Deputat: "ATƏT DTİHB-nin seçki ilə bağlı rəyi obyektivliyi əsk etdirmir"

17:05 - 13 Aprel 2018 - SİYASƏT

“Biz gözləyirdik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) öz məlum, indiyə qədər sərgilədiyi antiazərbaycan ənənələrindən uzaqlaşaraq, Azərbaycanda keçirilən prezident seçkilərinin sözün əsl mənasında doğru qiymətini verəcək. Ancaq təəssüf ki, yenə də belə olmadı və onlar Azərbaycana qarşı qərəzli mövqe sərgilədilər”.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə ATƏT DTİHB-nin müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransında səsləndirdiyi qərəzli fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputatın sözlərinə görə, ATƏT DTİHB-nin seçki ilə bağlı rəyi obyektivliyi əsk etdirmir.

F.Ağamalı hesab edir ki, bu rəy demokratik seçkilərdə iştirak edən Azərbaycan xalqının iradəsini ifadə etmir:

“Buna görə də onların yanaşmasını qərəzli hesab edirəm. Niyə Azərbaycanı sevməyən qüvvələrə əlavə arqumentlər verirlər?”

Səsverməni izləmək üçün bir neçə seçki məntəqəsində olduğunu deyən F.Ağamalı qeyd edib ki, əslində Azərbaycanda prezident seçkiləri demokratik, şəffaf, ədalətli keçib. Buna görə də hansısa qurumun seçki prosesi haqqında mənfi fikirlər söyləməsini yalnız qərəzli yanaşma kimi qəbul etmək olar.

Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.

Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Xəbər xətti