Miqrasiya Məcəlləsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətlərini tənzimləyir

18:23 - 18 Aprel 2018 - KİVDF

Müasir dünyada baş verən miqrasiya prosesləri özünün dinamikliyi ilə daha çox diqqəti cəlb edir.

Ölkə ərazisinə daxil olan və ölkəni tərk edən əcnəbi vətəndaşların və eləcə də ölkə vətəndaşlarının statistik göstəricilərinə nəzər salsaq, bunun bir daha şahidi olarıq. Məsələn, 2018-ci ilin 3 ayı ərzində Azərbaycana 627 835 nəfər xarici vətəndaş səfər edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 207 nəfər və ya 12.6% artım deməkdir. Qeyd edirik ki, xarici vətəndaşların 185 913 nəfəri yanvar, 166 161 nəfəri fevral və 275 761 nəfəri isə mart ayı ərzində ölkəmizə səfər edib. Dövlət Miqrasiya Xidməti (DMX) verilən məlumata görə, 2018-ci ilin I rübü ərzində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 2856 qərar qəbul edilib ki, onlardan 2313-ü ölkəni tərk etmə barədə, 543-ü ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub. Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 1653 qərardan 1333-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 320-si Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyətin qoyulması ilə bağlı olub. Müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı 53, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya Azərbaycanda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 92 qərar qəbul edilib.

Ümumiyyətlə, 2018-ci ilin I rübü ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 19040 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. 2018-ci ilin I rübü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 163805 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb. Rüb ərzində DMX-nın “Çağrı mərkəzi”nə 24197 zəng daxil olub.  Təbii ki, bu prosesi tənzimləyən Dövlət Miqrasiya Xidmətidir. Onun fəaliyyəti isə qanun və sərəncamlarla tənzimlənir. 6 fevral 2009-cu il tarixdə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının qüvvəyə minməsi bu sahədə mühüm addım idi. Sərəncamla yaradılmış Vahid Miqrasiya Məlumat Sistemi ilə Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduğu yer üzrə qeydiyyatları, əmək fəaliyyətləri, sahibkarlıq fəaliyyətləri, nikah münasibətləri və digər mühüm sahələr üzrə hərəkətləri tam şəkildə nəzarətə götürülüb. 4 iyun 2010-cu il tarixdə isə “Azərbaycan Respublikası Dovlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq olunub. 

 Azərbaycan Respublikasında bir sıra sahələrdə göstərilən xidmətlərin yüksəldilməsi, şəffaflığın artırılması, dövlət orqanları ilə vətəndaşlar arasındakı münasibətlərdə səmimilik dərəcəsinin artırılması məqsədilə qeydiyyat və sənəd qəbulunda “bir pəncərə” prinsipinin tətbiqi yüksək səviyyədə həyata keçirilib. Bu məqsədlə “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında”  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il martın 4-də fərman imzalanıb. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi  Firudin Nəbiyev deyib: “Adıçəkilən fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin olunmasına və həllini gözləyən problemlərin aradan qaldırılmasına imkan verib. Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılıb və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edilib. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 2009-cu il  aprelin 8-də imzaladığı fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilib. Bundan əlavə, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli qanunu ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında əsasnamə” və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında əsasnamə” təsdiq edilib”.

Azərbaycan Respublikasında miqrasiya qanunvericiliyinin yaradılmasında ən mühüm mərhələ kimi 2013-cü ili də göstərmək olar. Belə ki, 2 iyul 2013-cü il tarixində “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı huquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qeyd etmək lazımdır ki, Miqrasiya Məcəlləsi Azərbaycanda miqrasiya sahəsində mövcud olan qanunların mükəmməl unifikasiyasıdır. Yuxarıda qeyd olunan qanunların demək olar ki, əksəriyyəti Miqrasiya Məcəlləsinin əsasını təşkil edir. Məcəllənin əsas məqsədi kimi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaların müəyyənləşdirilməsi göstərilir. Məcəllədə əcnəbi, vətəndaşlığı olmayan şəxs, pasport, Azərbaycan Respublikasında müvəqqəti olma, Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşayan, əmək miqrasiyası, yaxın qohum, iş icazəsi, viza, yaşayış yeri, olduğu yer və digər miqrasiya terminlərinin hüquqi izahı verilib. Bundan başqa, Məcəllədə miqrasiya uçotunun məqsədləri, miqrasiya uçotunun aparılması üçün əsaslar və miqrasiya uçotunun aparılması ətraflı şəkildə göstərilib. Azərbaycan qanunvericiliyində ilk dəfə olaraq məhz Miqrasiya Məcəlləsində vizaların təsnifatı tam şəkildə verilib. Əmək miqrasiyasının dövlət tərəfindən tənzimlənməsinin təmin edilməsinin əks etdirilməsi bu məcəllənin fərqləndirici xüsusiyyətlərindəndir. Miqrasiya Məcəlləsinin ən mühüm xüsusiyyətlərindən biri də odur ki, o, təkcə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətlərini deyil, habelə Azərbaycan Respublikası vətəndaşlarının da bir sıra miqrasiya proseslərindəki iştirakını tənzimləyir. Belə ki, Məcəllənin III və X fəsilləri məhz Azərbaycan Respublikasının vətəndaşlarının miqrasiya proseslərindəki hüquqi vəzifələrini və vəziyyətlərini təmin edir.  Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib: “Miqrasiya sahəsində ən mühüm hadisəsindən biri “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı”na əsasən miqrasiya sahəsində normativ hüquqi aktlarda müəyyən boşluqların aradan qaldırılması, qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində statuslarının müəyyənləşdirilməsi ilə bağlı prosedurların daha da sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin hazırlanaraq Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli qanununa əsasən qəbul edilməsi və 2013-cü il avqust ayının 1-dən qüvvəyə minməsi olub. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı normaları müəyyənləşdirən vahid sənəd kimi ilk dəfə Azərbaycanda qəbul edilməsi ilə bir yenilik olub.

Yeni normalarla yanaşı, məcəllədə miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların, o, cümlədən 10-a yaxın qanunun, 20-dən çox Azərbaycan Respublikası Prezidentinin imzaladığı sənədlərin və Nazirlər Kabinetinin qərarlarının müddəaları toplanmışdı. Miqrasiya ilə bağlı normaların bir sənəddə toplanması istər bu sahədə fəaliyyət göstərən qurumların, vətəndaşlarımızın, istərsə də əcnəbilərin qanunvericiliyin tələbləri barədə məlumatı bir mənbədən, rahat şəkildə əldə etmələrinə imkan yaradıb”.

Xəbər xətti