Konstitusiyaya görə respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır

18:27 - 1 May 2018 - KİVDF

Hər bir hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə oluna bilər

Müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Təsadüfi deyil ki, 1993-cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan ulu öndər 1997-ci ildə deyəcək: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir". Bunu ədilliyə naziri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. "Dövlət - dövlətçiliyi qorumalıdır" fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarzəyə başlanıldı. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu”.

Fikrət Məmmədov qeyd edib ki, demokratik hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. “Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. “Danılmaz faktdır ki, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.
Q eyd edək ki, hüquqi aktlar iyerarxiyasında zirvədə qərarlaşan konstitusiyalar ictimai-siyasi həyatın hüquqi çərçivəsini müəyyənləşdirir. Bu, konstitusiyaların ictimai və siyasi həyatı müəyyənləşdirməsi kimi başa düşülməməlidir. Bu barədə Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: “ Konstitusiya hər hansı bir ölkədə real-praktiki zəmin olmadan təsəvvür edilə bilməz. Bununla yanaşı, ictimai və siyasi həyatı müəyyənləşdirici olmasa belə, konstitustyalar mövcud ictimai-siyasi münasibətlərə təsir gücünə malikdirlər. Konstitusiyanm dövlətə hüquqi yollarla təsir etməsi və onu formalaşdırması gücü qanunun aliliyi kimi ifadə edilə bilər. Beləliklə, konstitusiyalar mövcud münasibətləri əks etdirməklə yanaşı, eyni zamanda istiqamətləndirici funksiyaya da malikdirlər. Hüquq normaları əsas etibarı ilə ictimai-siyasi münasibətlərin dinamikasına bağlı olaraq, ehtiyac hiss olunduqca böyüdülə və yaxud kiçildilə bilər. Bu baxımdan insan hüquq və azadlıqları digər hüquq normalarından fərqlənir. İnsan hüquq və azadlıqlarının asanlıqla dəyişdirilməsinin sui-istifadə hallarına yol açma ehtimalı nəzərə alınaraq, onları konstitusiya normasına çevirmək daha məqbul hesab edilmişdir. Çünki məlum olduğu kimi, konstitusiyalar digər hüquq normalarından fərqli olaraq, dövlət sisteminə təsir edən ciddi səbəblər olmadan, dəyişdirilə bilməz”.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası kifayət qədər bitkin və mükəmməl hüquqi sənəddir. Təsadüfi deyil ki, bu gün qanuni iftixar hissi ilə xalqımız ümummilli liderimiz Heydər Əliyevi müstəqil, suveren və demokratik Azərbaycan Respublikasının xilaskarı və qurucusu sayır, ona sonsuz təşəkkür və minnətdarlığını bildirir, müstəqilliyimizin ən böyük, ən mühüm hüquqi sənədi olan Konstitusiyamızı "Heydər Əliyev" konstitusiyası adlandırır. Eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Konstitusiyanın qəbul edilməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı. Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməli olan, habelə cəmiyyət üzvləri tərəfindən həvalə edilən və etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasındadır”.
Siyavuş Novruzob bildirib ki, Konstitusiyanın ən üstün və fərqli cəhətlərindən digəri budur ki, orada ictimai quruluş haqqında konkret müddəa yoxdur, iqtisadi münasibətlərin forma və inkişafını məhdudlaşdıran heç bir sədd müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə insan azadlığına və onun fəaliyyətinin sərbəstliyinə tam təminat verir. “Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetmənin prinsiplərini, dövlət ilə xalq arasındakı münasibətləri əks etdirir, hüquqi, demokratik, dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır.

Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir. Konstitusiyaya görə respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Hər bir hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə oluna bilər. Hakimiyyətin təşkili prinsipi isə dünyanın demokratiya cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış səlahiyyət bölgülərinin həyata keçirilməsidir. Beləliklə, hakimiyyət icra, qanunverici və məhkəmə hakimiyyətlərinə bölünərək yüksək hüquqi imperativlərə və hüququn aliliyinə tabe edilmişdir. İcra, qanunverici və məhkəmə orqanlarının hüquqları konkret və düzgün müəyyənləşdirildiyindən hakimiyyət orqanlarının bir-birini çəkindirə bilməsi də real surətdə təmin olunmuşdur”.

(ardı var)

Xəbər xətti