Ana səhifə
19 Oktyabr 2018

“Hamıdan gizlin nikah kəsdirdik”

Gülüstan Əliyeva: “Rəfiqəm dedi ki, ona kənddən ayrı qız alacaqlar, boşuna sevdaya düşmə”

“Dərsdən çıxanda oğlanla görüşdük. Hər insanın xasiyyəti fərqlidir, onunku da həmçinin... Sevgisini çox qəribə formada bildirdi. “Səni sevirəm” demədi, amma danışdıqlarından bildirdi ki, məndən xoşu gəlir. Düzünü desəm, həmin oğlandan çox xoşum gəlirdi. Hüquq fakültəsində oxuyurdu, çox savadlı idi. Evə gələn kimi xəbəri Şəhlaya verdim. Şəhla dedi ki, yox, ay qız, onlar səni almazlar” - bu sözləri bizimlə söhbətində “Keçmişdə” rubrikasının qonağı, Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist, Prezident Mükafatçısı Gülüstan Əliyeva dedi.  Həmin müsahibəni sizlərə təqdim edirik. 

“Atam həyata keçirə bilmədiyi arzularını bizdə görmək istəyirdi”

1967-ci il, aprel ayının 8-də Yevlax rayonunda dünyaya göz açan müsahibimiz deyir ki, hamı kimi o da sadə bir ailədə, milyonlardan biri kimi böyüyüb: “Atam sürücü, anam isə evdar qadın olub. Ailədə beş uşaq - dörd bacı, bir qardaş olmuşuq. Düzdür, atam həmişə bizim gözüaçıq böyüməyimizi, musiqiçi olmağımızı istəyirdi. Atam həyata keçirə bilmədiyi arzularını bizdə görmək istəyirdi və heç vaxt dörd qızı olduğu üçün peşman deyildi. Axı bizə qayda var ki, evdə oğul övladı çox olmalıdır. Yevlax rayonunun 4 saylı məktəbində oxuyurdum. Məktəbdə yavaş-yavaş seçilməyə başlayırdım. Belə ki, mədəniyyət tədbirlərində fəal şəkildə iştirak edir və mahnı oxuyurdum. Orta məktəbdə oxuyanda atam məni və bacılarımı musiqiyə cəlb elədi. "Pionerlər evi"ndə musiqi təhsili almışam. Həmişə pambıq yığımına gedəndə rəfiqlərim mahnı oxumağımı xahiş edərdilər. Sinif yoldaşlarım məktəbdəki o qədər siniflərin içərisində mahnı oxuyan bir adamla eyni sinifdə olduqları üçün həmişə fəxr edirdilər”. 

“Əllərimi oynadanda ayağım yaddan çıxırdı” 

Gülüstan xanımın sözlərinə görə, ailəsi musiqisevər olub: “Televizorda musiqi çalınan kimi atam hamımızı qaldırırdı ki, durun oynayın. Biz rayonda yaşayırdıq. Təbiidir ki, bölgələrdə qapalı bir mühit var idi. Harasa getmək, rəqs etmək, yəni belə şeylər yox idi. Kiçik bacım çox gözəl rəqs edirdi, mən isə yox. Əllərimi oynadanda ayağım yaddan çıxırdı, utanırdım. 15 yaşıma qədər belə olmuşam. Artıq Bakı həyatı başlayandan sonra müstəqil olduq, hər şey dəyişdi ”.

