Ana səhifə
20 Avqust 2018

“Qeyri-dövlət pensiya fondları risklər üçün açıqdır”

Rəşad Həsənov: “Adından da göründüyü kimi bu özəl pensiya fondudur, burada zəmanətlilik dövlətlə müqayisədə daha aşağı səviyyədə təmin olunur”
Lalə Mehralı: “Bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub ” 


İşləyən hər bir vətəndaş qazandığı gəlirin bir hissəsini qeyri-dövlət pensiya fondlarına etibar edə bilər. Fond da həmin kapitalı müəyyən layihələrin, eləcə də investisiyatutumlu proqramların icrasına yönəltmək iqtidarında olacaq. Belə olan halda həmin kapitalı yatıran vətəndaş müəyyən məbləğdə divident götürə biləcək. Bu sahədə Azərbaycanın maliyyə bazarlarında müəyyən dəyişikliklərin baş verməsi zəruridir. Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə yanaşı, fondun öz-özünü maliyyələşdirməsinə gəldikdə, bu istiqamətdə də ciddi tədbirlər görülməlidir. Türkiyədə ümumiyyətlə bu məsələ qanunla tənzimlənir. Orada əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində dövlətin qanunla müəyyən edilmiş payı var. Amma Azərbaycanda belə bir fond yoxdur. Düzdür, bir müddət gündəmə gətirildi, müzakirə olundu, sonra sakitlik yarandı, unuduldu.  Ola bilsin ki, nə vaxtsa yaradılsın.

Mövzu ilə balı “Üç nöqtə”yə açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirdi ki, qeyri-dövlət pensiya fondunun yaradılması əslində ölkə vətəndaşlarının yaşlılıq dövründə həyat səviyyəsini təmin etməsi üçün maliyyə imkanlarının genişləndirilməsi və şaxələndirilməsinə hədəflənir:
“Yəni vətəndaş öz istəyindən asılı olaraq özəl pensiya fondlarının təklif etdiyi xidmətlərdən istifadə edib yaşlılıq dövründə əlavə müavinət ala bilər. Və beləliklə də, yaşlılıq dövründə həyatını daha yüksək standartlarla təmin edə bilər. Beynəlxalq təcrübədə pensiya fondlarının əhəmiyyəti əsasən bundan ibarətdir. Azərbaycanda da bu təklifin gündəmə gətirilməsində əsas məqsəd məhz bu imkanların yaradılması və genişləndirilməsinə hədəflənmişdir. Pensiya islahatlarına nəzərdə tutulan konsepsiyada da bu öz əksini tapıb. Amma çox təəssüf ki, mövcud infrastruktur bu kimi qurumların Azərbaycanda fəaliyyətinin təmin edilməsinə şərait yaratmır. Çünki bilirik ki, Azərbaycanda maliyyə qurumları ilə bağlı çox ciddi problemlər var. Eyni zamanda nəzarət və inkişaf mexanizmləri zəif inkişaf edibdir. Məsələn, 2008-ci ildə Qlobal maliyyə böhranı dövründə Avropada bir sıra pensiya fondları demək olar ki, defolt vəziyyəti ilə üzləşdi. Bu qədər ciddi bir nəzarətin, şəffaflığın olduğu bir bölgədə bu kimi risklər mövcuddursa, Azərbaycan kimi ölkələrdə risklər daha yüksəkdir ”.

R. Həsənov hazırda özəl pensiya fondları yaradılarsa, vətəndaşların bu fondlara etibar edəcəklərini və öz vəsaitlərini bu fondlarda yerləşdirəcəklərini düşünmür: “Bu baxımdan da indiki halda özəl pensiya fondlarının yaradılması üçün ola bilsin ki, bir neçə təşəbbüs ortaya qoyulsun. Amma faktiki olaraq bazarda bu xidmətlərə tələb olmayacaqdır. Ona görə də, düşünürəm ki, hazırda dövlət qurumları bu məqamları nəzərə alaraq özəl pensiya fondlarının fəaliyyətinə zəmin yaradacaq hüquqi bazanı formalaşdırmayıblar. Bundan əlavə, bu fondların fəaliyyətinin effektivliyini təmin etmək üçün çox ciddi nəzarət mexanizmlərinə və şəffaflığa ehtiyac var. Ancaq fondlar bu yolla uzunmüddətli dövrdə əhalinin inamını əldə etməklə vəsaitlər cəlb edə bilərlər. Amma indiki halda bu çox mürəkkəb prosedurdur. Buna görə də düşünürəm ki, hazırda bu fondların fəaliyyətə başlaması uğurlu nəticələrin əldə olunmasına səbəb olmayacaq. Ümumiyyətlə, Azərbaycanda pensiya sisteminə inam o qədər zəifdir ki, bu gün sosial sığorta yığımlarının da aşağı səviyyəli olmasında da əsas səbəblərdən biri məhz bu məqamdır”.

İqtisadçı deyir ki, özəl pensiya fondları vətəndaşlardan toplanan vəsaitləri uzunmüddətli dövrdə müxtəlif maliyyə alətlərində yerləşdirir. Beləliklə də, buradan gəlirlər əldə edir: “Bunların əsas maraqlarından biri bundan ibarətdir. Həmin gəlirləri müəyyən nisbətdə vətəndaşların yerləşdirdiyi vəsaitlərə görə onlara əlavə dividentlərin verilməsi həyata keçirilir. Nəticədə vətəndaşlar uzunmüddətli dövrdə yerləşdirdikləri vəsaitlərlə müqayisədə daha çox yığım sahibi olurlar. Bu isə onların aylıq pensiya həcminin daha yüksək səviyyədə müəyyənləşməsinə səbəb olur”.
R. Həsənov qeyd etdi ki, qeyri-dövlət pensiya fondlarının yaradılmasının bəzi müsbət və mənfi tərəfləri ola bilər: “Müsbət tərəfləri odur ki, vətəndaşlar faktiki olaraq öz vəsaitlərini daha düzgün və effektiv şəkildə qiymətləndirə bilirlər. Yəni, söhbət bunun normal şəraitdə və şərtlər daxilində olmasından söhbət gedir. Gəlirlərinin çox olduğu dövrdə onlar üçün yığım imkanları yaradılır. Vəsaitlərin üzərinə əlavə dividentlər gəlir. Gələcəkdə daha yüksək təqaüd almaqla daha yüksək standartlarla həyatını təmin edə bilir. Mənfi tərəfləri isə ondan ibarətdir ki, qeyri-dövlət pensiya fondları risklər üçün açıqdır. Xüsusilə də, maliyyə bazarlarında böhran riskinin yüksək olduğu dövrlərdə pensiya fondları üçün ciddi risklər formalaşır. Bu risklərin hansısa formada dövlət tərəfindən zəmanət altına alınması baş verməzsə, fondun defolt olması səbəbindən vətəndaşlar ciddi itkilərlə üzləşə bilərlər. Digər bir məsələ isə odur ki, adından da göründüyü kimi bu özəl pensiya fondudur, burada zəmanətlilik dövlətlə müqayisədə daha aşağı səviyyədə təmin olunur. Eyni zamanda uzunmüddətli dövrdə fondun fəaliyyətini davam etdirib-etdirməmə məsələləri daimi olaraq vətəndaşlarda müəyyən narahatlıqlara səbəb olur”.

Sağlam Cəmiyyət İB-nin sədri, jurnalist-sosioloq Lalə Mehralı isə bildirdi ki, dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır: “Dünyanın inkişaf etmiş ölkələrində uzun illərdir tətbiq edilən özəl pensiya fondlarının bizim ölkəmizdə də fəaliyyətə başlaması çoxdan müzakirə edilirdi. Məlumatıma görə, bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları var. Bəzi ölkələrdə isə əksinə, bu sahədə çox ciddi problemlər yaranıb. Maliyyə böhranı həmin fondları xeyli zərərə məruz qoyub və problem yaranıb. Bu səbəbdən də bu işin mütəxəssisləri özəl pensiya fondlarının tətbiqinə ehtiyatlı yanaşmanın tərəfdarıdır. Bu məsələ, necə deyərlər, "eninə də, uzununa da" düşünülməlidir. Çünki bu bir qədər riskli ola bilər və hökumət bu riski önləmək üçün özəl təqaüd fondunun yerləşdirilməsi və qorunması qaydalarını müzakirə etməlidir. Özəl təqaüd fondlarının yaradılması zamanı qarşıda duran əsas və ən önəmli məsələlərdən biri məhz bu məsələdir”.

Jurnalist-sosioloqun sözlərinə görə, bu sahənin inkişaf etməsi üçün əhalinin bu fondlara etibar etməsi vacibdir: “Həmin fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Qazaxıstanda, Rusiyada, Türkiyədə bu proses sürətlənib. Bildiyimə görə Qazaxıstanda 20-dən artıq özəl pensiya fondu fəaliyyət göstərir. Amma təhlükəsi də az deyil. Məlum maliyyə böhranı nəticəsində dünyadakı özəl pensiya fondları böyük məbləğdə vəsaitlərini itirdilər. Təkcə Amerikanın özəl fondlarının itkiləri trilyon dollardan artıq olmuşdu. Azərbaycan hökuməti bu məsələni hərtərəfli götür-qoy edir. Tələsmək və hər hansı bir səhvə yol vermək milyonlarla vəsaitin itirilməsinə səbəb ola bilər”.


Könül Əhmədova

Tarix
17 Aprel 2018 [20:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin