Regionlarda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclər maarifləndirilib

21:01 - 12 Aprel 2018 - Cəmiyyət

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsinin regionlarda təlimlər başa çatıb.


Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsinin regionlarda təlimləri başa çatıb. 

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc kişilər və gələcək ataların iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Layihə müddətində təlimlər Biləsuvar, Mingəşevir, Göyçay, Sabirabad və Bərdə rayonlarını əhatə etməklə 400 gənc kişinin iştirakı ilə keçirilib. Təlimlərdə multiplayerlər “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” kimi mövzulardan müzakirələr baş tutub. 
Sabirabad rayonunda keçirilən 2 günlük təlimdə iştirakçı Xəyal Əhmədli öz fikrini bölüşüb. “Təlim otağına daxil olanda ilk öncə düşündüm niyə məhz kişilər? Daha sonra təlimdə mövzu ilə yaxından tanış olduqda və multipleyerlərin mövzu ilə bağlı müzakirələrini dinlədikdən sonra problemlərin məhz bizdən qaynaqlandığını başa düşdüm. Təlimlərdən sonra mövcud problemlərin aradan qaldırılmasında fəal olacağıma özümə söz verdim”.  

Hər bir rayonda 2 gün davam edən təlimlər zamanı gənclər mövzu ilə bağlı əldə etdikləri biliklər əsasında qrup işlərində fəal iştirak ediblər. Bərdə rayonunda keçirilən təlimin fəal iştirakçısı Ruhid Əliqağalı qeyd edib: “İnsanlar arasında cinsi ayrıseçkiliklərin bəzən dünyaya gəlməmiş körpələrin tələf olunması ilə nəticələndiyini bilməzdim. Bunu sadəcə müəyyən qadağalar kimi başa düşürdüm. Lakin təlim zamanı müzakirələrdə dərk etdim ki, əslində bunlar faciəyə səbəb olacaq addımlardı”. Hər təlimlərin sonunda iştirakçılar təşkilatçılar tərəfindən şəhadətnamə ilə təltif olunublar.   

Məlumat üçün bildirək ki, “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsi Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə bundan öncə 2017-ci ilin iyul-sentyabr aylarında baş tutub. 3 ay davam edən layihə zamanı  ilk öncə “Multiplayer”lərin formalaşdırılması üçün “Təlimçilər üçün Təlim” keçirilib. Təlim zamanı iştirakçılara mövzu üzrə geniş məlumatlar verilib, müxtəlif qrup işləri həyata keçirməklə, onlara nəzəri biliklərin əldə olunmasından sonra praktiki bacarıqların verilməsi təmin olunub. 4 gün davam edən təlimlər başa çatdıqdan sonra seçilmiş gənclər multiplayer qismində regionlarda təlimlərə start veriblər. Təlimlər müddətində 25 şəhər və rayonları əhatə etməklə 1000-dən çox gənc iştirak edib.


Xəbər xətti