“Mənim üçün tədbirlər, konsertlər daha maraqlı idi, nəinki sevmək”

Müsahibimiz deyir ki, siniflərində 38 uşaq var imiş, bu qədər uşağın içindən riyaziyyat müəllimi həmişə ona artist deyirmiş: “Müəllimin bu sözündən həmişə pərt olurdum ki, bu qədər uşaq ola-ola niyə mənə deyir. Sonra illər keçdikcə başa düşdüm ki, həmin riyaziyyat müəllimi məndəki o ayrıcalığı hiss edirmiş, görürmüş. İnanıram ki, cəmiyyətdə Allahın seçdiyi insanlar həqiqətən də var. Düşünürəm ki, sənət məni seçdi. 1981-ci ildə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində üç turun üçündən də əla qiymət alıb müsabiqənin qalibi oldum və seçildim. Bundan sonra 1982-ci ildə Yevlaxdan Bakıya - Bülbül adına Orta İxtisas Musiqi Məktəbində solo oxuma şöbəsinə daxil oldum. İslam Rzayevdən muğamın sirlərini öyrəndim. 1985-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirdim. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu biz olduq. İlk qəbul olunan mən və iki oğlan olmuşdu. Onlar əsgər getdilər, sinifdə tək mən qaldım. Oğlanlarin diqqəti üzərimdə idi, mənə diqqət göstərirdilər. Yemək yeməyə gedəndə özləri mənə yaxınlaşırdılar, yaxud kimdənsə xəbər göndərirdilər. Amma mənim üçün konservatoriyada keçirilən tədbirlər, konsertlər, teatra getmək daha maraqlı idi, nəinki kimisə sevmək...”.

“Səni sevirəm, demədi, amma...”

Konservatoriyada vokal kafedrasında oxuyarkən Şəhla adında gənc bir qızla kirayədə qalırdıq. Həmin qızın əmisioğlu Bakı Dövlət Universitetində oxuyur, tez-tez Şəhlaya baş çəkməyə gələrdi: “Həmin oğlan axırıncı kurslarda idi, bir gün konservatoriyaya gəldi. Düşündüm ki, yəqin əmisiqızına sözü var deyə gəlib. Yaxınlaşıb soruşdum ki, Zahid Şəhlanı gözləyirsən? Dedi, yox, səni gözləyirəm, sözüm var, görüşmək istəyirəm. Bu sözdən çox qəribə oldum, dedim yaxşı. Həmin vaxt üçüncü kursda oxuyurdum. Dərsdən çıxanda oğlanla görüşdük. Hər insanın xasiyyəti fərqlidir, mənə sevgisini çox qəribə formada bildirdi. “Səni sevirəm” demədi, amma danışdıqlarından bildirdi ki, məndən xoşu gəlir. Düzünü desəm, ondan çox xoşum gəlirdi. Həm hüquq fakültəsində oxuyurdu, həm də çox savadlı oğlan idi. Evə gələn kimi xəbəri Şəhlaya verdim. Şəhla dedi ki, onun ailəsi səni almazlar. Bu sözdən çox pis oldum, dedim niyə? Mən pis qızam ki? Dedi, yox sən artistsən. Onların ailəsi çox qapalıdır, həm də onun başqa “dehli”si var,  valideynləri ona kənddən ayrı qız alacaqlar, boşuna sevdaya düşmə. Onların nəsli çox geniş şəcərəlidir. Kənardan nə qız almırlar, nə də ki vermirlər”.

“Jaketdə barmaqlarının qoxusu qalıb” 

Gülüstan xanım deyir ki, oğlan hüquq fakültəsini bitirib, öz rayonlarına, Cəbrayıla təyinat aldı: “Bir gün gəldi ki, öz rayonumuza təyinat almaq istəyirəm. Dedim ki, sən əlaçısan, universitetdə daha yaxşı işlər təklif edirlər. Həm mənim də sənətim Bakıya bağlıdır. Niyə rayona getmək istəyirsən? O vaxtı ermənilərlə müharibə başlamışdı. Dedi ki, rayonumuz sərhəddir, orda valideynlərimin yanında olmaq istəyirəm, birdən atam ya nənəm ölər, gedib onlara çata bilmərəm. Düşündüm ki, necə də öz ailəsinə bağlı adamdır. Gedəndən sonra 10-15 gündən bir telefonla danışırdıq. Bir dəfə danışanda dedi ki, Xankəndinə gedəndə yaman soyuq olur. Mən də onu düşünüb, palıdı rəngdə jaket toxudum. Bakıya gələndə jaketi verdim, dedim, ora çox soyuqdur, geyinərsən. Jaketi alıb qoxuladı. Səbəbini soruşanda isə dedi ki, jaketdə barmaqlarının qoxusu qalıb”.

