SKMF-nin bağlanan banklarda 150 mln. manatadək vəsaiti qalıb

19:31 - 18 Aprel 2018 - Xəbər

"Son illərdə bizimlə əməkdaşlıq edən 12 bankın lisenziyası geri alınıb".

Ucnoqta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun cari ilin birinci rübündə fəaliyyəti barədə məlumat verərkən bildirib.
Onun sözlərinə görə, bu banklarda olan aktivlərin geri qaytarılması və ya digər banklara keçirilməsi istiqamətində tədbirlər görülür. Ş.Abdullayev bildirib ki, SKMF-nin son illər bağlanmış banklarda təxminən 200 mln. manat vəsaiti olub.
 

"Bu gün artıq bağlanan banklarda xidmət olunan güzəştli kredit alan sahibkarlar tərəfindən 40 milyon manata qədər güzəştli kredit ADİF-ə geri qaytarılıb. Həmin vəsaitin  Sahibkarlığa Kömək Milli Fonduna ödənməsi istiqamətində danışıqlar aparılır. Digər məsələ sahibkarlara verilən 10 milyon manatdan artıq vəsait birbaşa dövlət büdcəsinə geri qaytarılıb. Digər bir istiqamət isə bu cür banklarda olan layihələrin digər banklara keçirilməsidir. Artıq 4 layihə üzrə 13,6 milyon manat dövlətin güzəştli kreditinin digər banklara keçməsi istiqamətində bankların razılaşması var. Biz ADİF və MBNP-a müraciət etmişik ki, icazə verilsin ki, bu layihələr digər banklara keçsin", - deyə Ş.Abdullayev bildirib.

Ş.Abdullayev bildirib ki, "Dəmirbank" ASC Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 mln. manata yaxın güzəştli kredit verib.
"Bununla bağlı bank bizə müraciət edib. Biz də müvafiq olaraq, Əmanətlərin Sığortalanması Fonduna və Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişik ki, o layihələrin digər banklara keçməsi üçün icazə versin. Bu layihələrin demək olar ki, hamısı işlək layihələrdir, kreditləri vaxtında ADİF-ə ödəyirlər, bu layihələr həm vəsaitlərin bura ödənilməsi, həm də layihələrin digər banklara keçməsi üçün tədbirlər görürük",- deyə Ş.Abdullayev əlavə edib.

Xəbər xətti