Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil

18:41 - 10 May 2018 - Cəmiyyət

II HİSSƏ

Təhsil quruculuğu sahəsində ən ciddi problem pedaqoji kadrların çatışmaması idi. Elə bu səbəbdən məktəblərin bir qismi öz fəaliyyətini dayandırmışdı. Məsələn, müəllim çatışmazlığı üzündən hətta 1920-ci ilin əvvəllərində Şamaxı və Göyçay qəzalarındakı 112 məktəbdən 47-si işləmirdi. Digər qəzalarda da vəziyyət yaxşı deyildi. Hökumət bu sahədə də ardıcıl iş aparırdı. Belə ki, müəllim kadrlarına olan ehtiyacları qarşılamaq üçün qısamüddətli kurslar təşkil edilirdi. Məsələn, 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada belə kurslar açılmışdı. Bu kurslarda qısa müddətdə 150 nəfər müəllim hazırlanmışdı. Kadr çatışmazlığı nəzərə alınaraq heç bir təhsil sənədi olmayan, lakin ev təhsili görmüş və azsavadlı şəxsləriin sınaq dərsləri keçəndən sonra işə qəbuluna və bir müəllimin iki məktəbdə işləməsinə də razılıq verilmişdi.

Gəncədəki müəllimlər seminariyası ehtiyacı ödəmədiyi üçün hökumət Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi barədə qərar qəbul etdi və bu məsələnu Gürcüstan hökuməti ilə razılaşdırdı. AXC hökuməti seminariyanın Qazaxa köçürülməsi üçün onun inspektoru F. Köçərliyə maliyyə vəsaiti, göstəriş və səlahiyyət verdi. F. Köçərli köçürməni uğurla başa çatdırdı. Qazax seminariyası 1918-ci ilin noyabr ayının 10-da təntənəli şəkildə açıldı. A.O.Çernyayevskinin tələbə toplamaq praktikasına istinad edən seminariya müəllimləri tez-tez Azərbaycanın rayon və kəndlərinə ezam olunurdular. Qısa vaxtda seminariya elə şöhrət qazandı ki, onun sədası ölkənin hər yerindən gəlməyə başladı. Müəllim hazırlayan müəssisələrdən biri də ali ibtidai məktəblər idi. XMN-yi tərəfindən 1918-ci ildə Göyçayda belə bir məktəb açılmış, Ağdaş və Nuxa (Şəki) qəzasının Qutqaşen kəndində də bu cür məktəblərin açılması barədə qərar qəbul edilmişdi. Artıq 1919-cu ildə Azərbaycanda 15 ali ibtidai məktəb vardı və orada ölkə məktəbləri üçün müəllim kadrları hazırlanırdı.Qısamüdətli kursların fəaliyyəti isə davam edirdi. Sonralar qısamüddətli kursların istənilən nəticəni vermədiyi nəzərə alınaraq birillik kursların açılması təklif edilmişdi. Həmçinin təklif edilmişdi ki, belə kurslar qəzalarda həm kişilər, həm də qadınlar üçün açılsın.  1919-cu ilin yayında bu cür kurslar kişi və qadınlar üçün Bakı, Gəncə və Şəkidə, ancaq kişilər üçün isə Şuşa, Qazax, Qüsar, Salyan və Zaqatalada açılmışdı. Hər kursda 50 nəfər təhsil alırdı. Kursları başa vuranlar qısa müddətdə işlə təmin olunurdular.

Bunlardan əlavə Bakı parlamentinin üzvü A.Əfəndiyevin rəhbərliyi ilə ibtidai məktəb müəllimləri üçün pedaqogikanı və Azərbaycan dilinin metodikasını öyrədən kurs da fəaliyyət göstərirdi. Belə kurslar müəllim seminariyaları və Bakı şəhər Duması tərəfindən də təşkil olunurdu. Müəllimlərə olan təlabatı ödəmək üçün qarşılıqlı müqaviləyə əsasən qardaş Türkiyədən 50 nəfər müəllim dəvət olunmuşdu. Həmin müəllimlər 1919-cu ilin oktyabr ayında gələrək məktəblərdə və müəllim kadrları hazırlayan kurslarda fəaliyyətə başlamış, dərslik və dərs vəsaitlərinin hazırlanmasında iştirak etmişdilər. Hokumət müəllimə diqqət və qayğını da heç vaxt unutmurdu. Mövcud imkanlardan istifadə edərək müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səy göstərirdi. 1918-ci ilin əvvəllərində N.Yusifbəyli yazmışdı ki, müəllimlərin səmərəli işləməsi üçün onları məişət məsələlərinin ağırlığından azad etməliyik. Bu fikir AXC dövründə müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması yolunda proqram olmuşdu. 1919-cu ilin dekabrında keçirilmiş 15 günlük müşavirədə bu barədə geniş söhbət açılmış, müəllimlərin maddi-məişət və başqa qayğılarının öyrənilməsi, onların maddi vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə hökumətə təkliflər hazırlamaq üçün komissiya yaradılmışdı. Müşavirədə müəllimlərin əmək haqlarının artırılması da lazım bilinmişdi. Bu məsələ hökumətin də diqqətində idi. Nazır N.Yusifbəyli parlamentdə etdiyi çıxışların birində demişdi: ”Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz.”  Beləliklə, Nəsib bəy müəllimlərin maaş artımına hökumətin etraz etməyəcəyini bəyan etmişdi.

Təhsil quruculuğu sahəsində pedaqoji kadr çatışmazlığından sonra ən ciddi problem proqram, dərslik və dərs vəsaitlərinin yoxluğu idi. N.Yusifbəyli 14 aprel 1919-cu il tarixdə parlamentdəki çıxışında demişdi: ”Dərs kitablarımız azdır. Maarif nəzarəti bunun çarəsini düşünəcəkdir. İndidən komissiyalar təşkil edilmişdir. Bir çox kitablar seçilmiş və tərtib edilmişdir. Bunların nəşrinə təcili başlayaraq sentyabradək lüzum görülən kitabları ortaya qoymağa səy ediləcəkdir...” Milli hökumət çara sədaqət və rus şovinizmi ruhunda tərtib edilmiş proqram və dərsliklərdən haqlı olaraq imtina etdi. Milli dövlətçilik ideologiyasına əsaslanan, milli-mənəvi, türkçülük, azərbaycançılıq, islamçılıq və müasirlik dəyərlərinə əsaslanan proqram və dərsliklərin yaradılmasını qarşısına məqsəd qoydu. 1919-cu il 7 noyabrda XMN-yi yanında təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərsliklərin hazırlanması üçün komissiya, o cümlədən fənn komissiyaları yaradıldı. Ən qabaqcıl və təcrübəli müəllimlər komissiyaların işinə cəlb edilmişdi. Komissiyalar üçün 152 min, dərslikləri çap etmək üçün kağız alınmasına 500 min, şriftləri almaq üçün isə 200 min manat vəsait ayrılmışdı. Lakin yeni proqram və dərsliklərin hazırlanması üçün vaxt və daha çox vəsait tələb olunurdu. Ona görə də belə qərara alındı ki, yeni proqramlar hazırlanana kimi düzəliş və redaktələr aparılmaqla müvəqqəti olaraq köhnə proqramlardan istifadə edilsin. Bir şərtlə ki, müasir dovrlə səsləşməyən və lazım olmayan məsələlər oradan çıxarılsın.Dərslik kimi isə ilkin çarə olaraq çar Rusiyası dövründə Azərbaycan maarifpərvərlərinin yazmış olduqları milli ruhda olan dərsliklərdən və xüsusi əllərdə olan türkcə kitablardan istifadə etmək məsləhət görülürdü. Bu kitabları almaq üçün 1919-cu ildə Maarif Nazirliyinə 1205 türk lirəsi ayrılmışdı. Əlavə olaraq Türkiyədən dərsliklərin alınması üçün də bir milyon manat nəzərdə tutulmuşdu.Yaradılmış hökumət komissiyasının, o cümlədən fənn komissiyalarının gərgin əməyi hesabına “Yeni məktəb”, “Yeni qiraət”, “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Ədəbiyyat dərsləri”, “Müntəxabat”, “Tarixi-təbii”, “Rəhbər cəbr” və s. dərsliklər hazırlanaraq 1919-cu ildə məktəblərin istifadəsinə verildi. Bu dərsliklərin məzmununda türk dünyası, islam əxlaqı və Avropa dəyərlərinə üstünlük verilmişdi. Həmin dərsliklərin hazırlanmasında təhsil fədailərindən M.Mahmudbəyov, C.Cəbrayıllı, A.Şaiq, S.Ağamalıoğlu, H.Cavid, F.Ağazadə, A.İsrafilbəyov, A.Əfəndizadə və dıgərləri, o cümlədən Türkiyədən gəlmiş bəzi müəllimlər fəal iştirak etmişdilər. Məktəblərdə rus tarixi əvəzinə Azərbaycan tarixi və türk xalqları tarixi kurslarının tədrisinə başlanmışdı. Dərsliklərlə yanaşı, məktəblərin Azərbaycanın, həmçinin türk müsəlman xalqlarının coğrafi və tarixi xəritələri, sinifdənxaric oxu kitabları ilə təmin edilməsi, müəlimlərə metodiki köməklik üçün pedaqoji-metodiki və uşaq jurnallarının nəşri [4], məktəblərdə muzey və kitabxanaların yaradılması təçəbbüsləri də irəli sürülmüşdür.

