Hüquqi dövlətdə miqrasiya prosesinin tənzimlənməsi

19:28 - 23 Aprel 2018 - KİVDF

Uilyam Leysi Svinq: “ Miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”

Azərbaycan Dövlət Miqürasiya Xidməti  beynəlxalq əlaqələri genişləndirilmiş, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilmiş, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılmışdır. Bunu  Dövlət Miqrasiya Xidmətininin rəisi vəzifəsini icra edən Firudin Nəbiyev deyib. Onun sözlərinə görə, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinqin ölkəmizə rəsmi səfərləri, səfərlər çərçivəsində Prezidenti İlham Əliyevin BMqT-nin baş direktorunu qəbulu zamanı ölkəmizdə miqrasiya sahəsində görülmüş işlər, miqrasiya proseslərinin tənzimlənməsində  Dövlət Miqrasiya Xidmətinin nümunəvi fəaliyyətinin qeyd edilməsi və BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr xüsusi qeyd olunmalıdır. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq Azərbaycan Prezidentinin qəbulunda olarkən söyləmişdir ki, “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.
Uilyam Leysi Svinq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış sabitliyin və mütərəqqi miqrasiya idarəçiliyi modelinin, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmin şahidi olduğunu qeyd edib. 

Qeyd edək ki, bu səfərlər Azərbaycanla Beynəlxalq Miqrasiya Təşkilatı arasında mövcud əməkdaşlığın yeni vacib mərhələsini açmışdır və onun inkişaf etdirilməsi məqsədilə yeni imkanlar yaradıb. Svinqin Cənubi Qafqaz regionunda ilk səfərini məhz Azərbaycana etməsi miqrasiyanın idarə edilməsi sahəsində aparılan məqsədyönlü siyasət və beynəlxalq əməkdaşlıq nəticəsində Azərbaycanda bu sahədə əldə edilən ciddi nailiyyətlərə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən verilən qiymətin əyani nümunəsidir və digər sahələrdə olduğu kimi bu istiqamətdə də ölkəmizin Cənubi Qafqaz regionunda öndə gedən ölkə olmasını bir daha təsdiq edib.
Əlbəttə, cənab Svinqin söylədiyi fikrin ciddi əsasları var. Çünki, statistik məlumatlara görə dünyada 1 milyarddan çox  miqrant var. Onların 250 milyonu beynəlxalq miqrantlar, yəni başqa ölkələrə, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. “Məlum olduğu kimi Azərbaycan  1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdir. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən-yurdundan didərgin düşmüşdür. Azərbaycan o böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Qəsəbələr salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçmüşdür.

2016-cı ildə BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə və görüş çərçivəsində “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı “dəyirmi masa”da Azərbaycan nümayəndə heyəti qeyd etmişdir ki, beynəlxalq ictimaiyyət ilk növbədə yeni silahlı münaqişələrin meydana çıxmasına imkan verməməli və mövcud münaqişələrin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipi başda olmaqla beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi istiqamətində səylərini daha da artırmalıdır. Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 67-ci sessiyasında da Nyu-Yorkda BMT Baş Məclisi çərçivəsində qəbul olunan “Qaçqınlara və miqrantlara dair Nyu-York bəyannaməsi”ni xatırladaraq qeyd etdik ki, Azərbaycan bu bəyannaməni beynəlxalq əməkdaşlıq istiqamətində fundamental addım kimi alqışlayır və zorla didərgin salınma probleminə qarşı qlobal və səmərəli cavab reaksiyasına şərait yaradacaq prosesin katalizatoru qismində BMT QAK-a ayrılan rolu, eyni zamanda Beynəlxalq Miqrasiya Təşkilatının həmin tədbir çərçivəsində BMT ailəsinə rəsmən qoşulmasını təqdir edir. Yüksək tribunadan bildirilmişdir ki, ölkəmizdə olan qaçqın və məcburi köçkün probleminin miqyasına baxmayaraq, Azərbaycan hökuməti, həmçinin dünyada humanitar fəlakətlərdən ziyan çəkmiş insanlara birbaşa və yaxud beynəlxalq təşkilatlar vasitəsilə vaxtında yardım göstərməkdə maraqlıdır”.

Firudin Nəbiyev bildirib ki, bununla belə, regional əməkdaşlıq fonunda Azərbaycan Respublikasının miqrasiya sahəsində Müstəqil Dövlətlər Birliyi  (MDB) ölkələri ilə əməkdaşlığının əhəmiyyəti  böyükdür. Bu sahədə Azərbaycan Respublikası MDB ölkələri ilə miqrasiya sahəsində əməkdaşlıq əlaqələrini əsasən MDB Miqrasiya Orqanları Rəhbərləri Şurası (MORŞ) çərçivəsində həyata keçirir və ölkəmiz həmin şurada Xidmət tərəfindən təmsil olunur. Çox yaxşı haldır ki, ölkəmizdə ilk dəfə 2010-cu il 28-30 sentyabr tarixində keçirilən MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 8-ci iclasının davamı olaraq, 19-cu iclasının da keçən ilin 12 oktyabr tarixində Bakı şəhərində keçirilməsi Xidmət tərəfindən təşkil edilmişdir.
“Ötən müddət ərzində xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi məqsədilə ilk dəfə 2014-cü il  fevralın 28-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”i imzalamış və Saziş 2014-cü il  sentyabrın 1-dən qüvvəyə minmişdir. 2014-cü il  dekabrın 3-də  Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında imzalanmış Saziş 2015-ci ilin  iyunun  1-dən qüvvəyə minmişdir. 2016-cı ilin oktyabrın 10-da isə “Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanmış və 2017-ci il aprel ayının 1-dən qüvvəyə minib.

İmzalanmış readmissiya sazişlərinə uyğun olaraq 2014-cü ildə 3 nəfərin, 2015-ci ildə 70 nəfərin, 2016-cı ildə 120 nəfərin, 2017-ci ildə isə təqribən 200 nəfərin Azərbaycana readmissiyası həyata keçirilmişdir. Ötən dövr ərzində sazişin icrası, readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası ilə bağlı əsaslı işlər görülmüşdür”.
Həmçinin Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair 2016-cı il dekabrın 8-də Cenevrə şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidenti tərəfindən 2017-ci il 23 fevral tarixli Fərmanla təsdiq edilmiş Əməkdaşlıq Sazişi də beynəlxalq səviyyədə qarşılıqlı inam və etimadın nümunəsidir.

Cari ildə də Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Azərbaycanda olub. Baş nazirin müavini Əli Həsənov martın 7-də ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktorunun müavini xanım Laura Tompson ilə görüşüb. Azərbaycana səfəri çərçivəsində ölkəmizdə müşahidə etdiyi inkişafı yüksək qiymətləndirən L.Tompson xüsusən də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, Azərbaycanın bu təcrübəsi bütün ölkələrdə tətbiq oluna bilər. Görüşdən sonra BMqT-nin nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinə baş çəkib. Qonaqlar burada 33 saylı Zəngilan rayon tam orta məktəbində, Zəngilan Rayon Tarix Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olublar. Qonaqlar Azərbaycanın miqrasiya sahəsində uğurlarını bir daha qeyd ediblər.

 

Xəbər xətti