Ölüm cəzasının ləğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu sübut etdi

18:05 - 2 May 2018 - KİVDF

Bu cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addımdır

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub. Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olub. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir. Beləliklə, ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi.

Şərq aləmində ilk dəfə olaraq, ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini  bir daha təsdiqləmişdir.  Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım olub.  Bunu ədliyyə naziri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, ümummilli liderimiz 3 fevral 1998-ci il tarixli müraciətində deyirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Bir qədər sonra, həmin ilin dekabrında BMT-nin Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illik yubileyi tədbirində bu addıma qiymət verərək, o demişdi: "Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir".  Bəli, ölüm hökmünün ləğv edilməsi bir daha ölkəmizin humanist siyasət aparan bir dövlət olduğunu göstərdi. Ölüm hökmü ömürlük azadlıqdan məhrum etmə ilə əvəzləndi. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Ölüm cəzasının ləğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi.

Hüquq müdafiəçisi Çingiz Qənizadə Azərbaycanda ölüm cəzasının ləğvini düzgün addım kimi qiymətləndirib və ölkənin Avropa məkanına inteqrasiyası baxımından əhəmiyyətli olduğunu deyib. Bununla yanaşı, Qənizadə hesab edir ki, xüsusi kateqoriyadan olan ağır cinayətlərə görə, ölüm cəzasının saxlanmasının tərəfdarıdır. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu da ölüm cəzasının ləğvini humanist addım kimi dəyərləndirir. "Bəzən elə hallar olub ki, şəxsə ölüm cəzası verilib, lakin sonradan həmin şəxsin cinayəti törətmədiyi məlum olub. Bu baxımdan da ölüm cəzasının ləğvi düzgündür", - İbrahimoğlu bildirib. İbrahimoğlu bəzi ağır cinayətlər üzrə nəzəri də olsa, ölüm cəzasının saxlanılmasının tərəfdarıdır. "Pedafiliya kimi cinayətlər var ki, bu cinayətlərə görə, ölüm cəzası saxlanılmalıdır. Ölüm cəzası ilə belə ağır cinayətlərin qarşısını almaq olar",- Mərkəz rəhbəri vurğulayıb.

Qeyd edək ki, ömürlük azadlıqdan məhrum etmə Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir. Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Məlum qərara görə, ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.(57.3 bənd). Bu maddənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü on  ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Qeyd edək ki, qərar qəbul olunana qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Bu zaman ədalət prinsipi öndə olub. Ümumiyyətlə, ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Məhz buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.

Çoxdan unudulmuş əfv və amnistiya institutlarının ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Bununla bağlı Fikrət Məmmədov bildirib ki, məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilib. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılayıb. Bu gün bu sahədə ümummilli liderin siyasi xəttini Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə də yüksək dəyərləndirilir.

Əfv üçün isə məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə baxılır. “Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, təhlillər aparılır. Həmçinin, zərərçəkmiş şəxsin narazı olub-olmadığı araşdırılır. Ümumilikdə, əfv siyahısına kimlər düşəcək bunu kimsə deyə bilməz. Biz yalnız bu və digər şəxslərlə bağlı məlumatları dinləyir və qərar hazırlanması ilə bağlı rəy veririk. Rəyin nəzərə alınıb-alınmaması cənab prezidentin səlahiyyətində olan məsələdir. Çünki bu, prezidentin müstəsna səlahiyyətlərinə aiddir”. Bunu Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Əliməmməd Nuriyev qeyd edib ki, 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması ilə bağlı amistiya aktı qəbul edilə bilər.

Komissiya üzvü bildirib ki, Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib.  Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir. 

Xəbər xətti