə ilk hüquqi qiymətin verilməsi məhz birinci instansiya məhkəmələrində həyata keçirilir.

Birinci instansiya məhkəmələri aşağı (ilkin) məhkəmə orqanlarıdır və bu məhkəmə sisteminə rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli inzibati-iqtisadi məhkəmələr və ağır cinayətlərə dair işlər üzə məhkəmələr daxildir. Rayon (şəhər) məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş mülki və cinayət işlərinə, inzibati xətalara dair işlərə baxır. Onlar mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə işlərə baxır. Məhkəmə həmin işlərə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa baxır. Əks halda, işə yerli inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Rayon (şəhər) məhkəmələri cinayət işlərinə, böyük ictimai təhlükə törətməyən (iki ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan işlər) və az ağır cinayətlərə (yeddi ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan işlər) dair işlərə baxır.

İnzibati-iqtisadi məhkəmələr isə qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır. İnzibati - iqtisadi məhkəmələr ölkənin inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. Hazırda müvafiq əraziləri əhatə edən aşağıdakı inzibati - iqtisadi məhkəmələr fəaliyyət göstərir: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi; saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi;  Naxçıvan Muxtar Respublikasının İnzibati- İqtisadi Məhkəməsi; Gəncə İnzibati-İqtisadi Məhkəməsi; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi; Şirvan İnzibati-İqtisadi Məhkəməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsi. 
Hərbi məhkəmə isə  Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələri hərbi hissələrinin sayı nəzərə alınmaqla onların yerləşdikləri inzibati ərazi vahidləri üzrə yaradılıb. Hərbi məhkəmələr müharibə cinayətləri və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxır. Göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır. 

Hazırda müvafiq əraziləri əhatə edən aşağıdakı hərbi məhkəmələr fəaliyyət göstərir:  Bakı hərbi məhkəməsi; Naxçıvan Muxtar Respublikası hərbi məhkəməsi; Gəncə hərbi məhkəməsi; Cəlilabad hərbi məhkəməsi; Füzuli hərbi məhkəməsi; Tərtər hərbi məhkəməsi.

(davamı var)

Xəbər xətti