Ana səhifə
17 İyul 2018

“30 ildir bu arzu ilə alışıb-yanıram”

“Anam ölüm ayağında ikən şərhə çıxmalı olmuşam”

“Düz 90 dəqiqəni bir əlimlə qırıq eynəyimi tuta-tuta şərh etmişəm”

“2006-cı il dünya çempionatının açılış mərasimində reportaj başlayanda olduqca həyəcanlı idim. Şərhlərim zamanı elə həyəcan keçirdiyim olmamışdı. Həyəcan nəticəsində bədənimdə qəribə bir ağırlıq, ağrı hiss etdim. Hələ də o nə ağırlıq, nə ağrı idi, başa düşə bilməmişəm. O zaman bütün kanallar bağlanmışdı deyə hamının diqqəti “Lider”də idi. Şərh zamanı girişdən çox şey asılıdır. Reportaj başladı və məncə, çox yaxşı bir giriş etdim. Ən azı mənim qədər həyəcan keçirən Vasif Ağamirov salamlaşma hissəsi başa çatanda barmağı ilə “əla” işarəsi verdi. Həmin an bildim ki, yaxşı alınıb. Bundan əlavə, bir dəfə şərh zamanı eynəyim qırıldı. Düz 90 dəqiqəni bir əlimlə qırıq eynəyimi tuta-tuta şərh etmişəm”, - bu sözləri bizimlə söhbətdə müsahibimiz dedi. Bu həftəki “Keçmişdə” rubrikasının qonağı Azərbaycanın tanınmış telejurnalisti, CBC Sport-un idman şərhçisi Rövşən Binnətlidir.

“Məktəbin ilk birinciləri və ilk məzunu biz olduq”

Müsahibimiz deyir ki, 1958-ci il dekabrın 26-da Ağdamda dünyaya göz açıb:
“Ailədə üç uşaq olmuşuq, evin böyük uşağı mən idim. O vaxt qayda belə idi ki, 7 yaş tamam olmayınca uşaqları orta məktəbə qəbul etmirdilər. Ona görə 1965-ci ildə məni də götürmədilər və növbəti il birinci sinfə gedəndə təxminən 8 yaşında idim. 8 nömrəli orta məktəbdə oxumuşam. Maraqlı odur ki, həmin məktəb mən birinci sinfə gedən ili fəaliyyətə başladı. Həmin məktəbin ilk birinciləri və ilk məzunu da biz olduq ”.

“Yıxılan zaman xoşbəxtlikdən kəmərim ağacın kəsilmiş budağına ilişdi...”
Sakit təbiətli, mülayim xasiyyətli uşaq olan Rövşən müəllim deyir ki, çox enerjili imiş. Evləri şəhərdə olsa da, tez-tez kənddə olan qohumlarıgilə gedərmişlər: “İstirahət günləri kəndə gedərdik. Ağaca çıxmaq, quyudan su çəkmək, heyvanların otlaq ərazilərinə gedib onlara baxmaq çox maraqlı idi. Ümumiyyətlə, kənd həyatı olduqca rəngarəng idi. Amma bunlardan başım çox çəkib (Gülür). Bir dəfə 18-20 metr böyüklükdə gilas ağacından yıxılmışam. Ağacın ən hündür nöqtəsinə çıxdım və ağırlığa tab gətirməyən nazik budaq qırıldığından yıxıldım. Amma yıxılan zaman xoşbəxtlikdən kəmərim ağacın kəsilmiş budağına ilişdi və məni saxladı. Əgər o hündürlükdən yerə düşsəydim, bəlkə də həyatım bahasına başa gələrdi. Möcüzəli şəkildə sağ qalmışam. Başım bəlalı olub. Bir dəfə də quyudan su çəkən zaman əyilib vedrənin qulpundan tutanda quyunun dirsəyi əlimdən çıxdı və bir dövrə vuraraq sürətlə alınma dəydi. Onda isə hətta huşumu da itirmişəm”.

“Əgər valideynlərim seçim imkanı versəydilər, bəlkə də bu gün...”

Müsahibimiz deyir ki, maraq dairəsi çox geniş olub, gördüyü hər şeyin mahiyyətini anlamağa çalışırmış: “Uşaq yaşlarımdan muğamı çox sevmişəm. Gənc yaşlarımda Vaqif Mustafazadə haqqında xoş sözlər deyəndə yaşlılar bir yana, hətta yaşıdlarımın da əksəriyyəti ondan necə zövq aldığıma təəccüblənirdi. Mən isə bütün bunları sakit qarşılayır, elə böyük sənətin gözəlliyindən zövq ala bildiyimə görə özümü xoşbəxt sanırdım. Teatr, kino sənətinə çox böyük həvəsim olub. Ola bilməzdi ki, Ağdam Dövlət Dram Teatrında yeni bir tamaşa olsun və mən gedib ona baxmayım. Bu fəallığın nəticəsində məni hətta teatrın bədii şurasının üzvü də seçmişdilər. Maraq dairəsinin geniş olması bugünkü işimdə də mənə lazım olur. Oyunun şərhi zamanı elə məqam yetişir ki, obrazlı fikir bildirməli olursan. Haradasa baxdığım tamaşadan, oxuduğum əsərdən bir ifadə işlədirəm, çox yerinə düşür. Amma o gözəllikləri duyan tamaşaçı azdır. Valideynlərim həkim olmağımı istəyirdilər. Onların sözünü yerə salmamaq üçün orta məktəbi bitirəndən sonra sənədlərimi Tibb İnstitutuna verdim, ancaq 3-cü imtahandan kəsildim. İkinci il isə imtahanlardan topladığım ballar qəbul üçün yetərli olmadı. Əgər valideynlərim seçim imkanı versəydilər, əvvəldən yəqin ki, humanitar sahəyə üz tutardım”.

“Ermənilərlə iki dəfə çox böyük, kütləvi davamız düşdü” 

Moskvanın Ximki şəhərində 2 il hərbi xidmətdə olan Rövşən müəllim bildirdi ki, hərbi inşaat briqadasında qulluq edib: “Sovet dövründə insanlar arasında dostluq, qardaşlıq təbliğ olunurdu. Bu təbliğatın süni olduğunu mən ilk dəfə əsgərlikdə hiss elədim. Deyilənlərin tam əksini gördüm orada. Sən demə, real həyatdan tam fərqli məsələlər varmış. Ermənilərin iç üzünü də ilk dəfə onda gördüm. Bizdə qarnizonda üç hərbi hissə var idi. Bizdən əvvəl qulluğa başlayanlar danışırdılar ki, burada dominant biz olmuşuq. Sonra sayımız azalmışdı, gedənlər çox, gələnlər isə az olmuşdu. Mənfur ermənilər isə çoxaldıqlarından hər yerdə bizimlə dava etməyə, hegemonluqlarını göstərməyə başlamışdılar. Ermənilərlə iki dəfə çox böyük, kütləvi davamız düşdü. Sayımız az olsa da, bizimlə bacarmadılar, lazımı dərslərini verdik. Bütün azərbaycanlı uşaqlar bir yumruq kimi birləşmişdik və erməniləri aciz vəziyyətə saldıq. Onda başladılar bizim uşaqları təkləyib döyməyə, amma bu alçaqlıqlarının da cavabını on qat verdik. Kommunist partiyasının üzvü idim deyə, komandanlığın mənə yanaşması fərqli idi. Tələb olunurdu ki, barışıq yaradaq, münasibətləri normallaşdıraq. Mən isə bildirirdim ki, niyə bunları ancaq bizdən istəyirsiniz. Axı, ermənilər arasında da partiya üzvü olanlar var, həmin tapşırıq onlara niyə verilmir? Yəni, Ermənistanla məlum hazırkı vəziyyətdə ikili yanaşma bu günün söhbəti deyil. Necə ki, indi bizdən umduqlarımı ermənilərdən tələb etmirlər, o vaxt da eyni yanaşma mövcud idi”.

“Yarımfinal oyununda iki qolun ikisini də mən vurdum” 

Rövşən müəllim qeyd etdi ki, hərbi xidmətdə olanda 16 hərbi birləşmənin futbol çempionatı keçirilib, onlar da həmin yarışın qalibi olublar: “Partiyaya namizəd olmağımda yarımfinal oyununun rolu böyük oldu. 2:1 qalib gəldiyimiz görüşdə topların hər ikisini mən vurdum. Bu da siyasi işlər üzrə komandir müavinini çox razı saldı və bütün əsgərlərin qarşısında partiyaya üzv olmağım üçün lazım olan zəmanəti verdiyini elan etdi. Mərkəzi Ordu İdman Klubunun seleksionerləri gəlib oyunları izləyirdilər. Bizim komandadan fərqləndirdikləri əsgərlərdən biri mən oldum, amma getmədim. Düşündüm ki, ailənin böyük uşağıyam, valideynlərim yolumu gözləyir. Ürəyimdən ancaq Azərbaycana, Ağdama qayıtmaq keçirdi, kənarda qalmaq istəmədim. İdman jurnalistikasına gəlməyim də elə futbola olan bağlılığımla əlaqədardır. Futbolla yatıb, futbolla dururdum. “Neftçi” uduzanda günlərlə özümə gələ bilmirdim, yuxum ərşə çəkilirdi”.

“Taleyimdə rahatlıq olan bir dövr olmadı”

Müsahibimiz əsgərlikdən qayıtdıqdan sonra komsomol işinə (Gənclər təşkilatı) düzəlib. Deyir ki, bu iş yazmaq, danışmaq bacarığı tələb edən fəaliyyət sahəsi idi:
“Jurnalistika fakültəsinə dostlarımın məsləhəti ilə üz tutdum. Sənədlərimi verdim və indiki Bakı Dövlət Universitetinə qəbul oldum. Qiyabi təhsil aldığım üçün, paralel olaraq komsomol komitəsində işimi davam etdirirdim. İş çox və olduqca məsuliyyətliydi, gecəm-gündüzüm yox idi. Taleyimdə rahatlıq olan bir dövr olmadı. Tədris ili ərzində cəmi iki ay dərsdə olurduq. Çox böyük müəllimlərdən dərs almışam – hansı ki, jurnalistikanı, gözəl yazmağı, danışmağı bizə öyrədib, bu peşəni sevdiriblər. Universitet illərində jurnalistika fakültəsinin dekanı Tofiq Rüstəmov idi. Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Qulu Xəlilov, Cahangir Məmmədov kimi müəllimlərdən dərs almışam”.

“Bir gün həmin qız gəldi ki, məni direktor göndərib, elə bununla da...”

Rövşən müəllimin ailə həyatı qurmağı Gənclər təşkilatı ilə bağlı olub. Gələcək həyat yoldaşı ilə burada tanış olub:
“Mən komsomolda məktəblər üzrə təşkilatçı idim. Ağdamda yeni məktəb açılmışdı və orada da gənclər təşkilatı yaratmaq lazım idi. Məktəbin direktoru ilə bu barədə söhbət etdik, dedi ki, Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirən gənc bir müəllimə var, düşünürəm ki, ən yaxşı namizəd o ola bilər. Və bir neçə gün sonra həmin qız gəldi – bununla hər şey başladı. Əgər o məktəb açılmasaydı, təyinat ora olmasaydı, bəlkə də yollarımız kəsişməzdi. Hamısı talenin qismətidir... Kiminsə vasitəçiliyi ilə deyil, özümüz seçib, sevib ailə qurmuşuq. Məcburi köçkünlük dövründə bir-birimizə dayaq olmuşuq. Hazırda 7-ci mikrorayonda 272 nömrəli uşaq bağçasında yaşayırıq. Ora məskunlaşdığımız 11-ci ünvandır. Artıq 20 ildir bağça uşaqlarıyıq. Bu müddətdə həyatımızın o qədər çətin günləri olub ki... Həyat yoldaşımla qarşılıqlı bağlılıq, sevgi, hörmət, doğmalıq olmasaydı, o çətinliklərin öhdəsindən gəlmək mümkün olmazdı. Hər zaman ailəmdən güc almışam. Evdə olmayan şeylər heç vaxt üzümə vurulmayıb. Hətta bir dəfə işə gedəndə anam qabağımı kəsib bildirdi ki, yoldaşın sənə demir, amma uşaqların yeməyə heç nəyi yoxdur. Nə isə, o anlar haqda nəinki danışanda, hətta ötəri də olsa, düşünəndə belə, çox gərginləşirəm.

“30 ildir bu arzu ilə alışıb-yanıram”
Uşaqlıqdan şərhçi olmaq arzusu ilə yaşayan Rövşən müəllim deyir ki, bu arzusu çox böyük çətinliklərlə, dağa-daşa dirənərək reallaşıb: “Lider televiziyasının fəaliyyət göstərdiyi holdinqdə “Bizim əsr” qəzetinin idman əlavəsində futbol səhifəsini mənə həvalə etdilər. İşim yalnız ölkə futboluna dair həftədə bir dəfə xəbər hazırlamaq idi. Günlərin bir günü səhifəni hazırlayıb təhvil verəndən sonra növbəti həftənin proqramı ilə tanış olurdum. Gördüm ki, aprelin 12-də Lider TV “Viləş” – “Neftçi” futbol matçını videoyazı şəklində təqdim edəcək. Dərhal məndə sual yarandı ki, oyunun şərhçisi kim ola bilər? Qəzet redaksiyasında, televiziyada işləyənləri göz önünə gətirdim, amma uyğun birini görmədim. Bu məsələlərə rəhbərlik edən Vasif Ağamirovdan soruşdum ki, oyunu kim şərh edəcək? O isə sualıma sualla cavab verdi ki, sən bacararsan? Cavab mənim üçün gözlənilməz oldu, sanki mənə həyat verdi. Dedim ki, 30 ildir bu arzu ilə alışıb-yanıram, özümü bu iş üçün hazır sayıram, hesab edirəm ki, öhdəsindən gələrəm. Artıq 17 ildir idman şərhçisi kimi çalışıram və 2 minə yaxın şərhlərim olub. Özümdən heç vaxt razı qalmıram, düşünürəm ki, daha yaxşı edə bilərdim. Məni özüm qədər heç kim tənqid etməyib”.

“Anam ölüm ayağında ikən şərhə getməli olmuşam”

Müsahibimin sözlərinə görə, o şəxsi həyatındakı narahatlığı heç vaxt tamaşaçıya ötürməyib: “Anam reanimasiyada yatırdı, mən isə gecə saatlarında “Azərreyl” voleybol komandasının oyununu şərh etməli idim. Onu qoyub gedə bilmirdim, amma səsimi ekrandan eşidəndə anam hədsiz dərəcədə sevinirdi. Özümdə güc tapıb getmişəm, qayıdanda vəziyyətinin müsbətə doğru dəyişdiyi xəbərini almışam. Qaynım dünyasını dəyişib, onu torpağa tapşırıb, axşam bədii gimnastika üzrə dünya kubokunun şərhində olmuşam. Yəni, bu işin xüsusiyyəti belədir – heç də həmişə mərhəmətli olmur, yolu rəvan deyil. Mən televiziya işini, eləcə də idman şərhçiliyini qumla çəkilən gözəl rəsmə bənzədirəm. Qumdan əsrarəngiz gözəllik yaradılır, sonra isə sənət əsəri səviyyəsində olan gözəllik amansızcasına pozularaq silinir. Bizim işimiz də təxminən belədir – sözlərdən hördüyün gözəl naxışların ömrü çox qısa olur və reportaj bitməklə nöqtələnir. Amma sözə, yaradıcılığa dəyər, qiymət verənlərin yaddaşında hansısa ifadən, fikrin, sözün ilişib qalırsa və bir gün onu sənə deyir və hardasa yazırlarsa, məncə bu, uğurun zirvəsidir”.

Könül Əhmədova

Tarix
23 Aprel 2018 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin