Əmək Qanunvericiliyi Əmək müqaviləsi bağlamış işçilərə geniş hüquqlar və təminatlar verir

18:11 - 27 Aprel 2018 - KİVDF

Əmək müqaviləsi ilə işləyən işçini işəgötürənin mülahizələri ilə işdən azad etmək olmaz

Hüququn ən geniş yayılmış və eləcə də Azərbaycanda qüvvədə olan mənbəyi normativ-hüquqi aktlardır. Normativ-hüquqi aktlar hökumətin hüquqyaratma fəaliyyəti nəticəsində yaradılan və özündə hüquq normalarını ifadə edən aktlardır. Onlar hüquq normalarının müəyyən edilməsinə, yaradılmasına, dəyişilməsinə və ləğv edilməsinə yönəldilir. Azərbaycan Respublikasında daxili münasibətlər sisteminin tənzimlənməsi mexanizmi hesab etdiyimiz hüquqi aktlar ölkənin qanuvericilik bazasından ibarətdir. Ümumiyyətlə, Azərbaycan Respublikasında qanunvericilik sisteminin özünü bir neçə əsas hissəyə bölmək olar. Bura əsasən qanunvericilik bazasının  formalaşdırılması, onun crasını (tətəbiqini) və ictimai şüurda onu cəmiyyət tərəfindən münasibətlərin ədalətli və mənəvi həlli mexanizmi kimi qəbul edilməsinin təmin edilməsini aid etmək lazımdır. Bu sənədlərdən biri də Əmək Məcəlləsidir.

Hüquqi dövlət quruculuğunda Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi, Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları, Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Məcəllədə əmək münasibətləri tənzimlənir. Bunun üçün əmək müqaviləsinin bağlanması vacib şərt kimi irəli sürülür. Əmək müqaviləsi işəgötürənlə işçi arasında mövcud olan əmək münasibətlərinin bütün aspektlərini özündə əks etdirən mühüm sənəddir. Bu sənəddə işçinin əsas hüquqları və əsas vəzifələri, həmçinin işəgötürənin əsas hüquqları və əsas vəzifələri və məsuliyyəti tam qaydada əks olunur. Hər bir işəgötürən işçilərlə ən azı iki nüsxədə olmaqla yazılı əmək müqaviləsi bağlamalıdır. Əmək Məcəlləsinə görə “Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır”. Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki,  əmək müqaviləsi tərəflər arasında bağlanan yazılı müqavilədir və bu müqaviləyə görə işəgötürən işçiyə müəyyən olunmuş işi verməyi və bu işə uyğun olaraq zəruri əmək şəraiti yaratmağı, vaxtında və tam qaydada əmək haqqı ödəməyi, işçi isə ona verilən işi yerinə yetirməyi və müəssisənin daxili nizam qaydalarına əməl etməyi öhdələrinə götürürlər. Əmək Qanunvericiliyi Əmək müqaviləsi bağlamış işçilərə geniş hüquqlar və təminatlar verir. Işçilərə ölkə üzrə müəyyən olunmuş minimum miqdardan az olmayaraq əmək haqqı, ölkə Konstitusiyasında müəyyən olunmuş həddən aşağı olmayaraq illik ödənişli məzuniyyət, müvəqqəti əmək qabiliyyətini itirdikdə müavinət, iş vaxtından artıq işlərə görə əlavə ödəniş verilməlidir. Onun sözlərinə görə, qanunvericilikdə sadalananlardan əlavə olaraq hüquq və təminatlar da mövcuddur.

Əmək müqaviləsi ilə işləyən işçini işəgötürənin mülahizələri ilə işdən azad etmək olmaz. Əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilərkən qanunvericilikdə əks olunmuş qayda və şərtlərə əməl olunmalıdır. Əks halda işçi fərdi əmək mübahisəsini öz xeyrinə həll etmək üçün müxtəlif mexanizmlərdən, o cümlədən məhkəmə mexanizmindən istifadə edə bilər. Işçi ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən bunu mütləq bir sıra sənədlərlə rəsmləşdirməli və işçinin əmək kitabçasında müvafiq qeydlər etməklə işdən çıxan gün ona təqdim etməlidir. Sahib Məmmədovun sözlərinə görə, işəgötürən işə qəbul edəcəyi fiziki şəxslə müqavilə bağlamazdan öncə ondan müəyyən sənədlər tələb etməkdə haqlıdır. Əmək Məcəlləsinin 48-ci maddəsinin 1-ci bəndinə əsasən işə qəbul olunmaq istəyən şəxs işəgötürənə əmək kitabçası, şəxsiyyətini təsdiq edən sənəd və dövlət sosial sığorta şəhadətnaməsini (sonuncu sənəd hələ tətbiq edilmir) təqdim etməlidir. Əslində əmək müqaviləsi təkcə işçi üçün deyil, həmçinin işəgötürən üçün də əlverişlidir və bu sənədin mövcudluğu işəgötürənə əlavə imkanlar verir. Belə ki, əmək müqaviləsi ilə işləyən işçi müəssisədə mövcud olan nizam-intizam qaydalarına tabe olur və bu qaydaları pozduqda işəgötürənin ona inzibati tənbeh vermək hüququ, o cümlədən işdən azad etmək hüququ yaranır. Işçi əmək müqaviləsində müəyyən olunmuş müddət ərzində işdə olur və müqavilə ilə müəyyən olunmuş işləri yerinə yetirir. Odur ki əmək müqaviləsinin bağlanmasında ilk növbədə işəgötürən maraqlı olmalıdır. Beləliklə, işçi ilə əmək müqaviləsi bağlayan şəxs bilməlidir ki, müqavilənin tərəfi olan işçi ilə onun münasibətlərini tənzimləyən normanın-əmək qanunvericiliyinin təsiri altına düşür. Belə olan halda o işəgötürən, müqavilənin digər tərəfi isə işçi olur

Hüquqşünas Fariz Namazov isə bildirir ki, işəgötürən qanundan xəbərdar olsa hər bir pozuntuya görə ziyan ödəməkdənsə əmək müqaviləsi bağlayıb elə öz mənfəətini də qorumuş olur. Çünki Əmək Məcəlləsində əmək müqaviləsi bağlamadan işə götürənlər tərəfindən fiziki şəxslərin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd edək ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məsələn, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma –cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə -cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.  Bu Məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında münasibətləri yaxınlaşdıran yeganə sənəddir. Onun bağlanması işçinin hüququ işəgötürənin isə həm hüququ, həm də vəzifəsidir: “Müqavilə olmadıqda işləyən rəsmi işçi sayılmır. Belə ki, faktiki əmək münasibətlərində olan şəxs sayılır. Onun əmək müqaviləsi yoxdursa deməli onun əmək haqqı da heç bir yerdə göstərilmir. Bu da işəgötürənə imkan verir ki, təhkim etdiyi işçiyə istədiyi maaşı versin. Hətta praktikada var ki, bir neçə ay işçini işlədirlər və maaş vermirlər”

Əmək müqaviləsinin olmamasını mənfi nəticələrindən biri də işçinin qeyri-rəsmi işləyib dövlətə gəlir vergisini ödəməməsidir. Sahib Məmmədovun sözlərinə görə, belə halda işəgötürənin Sosial Müdafiə Fonduna ödəməli olduğu 22 %  icbari sığorta və 3 % də işçidən tutulacaq sosial ödəmə dövlətə çatmır:
“Bu vəziyyətdə Sosial Müdafiə Fonduna daxilolmalar aşağı düşür. Belə halların qarşısını almaq üçün dövlət də əmək müqaviləsinin bağlanmasında özünəməxsus siyasət yürütsə də buna nail olmaq çətindir. Dövlət Əmək Müfəttişliyi, Vergilər Nazirliyi də əlindən gələni edir ki, formal əmək müqavilələri ləğv olunsun. Amma Azərbaycanda olan yüksək göstəriciyə malik  qeyri-formal əmək bazarını ləğv etmək həmin orqanların gücü daxilində deyil. Dövlət səy göstərir, reklam rolikləri hazırlayır. Amma bütün bu səbəblər aradan qalxmayınca buna nail olmaq mümkün olmayacaq”.

(ardı var)

Xəbər xətti