Tələbələr qan donorluğu ilə bağlı maarifləndiriləcək

17:59 - 3 May 2018 - Cəmiyyət

 Tibb elminin əldə etdiyi nailiyyətlər artıq əksər xəstəliklərin qarşısını almağa imkan verir. Bu gün bütün dünyada olduğu kimi respublikamızda da müasir tələblərə cavab verən səhiyyə ocaqları tikilib, həmin müəssisələr ən müasir tibbi avadanlıqlarla təmin olunub, müvafiq kadrlar hazırlanıb. Azərbaycanın səhiyyə müəssisələrin ən mürəkkəb cərrahi əməliyyatları aparmaq, orqan transplantasiyalarını həyata keçirmək mümkün olub və onlarla uğurlu nəticələr var. Bütün bunlara baxmayaraq, elə xəstəliklər var ki, onun qarşısında tibb elmi də acizdir. Bu xəstəliklərdən xilas olmağın yolu isə həm də insanların öz əlindədir. Belə xəstəliklərdən olan qan xəstəliklərinin də qarşısının alınmasının əsas yollarından biri əhalinin bu istiqamətdə maarifləndirilməsidir. 

“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi də yarandığı gündən əhalinin maarifləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirir. Təşkilatın layihə rəhbəri Emin Nəbili deyir ki, 2009-cu ildən fəaliyyət göstərən təşkilat qan xəstəliklərinin qarşısının alınması, qan xəstəliklərindən əziyyət çəkən şəxslərin problemlərinin ictimailəşdirilməsi və onların həlli istiqamətində tədbirlər görür: “Son illər respublikamızda aparılan maarifləndirmə tədbirləri nəticəsində qan donorlarının sayı artsa da, əhalinin sayına görə yetərli deyil. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının məlumatına görə, respublikamızda donorların sayında artım qeydə alınıb. Lakin 10 milyon əhali ehtiyatına malik ölkəmizdə ən azından 150-170 min nəfər qan donoru olmalıdırsa, hazırda Azərbaycanda cəmi 75-80 min nəfərədək qan donoru var. Onu da qeyd etmək lazımdır ki, bu donorların içərisində əsas qan verənlər qohum donorlardır. Qan verən şəxslərə baxdıqda isə onların əksəriyyətinin yaşı 30-dan artıq olur. 30 yaşdan aşağı insanların qan verməsi faktları çox azdır. Təbliğat zəif olduğundan ali məktəblərin bir neçəsi istisna olmaqla, əksəriyyətində qanvermə kampaniyaları demək olar ki, keçirilmir. Əvvəlki illərin statistikasına baxdıqda görürük ki, 1980-ci ilədək əsas qan donorları tələbələr olub. Digər tərəfdən bu gün Aşura günü və digər kütləvi qanvermə aksiyaları zamanı qan vermək istəyənlərin sayı həddindən artıq çox olsa da, digər vaxtlarda qan donorları yetərincə olmur. Bu cür aksiyalar təkcə xüsusi günlərdə deyil, sistem şəklində həyata keçirilsə daha effektiv olar. Həm də nəzərə alınmalıdır ki, qan ehtiyatı tükənə bilən məhsuldur. Həmçinin, qanın saxlanma müddəti var. Eritrosit kütləsi qanın tərkibindəki qoruyucu maddədən asılı olaraq bir ay və ya 42 gün saxlanıla bilər. Bu baxımdan hər ay bu ehtiyat yenilənməlidir. Ona görə də, mütəmadi donorlara ehtiyac duyulur”. 

E.Nəbilinin sözlərinə görə, təşkilat may ayının 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qan xəstəlikləri və qan donorluğu ilə bağlı ictimai maarifləndirmənin keçirilməsi”  layihəsinə start verirb: “Layihənin məqsədi gənclərin qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, qan donorluğu ilə bağlı maarifləndirilməsi ilə dövlətin bu istiqamətdə gördüyü işlərə ictimai dəstək verməkdir. Layihə Bakı şəhərində, Mingəçevir, Ağdaş və Qəbələ rayonlarının ərazisində icra ediləcək. Layihə çərçivəsində həmin rayonlarda yerləşən ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələr arasında maarifləndirmə işləri aparılacaq. Həmin təhsil ocaqlarında tələbələrlə keçirilən  görüşdə ekspertlər qan xəstəlikləri, qan donorluğu, donorluğun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı onlara məlumat veriləcək.

Həmçinin, respublikamızda qan xəstəliklərinin qarşısının alınması istiqamətdə görülən işlər, əldə olunan nəticələr, qan xəstəliklərindən müalicə imkanları, qan donorluğunun mövcud vəziyyəti, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı maarifləndirmə xarakterli yazılar hazırlanaraq mətbuatda dərc ediləcək. Eyni zamanda qan xəstəliyi, onu yaradan səbəblər, keyfiyyətli müalicə, qan donorluğu ilə bağlı məlumatların toplandığı buklet çap edilərək əhali arasında yayılacaq”.

Xəbər xətti