Azərbaycanda demokratik hüquqi cəmiyyət qurulub

20:36 - 8 May 2018 - KİVDF

Mediasiyanın ən mühüm əhəmiyyətindən biri onun cəmiyyətdə hüquqi şüur və hüquqi mədəniyyətin yüksəldilməsinə kömək etməsidir

Hüquqi dövlət quruculuğunun əsas şərtlərindən biri təkmilləşdirilmiş hüquq sisteminin yaradılmasıdır. Hazırda Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində işlər uğurla davam edir. Bu istiqamətdə atılan addımlardan biri mediasiyanın tətbiqidir. Mediasiyanın ən mühüm əhəmiyyətindən biri onun cəmiyyətdə hüquqi şüur və hüquqi mədəniyyətin yüksəldilməsinə kömək etməsidir. Bu gün Azərbaycanda mediasiyanın mübahisələrin həllinin məhkəmədənkənar metodu kimi qanunverici əsaslarının möhkəmləndirilməsinə, mediasiya institutunun hüquq sisteminə inteqrasiyasını intensivləşdirməyə sosial sifariş mövcuddur. Mediasiya mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin müəyyən hissəsini vətəndaşlarına  ötürməyə  və bununla eyni vaxtda cəmiyyətin bu səlahiyyətləri qəbul etməyə hazır və qabil olmasına, qəbul edilən qərarlara görə məsuliyyət daşımasına  imkan verən humanist, eyni zamanda praqmatik yanaşmadır. Beləliklə də, mediasiya nəinki  hüquqi,  həmçinin sosial baxımdan əhəmiyyətli bir institut olduğunu sübut edib. Göründüyü kimi mülki xarakterli mübahisələrin həllində mühüm vasitə olan mediasiya institutu həm də cinayət-hüquqi xarakterli münaqişələrin alternativ, məhkəmədən kənar həlli məqsədi daşıyır. 
 Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov vildirib ki, mediasiya prosesində təqsirləndirilən şəxs və ya məhkumla zərərçəkmiş arasında məhkəməyəqədər və ya məhkəmədən sonra barışıq əldə olunarsa, təqsirləndirilən şəxsin və ya məhkumun üzərinə müxtəlif xarakterli, o cümlədən vurulan maddi və ya mənəvi ziyanın ödənilməsi, üzr istənilməsi, yardım göstərilməsi və s. öhdəliklər qoyulmaqla o, cəzadan azad edilə bilər. “Bütün dünyada mütərəqqi institut kimi mediasiyanın tətbiqi təşviq edilir, bu məqsədilə Avropa Şurası tərəfindən hələ 1999-cu ildə "Cinayət işlərində mediasiyaya dair" Tövsiyə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən isə 2002-ci ildə "Cinayət mühakiməsi prosesində bərpaedici ədliyyə proqramlarının tətbiqinin əsas prinsipləri" qəbul olunub. Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olub, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanıb”.

Qeyd edək ki, Azərbaycan Respublikasında mediasiya institutunun inkişaf etdirilməsinin hüquqi əsasları kimi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Beynəlxalq Arbitraj haqqında» Azərbaycan Respublikasının Qanunu, «Beynəlxalq xüsusi hüquq haqqında» Azərbaycan Respublikasının Qanunu, Mülki Prosessual Məcəllə, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlar və s. normativ sənədləri göstərmək olar.   Azərbaycanda mediasiya mərkəzinin yaranmasını Avropa hüquq sisteminə inteqrasiya edən dövlətin hüquq islahatlarında irəliyə doğru atılan daha bir addım hesab etmək olar.
Nazir bildirib ki, dövlət başçısının təsdiq etdiyi  "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə cari ildə mediasiya haqqında qanun layihəsinin hazırlanması və Mediasiya Şurasının yaradılması ilə bağlı konkret tapşırıqların verilməsi şübhəsiz ki, ölkəmizdə bu institutun inkişafına təkan olacaqdır.

Nazir bildirib ki, penitensiar sahədə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması da dövlət başçısının daim diqqət mərkəzində olub. Bununla əlaqədar Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamda bu sahədə fəaliyyətin müasirləşməsi, infrastrukturun yenilənməsi, məhkumların saxlanma şəraitinə nəzarətin gücləndirilməsi, istehsal sahələrinin genişlənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, müəssisələrin etibarlı mühafizəsinin təşkili, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması və s. ilə bağlı konkret tapşırıqlar verilib. “Məhkumlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülüb, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda bu sahədə, o cümlədən məhkumlar arasında vərəmlə mübarizədə digər dövlətlərə örnək olan yüksək nailiyyətlər qazanılıb. Təsadüfi deyil ki,  vərəmdən ölüm 100 dəfə azalıb. Bununla yanaşı penitensiar müəssisələrdə tibb xidmətinin yaxşılaşdırılması və məhkumların sağlamlığının qorunması ilə bağlı qarşımızda əlavə mühüm vəzifələr qoyulub, bununla əlaqədar konkret tədbirlər müəyyən olunaraq həyata keçirilməyə başlanılıb”,-nazir deyib.

Həmçinin, Avropa İttifaqı ilə Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində məhkumların əməyə daha geniş cəlb edilməsinə xüsusi diqqət ayrılıb. “Bir müddət əvvəl isə ictimaiyyət nümayəndələrini, habelə iş adamlarını cəlb etməklə məhkumların istehsal etdikləri məhsullar, onların əl işləri ilə bağlı sərgilər təşkil olunub. Belə tədbirlərin keçirilməsi də əhəmiyyətlidir. Bu, həm də məhkumların məşğulluğunun artırılmasına, cinayətlə vurulmuş ziyanın ödənilməsinə, onların zərərli vərdişlərə meyl etməkdən çəkindirilməsinə xidmət edir.

Lakin təbii ki, bu sahədə görülən işlər heç də kifayət deyil. Dövlət başçısının mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb olunması ilə bağlı tapşırıqları qarşımızda yeni prioritetlər qoyub. Hazırda aidiyyəti qurumlarla sıx əlaqələr qurmaq və yeni yanaşmalar tətbiq etməklə bu sahədə köklü dəyişikliklərə nail olmaq üçün tədbirlər hazırlanır”.
Fikrət Məmmədov bildirib ki, cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsi də mühüm əhəmiyyət kəsb edən sahə olmaqla, nizam-intizamın, rejimin, təhlükəsizliyin təmin olunmasına mühüm təsir göstərir. “Sərəncamda verilmiş tapşırıqlara uyğun olaraq penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsi bu sahədə işin keyfiyyətinin artırılmasına zəruri töhfə verəcəkdir.

Həmçinin, "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sisteminin təşkili ilə bağlı dövlət başçısının tapşırıqlarının icrası qarşımızda duran əsas vəzifələrdəndir. Bununla əlaqədar hazırda Penitensiar xidmətdə mövcud elektron baza sisteminin genişləndirilməsi üzrə işlər aparılır və bu zaman cəzaları icra edən orqan və müəssisələr arasında real vaxt rejimində qarşılıqlı məlumat mübadiləsinin təmin olunmasına, belə sistemlərlə bağlı qabaqcıl beynəlxalq təşkilatların müəyyən etdiyi meyarların tətbiqinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, sərəncamda məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada çəkilməsi və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması, bu sahədə korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün tədbirlərin görülməsi nəzərdə tutulub”.
Nazir bildirib ki, ərəncamda məhkumların cəzadan vaxtından əvvəl azad etmə institutunun geniş tətbiqi ilə bağlı məsələ qaldırılıb.  

(ardı var)

Xəbər xətti