Təhsil quruculuğu sahəsində XMN-nin qarşısına qoyulmuş əsas vəzifələrdən biri də ölkədə ali təhsilin təşkili və ali təhsilli milli kadrların yetişdirilməsi idi. Hökumət nazirlik qarşısında, ilk növbədə, üç ali məktəbin – Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Əvvəlcə Tiflisdəki Zaqafqaziya universitetinin Bakıya köçürülməsinə səy göstərildi. Lakin bu cəhdlər baş tutmadı. Məhz bundan sonra hökumət Maarif Nazirliyinə 1919-1920-ci tədris ilinə kimi Bakıda universitet açmaq üçün lazım olan qanun, qərar və digər normativ sənədlərin layihəsinin hazırlanması üçün komissiya yaratmaq barədə göstəriş verdi. Tezliklə yaradılmış Universitet komissiyasının tərkibi və onun Nizamnaməsi hökumət tərəfindən təsdiq olundu. Komissiyaya professor V.İ.Razumovski sədrlik edirdi. Komissiya qısa müddətdə tələb olunan bütün normativ sənədləri hazırladı. Layihələr parlamentə təqdim edildi və iki ay müzakirə olundu. Uzun və gərgin müzakirələrdən sonra 1 sentyabr 1919-cu ildə universitetin açılması barədə qərar qəbul edildi. Bu universitet təkcə bizim yox, ümumiyyətlə, Şərq aləminin ilk dünyəvi universitetidir.  AXC-nin devrilməsi ilə Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması baş tutmadı.

Bakı Dövlət Universiteti 1919-cu ilin noyabr ayının 15-də 44 nəfər akademik tərkiblə, 2 fakültə (tarix-filologiya və tibb), 1094 tələbə ilə fəaliyyətə başladı. Bu universitet cümhuriyyət qurucularının xalqımıza bəxş etdikləri şah əsərdir. Ümummilli liderimiz H.Əliyev BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli iftixarı” adlandırırdı. BDU bu gün Azərbaycan ali məktəblərinin flaqmanıdır. Hökumət ali təhsilli milli kadrların yetişdirilməsi üçün 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə təhsil almağa göndərilməsini qərara almışdı. Bu məqsədlə parlamentin qərarı ilə komissiya yaradılmışdı. Komissiyaya M.Ə.Rəsulzadə sədrlik edirdi. Komissiya ciddi axtarışlar apararaq dövlət hesabına təhsil almaq üçün İngiltərə, Fransa, Türkiyə və Rusiyaya göndəriləcək 100 nəfəri seçmişdi. Öz hesabına təhsil almaq üçün əlavə 31 nəfər də müəyyən olunmuşdu. Rusiyadakı vəziyyət nəzərə alınaraq ora tələbə göndərmək təxirə salındı. Avropaya göndərilənlər üçün 1000 frank yol xərci, hər ay 400 frank təqaüd müəyyən olunmuşdu. Göndərilən gənclər təhsillərini başa vurub Vətənə qayıtmalı və 4 il hökumətin sərəncamında işləməli idilər. Seçilmiş gənclər 1920-ci ilin yanvarında parlament və hökumət üzvlərinin, din xadimlərinin və içtimaiyyətin iştirakı ilə təntənəli şəkildə yola salınmışdılar.

Təəssüf ki, aprel çevrilişindən sonra onların təhsillərini davam etdirmələri üçün axıra kimi şərait yaradılmadı. Diqqətlə seçilərək, böyük ümidlərlə xarici ölkələrin ali məktəblərinə yola salınmış bu tələbələrin taleyi aprel işğalından (1920) sonra çox acınacaqlı oldu. Belə ki, göndərilənlərin bəziləri təhsilini yarımçıq qoyub geri qayıtdı, bəziləri getdikləri ölkələrdə başqa işlərə keçdi, bəziləri yoxsulluq içərisində məhv olub getdi, bəziləri isə represiya qurbanı oldular. Halbuki onlar gələcəkdə ölkəmizin idarə olunmasını təmin edəcək, xalqımızın tərəqqisi üçün çalışacaqdılar.

AXC öz fəaliyyəti müddətində ixtisaslı hərbi kadrların yetişdirilməsi üçün də xeyli iş görə bilmişdi. Hökumətin Gəncəyə gələn kimi gördüyü ilk işlərdən biri də 1918-ci ilin iyun ayında bağlanmış hərbi məktəbi yenidən açmaq olmuşdu. Bura ilk olaraq 100 nəfər yunker qəbul edilmişdi. Təlim prosesinə türk zabitləri də cəlb edilmişdilər. Məktəbə polkovnik Arif bəy rəhbərlik edirdi. 1918-ci ilin oktyabr ayında Gəncə hərbi məktəbinin ilk buraxılışı oldu. Buraxılış mərasimində N.Yusifbəyli, Ə.Şıxlinski və Qafqaz İslam Ordusunun zabitləri iştirak etmişdilər. 1918-ci ilin dekabr ayında Gəncə hərbi məktəbi S.Mehmandarovun təşəbbüsü ilə praporşiklər məktəbinə çevrildi. Sonralar isə həmin məktəbin bazasında hərbiyyə məktəbi açıldı, istehkamçılar məktəbi yaradıldı. Bu məktəb əvvəl Gəncədə, sonra icə Hacıkənddə fəaliyyət göstərmişdi. Bununla yanaşı, hərbi dəmiryolçular və hərbi feldşerlər hazırlayan məktəblər də təşkil edilmişdi.  Gəncə praporşiklər məktəbi bütün Azərbaycan üçün kadr hazırlayırdı. Onun fəaliyyəti ilə hərbi nazir S.Mehmandarov şəxsən məşğul olurdu. Bu məktəb sonralar Bakıya köçürülmüşdü. 1919-cu ilin yanvar ayında Gəncə əsgər xəstəxanasında feldşerlər hazırlayan kurs, fevral ayında isə bütün hərbi hissələrin nəzdində iki aylıq sanitar kursları açılmışdı.Hərbi nazirlik hərbi hava qüvvələrini təşkil etmək üçün hərbi əməkdaşlıq müqaviləsinə əsasən 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnmək üçün Tiflisdəki Aviasiya məktəbinə göndərmişdi. Bundan başqa milli kadrlara olan ehtiyacı tam ödəmək üçün Azərbaycanda təyyarəçilər məktəbi açmaq qərara alınmışdı. Nazir S.Mehmandarov xarici işlər nazirliyinə məktub yazaraq İngiltərə və İtaliyadan təcrübəli mütəxəssislərin dəvət edilməsini xahiş etmişdi. Lakin aprel çevrilişi bu işləri yarımçıq qoydu. AXC dövründə əsas qayğılardan biri də texniki-peşə təhsili müəssisələrinin yaradılması və onların şəbəkəsinin genişləndirilməsi idi. Nazirlikdə bu işlərə rəhbərlik etmək üçün peşə məktəbləri şöbəsi yaradılmışdı. Hökumət ilk növbədə dəmir yolu, bank, poçt və teleqraf xidmətləri üzrə milli kadrlar hazırlayan kurslar açmağı nəzərdə tuturdu. Həmin dövrdə kənd təsərrüfatında və sənayedə ixtisaslı fəhlə və ustaların hazırlanması üçün kurslar fəaliyyət göstərirdi. Bakı politexnik məktəbində müxtəlif peşələr üzrə hazırlıq aparılırdı. 1919-cu ilin noyabrında Bakıda azərbaycanlı fəhlələr üçün açılan texniki axşam kurslarında 200 nəfərə yaxın fəhlə təhsil alırdı. Həmin il Gəncə, Şəki və Zaqatalada da sənət məktəbləri fəaliyyət göstərirdi. 1919-cu ildə Gədəbəydə meşə-ixtisas məktəbi açılmışdı. Bundan başqa, Bakıda sənaye-incəsənət məktəbinin açılması və məktəblərdə müxtəlif peşələrin (cildçilik, çəkməçilik, dulusçuluq və s.) öyrədilməsi təşəbbüsləri irəli sürülmüşdü. Hökumətin təhsil sahəsindəki tədbirlərindən biri də müasir tipli məktəbəqədər tərbiyə müəssisəsinin ilk nümunəsini yaratmaq oldu. Belə ki, 1919-cu ildə Bakıda I Milli Qadın Gimnaziyasının nəzdində ilk uşaq bağçası açıldı. Bu Azərbaycanda Avropa modelli ilk uşaq bağçası idi. Bağçanın proqramında kəsmə üzrə işlər, rəsm, əl işləri, riyazi oyunlar, gimnastika, musiqi və nəğmə əsas yer tuturdu. 15 günlük müşavirədə həm dövlət, həm də şəxsi adamlar tərəfindən uşaq bağçalarının açılması alqışlanmışdı.

1919-cu ilin avqustunda Bakıda təhsildən yayınmış “küçə uşaqları” üçün “Uşaq evi” və “Uşaqlara yardım bürosu” təşkil olunmuşdu. Qazax müəllimlər seminariyasında kimsəsiz uşaqlar üçün yetimlər evi yaradılmışdı. Ölkədə bütün vətəndaşlara bərabər təhsil hüququ verilmişdi. Hökumət azsaylı xalqların təhsilinə də diqqət və qayğı ilə yanaşırdı. Maarif Naziri N.Yusifbəyli 14 aprel 1919-cu il tarixdə parlamentdəki çıxışında demişdi: “...məktəblərdən bir qismi milliləşdiriləcək, digər qismi isə qeyri-müsəlman uşaqlar üçün rus dilində davam edəcəklər. Hər millətin öz dilində oxumasına heç bir maneə olmadığından onların uşaqları üçün hökumət hesabına məktəblər açılacaqdır...”

Faktlar göstərir ki, 1918-1919-cu dərs ilində Bakı milli məktəblər inspeksiyasında və Bakı quberniyasında 76 rus məktəbi olmuşdur. Onlardan 51-i dövlət, qalan 25-i isə şəhər neft sənayeçiləri qurultayına aid özəl məktəblər idi.Hökumətin qərarı ilə ali ibtidai məktəblərdə qeyri-müsəlman tələbələr üçün dinin və onların ana dillərinin tədrisinə icazə verilmişdir. Bunun xərcləri dövlət hesabına ödənilirdi.Həmçinin XMN-yi tərəfindən yəhudi məktəblərinin rəhbərləri tərəfindən təşkil olunmuş yəhudi dili, yəhudi xalqının və ədəbiyyatının tarixi kurslarına dinləyicilərin qəbuluna da icazə verilmişdi. Yəhudi Milli Şurasının nəzdində fəaliyyət göstərən 700 nəfərin oxuduğu və 24 müəllimin çalışdığı məktəblərə dövlət hər ay 10.000 rubl pul verirdi 1918-1919-cu illərdə alman kaloniyalarında işləyən müəllimlərin də hər birinə hər ay 90 rubl ödənilirdi. Təhsilin xalqın taleyində ciddi əhəmiyyət daşıdığnı nəzərə alan hökumət yaşlıların təhsilinə və onların savadlandırılmasına da ciddi önəm verirdi. Hələ vaxtı ilə M.Ə.Rəsulzadə H.Zərdabinin dəfn mərasimindəki nitqində demişdi: “Cəmaəti ayıtmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif ! Ancaq elm və bilik yolu ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər.” Müstəqilliyin ilk günlərindən məktəblərin nəzdində yaşlılar üçün savad kursları açılır və müəllimlər bu kurslara cəlb edilirdilər. Hətta ilk dəfə olaraq qadınlar üçün də savadlandırma kursları açılmışdı. Məqsəd savadsızlığın ləğvi idi.

1919-cu ilin sentyabr ayında Bakı, Şuşa, Zaqatala, Şəki və Qazaxda yaşlılar üçün Azərbaycan dili üzrə axşam kursları açıldı. İki semestr və üç şöbədən ibarət olan kursların I şöbəsində Azərbaycan dilini bilməyən, II şöbəsində Azərbaycan dilini az-şox bilən, III şöbəsində isə bu dilin tədrisi metodlarını öyrənməyə ehtiyacı olanlar məşğul olurdu. Sonralar belə kurslar digər qəzalarda da açıldı.Kəndlərdə oxu dərnəkləri də yaradılmışdı. Hər cümə məktəb müəllimlərinin kənd sakinləri ilə oxu və müsahibə günü kimi müəyyənləşdirilmişdi. Savad kursu və oxu dərnəklərində minlərlə savadsız vətəndaş oxu və yazı öyrənir, “...məmləkət irfanın nuruyla işıqlanırdı.”

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdi. Maarif Nazirliyi ölkədə maarifin inkişafi üçün geniş proqram hazırlamış, həmin proqram Azərbaycan Hökuməti tərəfindən bəyənilmiş və həyata keçirilməsinə razılıq verilmişdi. Təəssüf ki, Şərqdə ilk türk Respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya “yəcuc və məcucları” tərəfindən devrilməsi bu planların gerçəkləşdirilməsini yarımçıq qoydu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına mühüm kömək göstərdi. Ümumilli liderimiz H.Əliyev demişdi: “AXC gərgin və mürəkkəb içtimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.


Imran Verdiyev

Oğuz rayonundakı Yaqublu kənd T.Babayev adına tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi, Azərbaycan Respublikasının
Əməkdar müəllimi.

Xəbər xətti