Həbsxanada cəza çəkən məhkumların əməyi ancaq həbsxana ərazisində təşkil olunur

18:09 - 4 May 2018 - KİVDF

Məhkumların əməyindən istifadə edilməsi, qadağan olunan işlərin və vəzifələrin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, o cümlədən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimaiyyətin iştirakına, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə, dövlət orqanlarının fəaliyyətində ictimai nəzarətin tətbiqinə xüsusi önəm verilir. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan olmuşdur. Ədliyyə Nazirliyi tərəfindən də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət diqqətdə saxlanılaraq onların nümayəndələrinin müxtəlif tədbirlərdə, o cümlədən nazirliyin kollegiya iclaslarında, konfrans və seminarlarda, habelə qulluğa qəbulla bağlı keçirilən imtahanlarda iştirakları təmin olunur, ədliyyə işinin müxtəlif istiqamətləri üzrə birgə “açıq qapı” günləri keçirilir, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üzrə monitorinqlər vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində aparılır. Eyni zamanda, penitensiar sistemdə səmərəli ictimai nəzarət mexanizmi tətbiq olunur. Tərkibi tanınmış qeyri-hökumət hüquq müdafiə təşkilatlarından ibarət olan İctimai Komitə maneəsiz olaraq penitensiar müəssisələrə baş çəkərək monitorinqlər aparır, məhkumlarla görüşür, müxtəlif hüquqi yardımlar göstərir və haqlarının təmin edilməsi işinə töhfələr verir. Bu sahədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombustman) fəaliyyətini xüsusulə qeyd etmək lazımdır. Ombutsman daima məhkularının hüquqlarına əməl edilməsinə nəzarət edir, onun pozulmasının qarşısını alır. 

Qeyd edək ki məhkumların  bir sıra hüquqları var. Ombudsman bilirib ki, bu hüquqlardan biri də ictimai faydalı əməklə məşğul olmaq hüququdur. “Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Bu hüquq məhkumlara da aiddir. Hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. Məhkumlar bir qayda olaraq, cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində və cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə, təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində müdriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində üşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər. Həbsxanada cəza çəkən məhkumların əməyi ancaq həbsxana ərazisində təşkil olunur. Məhkumların əməyindən istifadə edilməsi, qadağan olunan işlərin və vəzifələrin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. Məhkumlara əmək mübahisələrinin həlli üçün əmək fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir”.

Məhkumların pensiya və ya sosial müavinət almaq hüququ da daima Ombudsmanın diqqət mərkəzindədsir. “ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu konstitusion hüquqlar məhkumlara da aiddir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər dövlət məcburi sığortalanmasına cəlb edilir, qadın məhkumlar isə bundan əlavə ümumi əsaslarla hamiləliyə və ya doğuşa görə müavinətlə təmin olunurlar. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümimi əsaslarla qanunvericilikdə nəzərdə tutulmuş hallarda pensiya təminatı hüququna malikdirlər. Məhkumların pensiyalarından qanunvericiliklə müəyyən edilmiş əsaslarla və miqdarda tutmalar aparılır. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların şəxsi hesabına, bütün tutulmalı məbləğlərdən asılı olmayaraq onlara hesablanmış aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı iyirmi beş faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumların, birinci və ikinci qrup əlilliyi olan məhkumların, yetkinlik yaşına çatmayanların və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınların şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı əlli faizi keçirilir. Məhkumların həmçinin öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası, şərtləri barəsində məlumat almaq hüququ vardır. Məhkumlar cəzaçəkmə müəssisələrinə cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına uyğun olaraq müdriyyət tərəfindən qəbul edilirlər. Cəzaçəkmə müəssisələrinə yeni qəbul edilmiş məhkumlar iki həftəyədək müddətə başqa məhkumlardan ayrı saxlanılırlar. Məhkumların ayrı saxlandığı müddətdə cəzaçəkmə müəssisəsinin müdriyyəti tərəfındən onların hüquq və vəzifələri, qanunla nəzərdə tutulmuş əmək və istirahət şəraiti izah olunmalı, cəzanın icrasını tənzimləyən qanunvericilik aktları və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə tanış olmaları üçün şərait yaradılmalıdır”,-Ombudsman bildirib. “Biz bu hüquqlara əməl olunmasına çalışırıq”.

Dövlətimiz eyni zamanda cəmiyyətin həssas qruplarına daxil olan məhkumların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması, onların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı, sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər görür. Bu məqsədlə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun qəbul olunubdur. Aparılan islahatlar çərçivəsində təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsi üçün respublikanın müxtəlif regionlarında yeni penitensiar komplekslər inşa olunur, həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələri yaxından iştirak edir.
Eyni zamanda, insan hüquqları və islah işinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə institutu tətbiq olunur. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə yeni praktikanın tətbiqinə başlanılaraq tərkibi nazirliyin, o cümlədən Penitensiar Xidmətin təcrübəli məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları və hüquq müdafiəçilərindən ibarət xüsusi Komissiya formalaşdırılıb. Fəaliyyəti qanunçuluq, şəffaflıq və obyektivlik kimi əsas meyarlar üzərində qurulmuş Komissiya tərəfindən qanunun tələblərinə ciddi əməl olunması, subyektiv amillərin və qərəzli münasibətin qarşısının alınması, hər məhkuma fərdi yanaşılması, onların real islah edilməsi məsələsi hərtərəfli araşdırılır. Belə ki, Komissiya tərəfindən bütün cəzaçəkmə müəssisələrinə baş çəkilərək, məhkumların işləri öyrənilməklə onlarla görüşülür, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya daha yüngül cəza ilə əvəz etmənin mümkünlüyü ətraflı nəzərdən keçirilir, məhkumlara hüquqi yardım göstərilir, zəruri izahlar verilir, tərbiyəvi tədbirlər və təbliğat işi aparılır.

Son dövrdə Komissiyanın şəffaf və obyektiv fəaliyyəti nəticəsində həqiqi islah yoluna qədəm qoymuş və əhalinin bütün təbəqələrini əhatə edən yüzlərlə məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 95 faizi müsbət həll edilibdir. Bu yeni təcrübə böyük rəğbətlə və minnətdarlıqla qarşılanır, məhkumlar və onların yaxınları tərəfindən nazirliyə çoxsaylı təşəkkür məktubları daxil olur. Belə bir müsbət praktikanın tətbiqi məhkumların sosial reabilitasiyasına böyük imkan yaradır, onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş edir. Ən əsası isə belə bir institutun tətbiqi insanlarda haqqa və ədalətə inamı artırır, dövlətimizin hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin, humanizm ideallarının uğurla həyata keçirilməsini, Azərbaycan Prezidentinin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı aparılan sərt mübarizənin real nəticələrini əyani nümayiş etdirir.

 (ardı var)

 

Xəbər xətti