Miqrasiya proseslərinin tənzimlənməsi ölkənin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir

18:16 - 16 Aprel 2018 - KİVDF

Miqrasiya proseslərinin tənzimlənməsi ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyada hər 35 nəfərdən biri beynəlxalq miqrantdır. Bu isə 175 mln. nəfər, yəni dünya əhalisinin 2,9%-i deməkdir.

Bu rəqəmlər bir daha təsdiq edir ki, miqrasiya dünyanın qloballaşmasının aydın göstəricilərindən biridir və insanların yerdəyişmə proseslərini xarakterizə edir. Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlara əsasən ölkəmizdə hər bir şəxsin qanuni olaraq ölkədən getməsi və ölkəyə gəlməsi üçün bütün zəruri şərait yaradılmışdır. Qeyd etmək lazımdır ki, müstəqilliyinin ilk illərində ölkəmizdən emiqrantlar axını müəyyən dərəcədə siyasi, milli və etnik xarakter daşıyırdısa, sonrakı illərdə emiqrasiyanın başlıca səbəbini iqtisadi motivlər təşkil etmişdir. Müstəqillik əldə olunanadək Azərbaycan iqtisadiyyatı digər sovet respublikalarının iqtisadiyyatı ilə sıx əlaqədə olduğundan emiqrasiya sahəsində Azərbaycan Respublikasının əsas tərəf müqabilləri keçmiş ittifaqa daxil olan ölkələr, xüsusilə də Rusiya Federasiyası, Ukrayna və Qazaxıstan respublikaları olmuşdur. Bununla bərabər, digər xarici ölkələrdən Türkiyəyə, Almaniyaya, Hollandiyaya, Polşaya, Kanadaya və İsrailə gedənlər də çoxdur. Azərbaycan Respublikasında xarakterik xüsusiyyətləri ilə seçilən miqrasiya sahəsindəki mövcud vəziyyəti bir daha təsdiq edir ki, bu prosesin dövlət tərəfindən milli mənafelər gözlənilməklə beynəlxalq normalara uyğun tənzimlənməsi üçün təcili tədbirlər görülməlidir. Bu məqsədlə Azərbaycan Respublikası Hökuməti 1997-ci ildən başlayaraq BMqT ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında Miqrasiya İdarəetmə Potensiallarının yaradılması adlı xüsusi proqram həyata keçirmiş və dövlət miqrasiya siyasətinin formalaşdırılması, miqrasiya sahəsindəki milli qanunvericiliyin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, sərhəd-buraxılış məntəqələrində keçid prosesinin sadələşdirilməsi, məcburi miqrantların qeydiyyatı üzrə müəyyən nəticələr əldə edilmişdi.

Qeyd edək ki, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin dünya siyasətində qloballaşma, insan hüquqları, siyasi azadlıq və enerji təhlükəsizliyi kimi siyasi və iqtisadi əsaslı çağırışların fonunda formalaşmağa başlamışdır. Hələ 1985-ci il  iyunun 14-də Avropa məkanında quru, dəniz və hava sərhədləri daxilində Avropa Azad Hərəkət Zonasının yaranmasını təsdiqləyən dövlətlər arasında imzalanmış hökumətlərarası razılaşma olan Şengen sazişi ilə gələcəkdə üzv dövlətlər arasında şaffaf sərhədlərin olması nəzərdə tutulurdu. Daxili təhlükəsizliyin qorunması məqsədilə üzv dövlətlərin xarici sərhədlərində bir sıra tədbirlər həyata keçirilmişdir (məsələn, viza nəzarət sistemi üzrə koordinasiya). Şengen razılaşması Avropa İttifaqı kontekstindən kənar olaraq imzalansa da, 1997-ci il Amsterdam müqaviləsi ilə Avropa İttifaqının əhatə dairəsinə daxil edilmişdir . Məhz belə bir şəraitdə qloballaşan dünyanın özünəməxsus miqrasiya proseslərinə qoşulmaq üçün Azərbaycan dövləti Avropa və dünya hüquq sisteminə uyğun olan bir miqrasiya qanunvericilik bazasının yaradılmasına xüsusi fikir verirdi.  Bunu Amid Əliyev deyib. Onun sözlərinə görə, həmin illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev qloballaşan dünyada Azərbaycanın yeri haqqında 2000-ci il sentyabrın 7-də BMT-nin Nyu-York şəhərində yerləşən Baş qərargahında keçirilən “Minilliyin Zirvə Görüşü”ndə çıxışı zamanı belə demişdir: “Azərbaycan qloballaşmanın müsbət mənada inkişafına öz töhfəsini verir. Mənim ölkəm dünya miqyasında geostrateji əhəmiyyətə malik öz coğrafi mövqeyindən, ehtiyatlarından və potensialından istifadə edərək, Şərq ilə Qərb arasında zəngin tarixi keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu səmərəli surətdə həyata keçirir. Biz Böyük İpək yolunun bərpası, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün çox böyük səylər göstəririk. Dünyanın bir neçə regionunun dövlətlərinin azad və mükəmməl inkişafı üçün bu layihələrin həlledici əhəmiyyəti var, bunlar fövqəlmilli əməkdaşlığa təkan verəcək və qlobal şəraitin inkişafına müəyyənedici təsir göstərəcəkdir”.

Çıxışdan da göründüyü kimi, Azərbaycanın dünya miqyasında geostrateji coğrafi mövqeyə malik olması, Şərq ilə Qərbi birləşdirən mühüm nəqliyyat dəhlizinin üzərində yerləşməsi məhz bu regionda cərəyan edən miqrasiya proseslərini tənzimləyən qanunvericilik bazasının da müvafiq qaydada regionda və dünyada gedən siyasi və iqtisadi proseslər fonunda inkişaf edən miqrasiya proseslərinə və qanunlarına uyğunlaşmasını tələb edirdi. Bu dövrün mühüm xüsusiyyətlərindən biri də odur ki, həmin vaxt Azərbaycanda yaranan miqrasiya qanunvericilik bazası daha çox miqrasiya siyasətinin istiqamətlərini, dünya təcrübəsinin öyrənilməsini və miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsini özündə ehtiva edən normativ-hüquqi aktların qəbul olunması olmuşdur.

2004-cü il  iyulun 13-də Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının dövlət miqrasiya idarəetmə siyasəti konsepsiyası”nın təsdiq edilməsi haqqında Qərar  qəbul edilmişdir. Konsepsiyanın 2.3.2-ci maddəsində miqrasiya qanunvericiliyi sahəsindəki tədbirlər aşağıdakı kimi göstərilmişdir:  miqrasiya sahəsindəki qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq hüquq normalarına uyğunlaşdırılması,  miqrasiya sahəsində hüquqpozmalara görə cinayət və inzibati məsuliyyəti müəyyənləşdirən qanunvericiliyin təkmilləşdirilməsi, miqrantların qeydiyyat və uçotunun təkmilləşdirilməsi,  pasport-viza, vergi, gömruk və sərhəd nəzarəti texnologiyalarının unifikasiyası, avtomatlaşdırılması və möhkəmləndirilməsi.

Konsepsiyanın əsas məqsədi miqrasiya sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi və idarə olunması siyasətinin formalaşdırılması kimi göstərilmişdir.  Amid Əliyev bildirib ki, konsepsiya Azərbaycanda mövcud olan miqrasiya proseslərinin qiymətləndirilməsi, tənzimlənməsi və eləcə də miqrasiya proseslərinin məqsədləri, prinsipləri və vəzifələrinin müəyyən edilməsi sahəsində mükəmməl bir hüquqi sənəd hesab oluna bilər.

Azərbaycan dövləti 25 iyul 2006-cı il tarixində konsepsiyanın davamı hesab olunan 2006-2008-ci illər üçün “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı”nı qəbul etdi. Mütəxəssis qeyd edib ki, bu proqram konsepsiyadan fərqli olaraq, Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətlərini, miqrasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətlərini və miqrasiya sahəsində həyata keçirilməsi zəruri sayılan tədbirlərin və bu tədbirlərə cavabdeh olan müvafiq dövlət orqanlarının və qurumlarının müəyyən edilməsini özündə əks etdirir. Proqramın son nəticəsi kimi 2007-ci il  martın 19-da Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsini təmin edən, miqrasiya proseslərini tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı kimi Dövlət Miqrasiya Xidməti yaradıldı.

Bu sahədə irəli atılmış önəmli addımlardan biri də 2007-ci il  aprelin 10-da “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməsidir.

(ardı var)

Xəbər xətti