Kukla Teatrının kollektivi səfərə hazırlaşır

15:07 - 18 Aprel 2018 - Mədəniyyət

Teatrın direktoru Rəşad Əhmədzadə Beynəlxalq Performans və Sənət Festivalında çıxış edəcək

Mütəmadi olaraq sorağı beynəlxalq teatr festivallarından gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi növbəti səfərinə hazırlaşır. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, teatrın repertuarında özünəməxsus yeri olan və qatıldığı bütün beynəlxalq teatr tədbirlərindən mükafatla qayıdan “Zəng” mono-tamaşası bu dəfə İran İslam Respublikasında nümayiş olunacaq. Bu ölkənin Məşhəd şəhərində reallaşacaq I “Jigi-Jigi” Beynəlxalq Performans və Sənət Festivalı aprelin 22-dən 30-dək davam edəcək. 

Teatrlar, yaradıcı şəxslər, sənət adamları arasında mədəni əməkdaşlıq körpüsü yaratmaq, müxtəlif sənət cərəyanlarının bir səhnədə heç bir maneəsiz nümayişinə nail olmaq, beynəlxalq miqyasda teatr mübadiləsini təmin etmək məqsədilə baş tutacaq festivalda Azərbaycanla yanaşı 10-dan artıq ölkənin teatr təmsilçiləri iştirak edəcək.
Onu da qeyd edək ki, festivalda tamaşa nümayişləri ilə yanaşı seminarlar və ustad dərslərinin təşkili də nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq səfərə fəxri qonaq qismində dəvət olunan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə mərkəzin son 5 ilki fəaliyyəti ilə bağlı festival iştirakçıları qarşısında çıxış da edəcək.

Nəzərinizə çatdıraq ki, festivalda ölkəmizi təmsil edəcək tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

 


Xəbər xətti