Dövlət müəyyən şərtlər daxilində insan hüquqları və azadlıqlarını məhdudlaşdıra bilər

18:20 - 27 Aprel 2018 - KİVDF

Məhdudlaşdırmalar yalnız Konstitusiya və qanunlar əsasında həyata keçirilə bilər 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azalıqların təmininə sadiqliyin ifadəsidir.

Respublikamızın universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutmuşdur. Beynəlxalq müqavilələr dövlətlər arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla milli qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.

Beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə əməl olunması dövlət daxilində həyata keçirilən təşkilati və hüquqi tədbirlərdən asılıdır.
İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. Respublikamızda pacta sunt servanda (müqavilələr icra olunmalıdır) pirinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi davam etməkdədir. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsidir.

«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı da məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmlənməsinə yönəlmişdir. 
Hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, insan hüquq və azadlıqlarının Konstitusiya ilə təsbit olunmuş  prinsiplərinə hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı, insan hüquqları və azadlıqlarına dair beynəlxalq hüquq normalarının üstünlüyü, hüquq və azadlıqların təminatlı olması, hüquq və azadlıqların birbaşa qüvvəsi aiddir.”Hüquq və azadlıqların universal xarakteri onların yaranmasının mexanizmini və əsaslarını ifadə edir. Belə ki, Konstitusiyaya uyğun olaraq insan anadangəlmə, yəni doğulduğu vaxtdan etibarən Konstitusiya və qanunlarla elan olunmuş hüquq azadlıqlara malik olur, onların daşıyıcısına çevrilir”.Onun sözlərinə görə, hüquq və azadlıqların toxunulmazlığı onlara hər cür qanunsuz və özbaşına qəsdin yolverilməzliyini ifadə edir. “ Hüquq və azadlıqların pozulmazlığı insan hüquqları və azadlıqlarının aliliyini, oların hər hansı normativ akt və ya vəzifəli şəxs tərəfindən iəğv olunmasının, yaxud özbaşına məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edir. Ayrılmazlıq hüquq və azadldıqların insan iradəsindən asılı olmayraq mövcud olduğunu, ictimai varlıq kimi insanın təbiətindən irəli gəldiyini, onun zəruri atributu olduğunu ifadə edir.

Hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bütövlükdə onu onu ifadə edir ki, dövlət heç vaxt insanı onun hüquqlarından və azadlıqlarından məhrum edə bilməz. İnsan hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bir prinsip kimi Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsində təsbit olunur. Həmin maddədə müəyyən edilir ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.Hüquq və azadlıqların toxunulmazılığı, pozulmazlığı və ayrılmazlığı Konstitusiyanın 155-ci maddəsinin belə bir müddəası ilə də təmin olununur ki, Konstitusiyanın insan hüquqları və azadlıqlarını nəzərdə tutan müddəalarının məhdudlaşdırılması haqqında təkliflər Konstitusiya dəyişikliyinin predmeti ola və referenduma çıxarıla bilməz”.

 Lakin qeyd etmək lazımdır ki, insan hüquqları və azadlıqlarının universallığı, toxunulmaz, pozulmaz və ayrılmazlığı hüquq və azadlıqların mütləq, qeyri məhdud xarakter daşıdığını ifadə etmir. Konstitusiyanın 71-ci maddəsi müəyyən edir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Bu, o deməkdir ki, dövlət müəyyən şərtlər daxilində insan hüquqları və azadlıqlarını məhdudlaşdıra bilər. Lakin belə məhdudlaşdırmalar yalnız Konstitusiya və qanunlar əsasında həyata keçirilə bilər. İnsan hüquqları və azadlıqları həmçinin digər şəxslərin hüquqları və azadlıqları ilə məhdudlaşır. Bu, o deməkdir ki,  şəxsin öz hüquqlarını və azadlıqlarını həyata keçirməsi, digər şəxslərin hüquqlarını və azadlıqlarını  məhdudlaşdırmamalı və onlara heç bir ziyan vurmamalıdır.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununa əsasən insan hüquqları və azadlıqlarının məhdudlaşdırıla bilməsinin aşağıdakı şərtlərini müəyyən edir:

1) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər;
2) İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir;
3) İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir;
4) İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və həmin Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
Qeyd etmək lazımdır ki, bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilmişdir və həmin Konvensiyaya tamamilə uyğundur.
İnsan hüquq və azadlıqlarının  Konstitusiya və qanunlar əsasında, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşdırılması  ümumi və daimi xarakter daşıyır, konkret hallardan asılı olmayaraq müəyyənləşdirilir. Bundan başqa, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edir ki, dovlət və cəmiyyət həyatının ayrı-ayrı konkret vəziyyətlərində insan hüquqları və azadlıqlarnın həyata keçirilməsi müvəqqəti məhdudlaşdıra bilər.  “Mülki və siyasi hüquqlar haqqında  Beynəlxalq Pakt”ın 4-cü maddəsində nəzərdə tutulur ki, millətin taleyini təhlükədə qoyan və mövcudluğu rəsmi surətdə elan edilən fövqəladə vəziyyət yarandıqda dövlət aşağıdakı şərtlərə riayət etməklə  insan hüquqları və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilər:
– hüquq və azadlıqların məhdudlaşdırılması vəziyyətin kəskinliyinin tələb etdiyi həddə olmalıdır;
–  belə məhdudlaşdırmalar dövlətin beynəlxalq  hüquqa  dair digər öhdəliklərinə zidd olmamalıdır;
– məhdudiyyətlər irq, dərinin rəngi, cins, dil, din, yaxud sosial mənşəyə görə ayrı- seçkiliyə (diskriminasiyaya) səbəb olmamalıdır.

Qeyd etmək lazımdır ki, həmin Beynəlxalq Pakta görə bəzi hüquq və azadlıqların məhdudlaşdırılması ümumiyyətlə yolverilməz hesab olunur. Belə ki, yaşamaq hüququ, qəddar, insanlıqdan kənar işgəncələrə, insan ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamaq, köləlikdə və asılı vəziyyətdə saxlanılmamaq, müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməzlik, törədildiyi vaxt cinayət sayılmayan əmələ görə məsuliyyətdən azad olmaq, hüquq subyekti kimi qəbul edilmək hüquqları, fikir, vicdan və din azadlığı heç bir halda, o cümlədən fövqəladə vəziyyət dövründə məhdudlaşdırıla bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin üçüncü hissəsində müəyyən olunur ki, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasınm beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

Xəbər xətti