“Hamıdan gizlin nikah kəsdirdik”

Gülüstan xanıma bir gün zəng vurub ki, Bakıya gəlirəm, səninlə mühüm söhbətim var: “Gələndə bildirdi ki, gənc kadr olduğum üçün orada mənə ev verirlər. Amma şərtləri var, nikahım olmalıdır. Dedi ki, Gülüstan, onsuzda biz evlənəcəyik, gəl indi evlənək ki, ev versinlər. Bir qədər düşündüm, sonra şəxsiyyət vəsiqəmi çıxarıb verdim. Onu da deyim ki, hələ heç birimizin ailəsinin xəbəri yox idi. Hamıdan gizlin nikah kəsdirdik. Evi aldı, təmir etdirdi. Mən beşinci kursda oxuyanda artıq onların evində “müharibə” gedirmiş. Valideynləri məni almaq istəmirlər, yad qızıdır, artistdir - deyirlər. Zahid çox güclü və inadkar adam olduğu üçün valideynlərini yola gətirdi və elçi gəldilər. Dörd gün toyumuz oldu. Nə toyumuzdan, nə də nişanımızdan şəklimiz yoxdur. O məni, təsəvvür etmədiyim qədər çox sevirdi. Bir dəqiqə boş vaxtı olan kimi yanımda olmaq istəyirdi. İlk övladımız olan zaman çox qorxmuşdu, elə bilirdi ki, öləcəyəm. Mən xəstəxanadan aşağı düşəndə o qədər sevindi ki...”

İnsan ölümü hiss edir...

Gülüstan xanım deyir ki, yoldaşı axşam yerində uzananda qəfil ayağa qalxıb: “Dedi ki, elə bildim yerimin içində ilan var, ayağıma dolaşıb, sivrildi düşdü. Gecə saat 4-dür, yorğan-döşəyi tökmüşük. Həmin gecə səhərə kimi yata bilmədik, heç uşaq da yatmadı, narahat idik. Elə bil nəyisə hiss edirdi. Səhər açılan kimi kənddən problemlərini həll etdirmək üçün Zahidin yanına gəlirdilər. Bu dəfə tapşırdı ki, kim gəlsə de ki, evdə yoxdur, bir az yatım. Amma səhər yenə durub işə getdi.  Zahid işə gedəndən sonra televizoru açdım, Rübabə Muradova oxuyurdu. İçimdə çox qəribə hiss var idi, nə qədər ağladım, özümə yer tapa bilmirdim, içimə çox qəribə bir hiss dolmuşdu. Çölə çıxırdım, içəri girirdim. Günorta saat 1-ə işləmiş qohumumuz gəldi, üzümə baxır, amma heç nə deyə bilmirdi. Hiss elədim ki, ona nə isə olub. Sadəcə dedi ki, sən düz fikirləşirsən... Evdən xəstəxanaya kimi 2 km yolu piyada necə qaçdığımı bilmədim. Qaynatamgilin yadlığını xəstəxanada hiss elədim, məni içəriyə buraxmadılar.  Bəlkə onun mənə son sözləri olacaqdı...”.

“...bəlkə də, mən bu gün həyatda olmazdım” 

Gülüstan xanım yoldaşının itkisindən sonra düşünüb ki, oğlu üçün bir şeylər etməlidir: “Sənətə qayıtmağı düşündüm və qayıtdım. İnsanlar tərəfindən qəbul edildim, sevildim.  Oğlum olmasaydı, həyat yoldaşımdan sonra bəlkə də, mən bu gün həyatda olmazdım. Bəlkə də, həyatın dibinə sürüklənərdim. Oğlum mənim yaşama səbəbim oldu”.

Könül Əhmədova

Tarix
3 May 2018 [19:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin