“Sosial mənzillərin qiyməti həmin ərazidəki mənzillərlə müqayisədə daha aşağıdır”

19:08 - 26 Aprel 2018 - Cəmiyyət

Vüqar Bayramov: “Biz təklif edirik ki, gələcəkdə, MİDA yalnız sosial kateqoriyaya düşən vətəndaşlarımıza deyil, həm də digər vətəndaşlara belə bir imkan yaratsın”

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Samir Nuriyev AzTV-yə müsahibəsində deyib ki, tərəfindən tikiləcək binalarda mənzillər orta bazar qiymətindən aşağı olacaq: “Mənzillər tam təmirli və mətbəx mebeli ilə təmin olunmuş şəkildə vətəndaşlara təqdim olunacaq. Müəyyən kateqoriya insanlar, aztəminatlı ailələr və gənc ailələr güzəştli mənzil sistemindən istifadə edərək mənzilləri əldə edəcəklər. Mayın 1-dək "Elektron hökumət" portalında "Güzəştli mənzil" sistemi yaradılacaq. Bununla da vətəndaşlar güzəştli mənzillərə müraciətə çıxış əldə edəcəklər. MİDA-nın açıqlamasında da qeyd edilir ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Güzəştli mənzil almaq hüququ əldə edən şəxslər elektron kabinetdə mənzili özü seçə bilər. Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir. Vətəndaşlar MİDA MMC-nin sərəncamında olan mənzilləri güzəştli və ipoteka krediti ilə əldə edəcəklər. İpoteka krediti ilə əldə olunduqda agent bankın verəcəyi kredit mənzil qiymətinin 90 faizini əhatə etməlidir. Qaydalara əsasən, həmin mənzillər əvvəlcədən qeydiyyat sisteminə düşəcək və binalar tikilmə prosesində artıq dövlət qeydiyyatına malik olacaq. Bu isə mənzilləri mülkiyyət hüququ sənədi ilə vətəndaşlara vermək hüququ yaradacaq.

S.Nuriyev qeyd edib ki, Azərbaycanda tikiləcək sosial mənzillərdə aylıq ödəniş elə müəyyən olunacaq ki, bu məbləğ oxşar evlərin aylıq kirayə haqından artıq olmasın: “Təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur. Uzunmüddətli ödəniş sistemi baxımından biz çalışacağıq ki, həmin ödənişlər orta kirayə haqqından artıq olmasın. Yəni faktiki olaraq bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan başlasın, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmasın. Qiymətlər elə olmalıdır ki, insanlar bu gün icarəyə ödədikləri vəsait qədər ödəniş etməklə bir qədər sonra həmin evin mülkiyyətçilərinə çevrilsinlər”.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən iqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, sosial mənzillərin qiyməti həmin ərazidəki mənzillərlə müqayisədə daha aşağıdır: “MİDA-nın özünün apardığı qiymətləndirmə də göstərir ki, sosial mənzillərin qiyməti həmin ərazidə olan mənzillərin qiyməti ilə müqayisədə təxminən 40 faiz aşağıdır. Buna rəğmən biz mənzillərin qiymətinin daha da aşağı olmasını və aşağı salınmasını təklif edirik ki, mənzillərin xərclərinin üçdə bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması həyata keçirilsin. Bu da nəticə olaraq aylıq ödənişlərin təxminən 33 faiz azalmasına, həm də mənzilin qiymətinin 33 faiz aşağı düşməsinə gətirib çıxaracaq. Belə olan halda bir otaqlı mənzillər daha ucuz qiymətə - təxminən 85 manata təklif edilə bilər. Eyni zamanda iki-üç otaqlı mənzillərin də qiymətlərində də 33 faiz azalma qeydə alına bilər. Bu da aylıq ödənişlərin məbləğinin aşağı düşməsinə və eyni zamanda mənzilin özünün xərcinin azalmasına və üçdə birinin dövlət tərəfindən kompensasiya edilməsinə gətirib çıxara bilər”.

V. Bayramovun sözlərinə görə, güzəştli mənzillər uyğun qiymətə mənzil təminatı üzrə Strateji yol xəritəsinə uyğun olaraq inşa edilir: “Güman edirəm ki, güzəştli mənzillər bu konteksdən nəzərdə tutulan fəaliyyətlərə uyğun həyata keçirilir. Etiraf etmək lazımdır ki, MİDA həm güzəştli mənzillərlə bağlı elektron bazanın yaradılmasını, həm inşaat işlərinin vaxtında həyata keçirə bilir. Sözsüz ki, burada söhbət komplekslərdən gedir. Bu kompleks yalnız mənzillər deyil, sosial obyekt, bağçalar, məktəb, hətta şoppinq molun olduğu bir kompleksdir. Şəhərin mərkəzinə yaxındır, çıxış imkanları genişdir. Praktik olaraq nəzərdə tutulan strategiyaya uyğun olaraq MİDA icraçı qurum olaraq güzəştli mənzillərin formalaşdırılmasını həyata keçirir. Hər halda təbii ki, prosesin növbəti dövrlərdə təkmilləşdirilməsi vacibdir. Xüsusən də əlçatanlığın artırılmasına ehtiyac var. Hal-hazırda mövcud təklif edilən və növbəti aydan təklif ediləcək mənzillər strateji yol xəritəsi nəzərdə tutulan fəaliyyət uyğundur. Və həmin fəaliyyətə uyğun olaraq sosial mənzillərin təklifi həyata keçirilməkdədir.

İqtisadçı-alim deyir ki, strateji yol xəritəsində fərqli ölkələrin – Türkiyənin və bir sıra Asiya ölkələrinin təcrübəsi öyrənilib: “Həmin ölkələrdəki təcrübəyə əsasən sosial mənzil fondu formalaşıb. Bəzi ölkələrdə sosial mənzillər sosial təbəqələr üçündür. Orada artıq bölgü kateqoriyalara görə deyil, əmək haqqına görə həyata keçirilir. Ən azından aztəminatlı vətəndaşların sosial mənzillərdən istifadə etmək imkanları olur. Bəzi ölkələrdə konkret kateqoriyalı mənzillər təklif olunur. Dövlətin subsidiyalaşma mexanizmi var və bunun nəticəsində bir sıra ölkələrdə mənzillərin qiymətinin daha ucuz olmasına nail olunur. O cümlədən Türkiyə, Misir kimi ölkələrdə bu praktikadan istifadə olunur. Azərbaycan sosial mənzil fondu formalaşdırılan zaman daha çox Türkiyə və bir sıra Asiya ölkələrinin təcrübəsinə baxılıb, istifadə olunub. Amma sözsüz proses yeni başlayıb. Yasamalda təklif edilən mənzillər hələ ilkdir. Növbəti dövrlərdə prosesin təkmilləşdirilməsi və sosial mənzillərin sayının artırılmasına ehtiyac var. Mövcud qaydalara əsasən il ərzində 3 min mənzilin sosial mənzil kimi təklif edilməsi nəzərdə tutulub. Yasamalda bu rəqəm təxminən 1900, Hövsanda və digər sosial mənzillərdə də 3 min mənzil bazara çıxarılacaq. Bütövlükdə bu, mənzilə olan tələbatın 10 faizi deməkdir. Gələcəkdə bu rəqəmin artırılması da mümkündür. Yalnız sosial deyil, elit mənzillərin də inşa edilib, daha ucuz qiymətə satılmasına və mənzil bazarında qiymətlərə təsir edilməsi də mümkündür. Hələlik sosial mənzillər mənzil bazarındakı qiymətlərə təsir göstərmir. Amma sosial mənzillərin sayının artması gələcəkdə mənzil bazarına da təsirsiz ötüşməyə bilər.

V.Bayramov qeyd etdi ki, MİDA-nın nə üçün sosial ipoteka almaq hüququna məxsus şəxslərə mənzil təklif etməsini izah etmək mümkündür: “Çünki tələb yüksəkdir və buna görə, MİDA konkret sosial kateqoriya təklif etməklə tələbi müəyyən qədər optimallaşdırmağa çalışır. Güzəştli kateqoriya olmasına və Yasamalda 1900 mənzil satışa çıxarılacağına baxmayaraq, mənzil almaq istəyənlərin sayı təxminən dörd dəfə çoxdur. Bu da sözsüz ki, seçim baxımından müəyyən rəqabətin olması anlamına gəlir. Yumşaq şəkildə desək, hər bir mənzilə dörd nəfər iddia edir ki, bu baxımdan da müraciət edənlərin sayı çoxdur. Amma düşünürəm ki, gələcəkdə sözügedən kateqoriyaya daxil olmayan vətəndaşlarımıza da mənzillərin təklif edilməsinə ehtiyac var. Əslində MİDA iki istiqamətdə - bir sosial kateqoriyaya malik olan vətəndaşlara mənzillərin təklif edilməsi, digəri isə sosial kateqoriyaya malik olmayan vətəndaşlarımıza bu imkanların yaradılmasını həyata keçirə bilər”.

İqtisadçı-alim vurğuladı ki, MİDA Yasamaldakı mənzillərin satışından sonra əldə olunan vəsaiti və eləcə də dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaiti nəzərə alsaq, gələcəkdə MİDA-nın həm sosial kateqoriyaya daxil olmayan vətəndaşlarımıza mənzil inşa edib, təklif etmək imkanları var: “Strateji yol xəritəsində də əslində bu nəzərdə tutulub. MİDA-nın əsasnaməsi də buna imkan verir. O baxımdan da, biz təklif edirik ki, yaxın gələcəkdə daha məqsədəuyğundur ki, MİDA yalnız sosial kateqoriyaya düşən vətəndaşlarımıza deyil, həm də digər vətəndaşlarımıza belə bir imkan yaratsın. Xüsusən də, gənc ailələrin aylıq ödəniş etmək imkanları varsa, bundan faydalansınlar, mənzil problemlərini həll etsinlər. Xeyli sayda gənc ailələr var ki, sosial və güzəştli kateqoriyaya daxil deyillər, amma mənzilə tələbatları var. Buna görə də, onların da sosial mənzildən faydalanmaq imkanları olmalıdır. Bu səbəbdən də biz təklif edirik ki, növbəti illərdə güzəştli kateqoriyalara düşməyən vətəndaşlarımıza da sosial mənzillərdən istifadə hüququ verilsin”.

Könül Əhmədova

Xəbər xətti