“Parkomatlara yeni gətirilən cihazlar özünü doğrultmayacaq”

10:06 - 11 Aprel 2018 - Cəmiyyət

İlqar Hüseynli: “Ölkənin nəqliyyat sektorunun yetərincə taleyüklü problemləri var, qoyun onunla məşğul olaq, nəinki gedib orada parkomatlara cihaz tətbiq etməklə...”

Bakıda avtomobillərin müvəqqəti saxlama dayanacaqlarında nəzarət gücləndirilib. Bu məqsədlə dayanacaqlarda nəzarətçilərə yeni cihazlar verilib. Bu cihaz vasitəsilə dayanacaqda quraşdırılmış parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin fotosu çəkiləcək və sürücülər cərimə ediləcək.

Avtomobillərin müvəqqəti saxlama dayanacaqlarından birinin adını çəkilməsini istəməyən nəzarətçinin “Report”a verdiyi məlumata görə, yeni aparat onlara bu gün paylanılıb və bir ay müddətində sınaqdan keçiriləcək: “Bu aparatla parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin şəkli çəkilir, şəkil avtomatik Dövlət Yol Polisinin bazasına göndərilir. Həmin bazada isə sürücülər üçün dayanma-durma qaydalarını pozduğuna görə elektron protokol tərtib edilir”.
Nəzarətçi həmçinin bildirib ki, yeni cihazların verilməsi öndənişə də təsir edib: “Əvvəllər şəhərin müxtəlif küçə və prospektlərində quraşdırlan dayanacaqlara yaxın ərazilərdə çalışan və ya yaşayan şəxslər avtomobillərini dayanacaqda saxlamaq üçün bir gün ərzində 1 manat ödəniş edirdilər. Çünki, səhər saat 9-dan axşam saat 18-ə qədər avtomobilini dayanacaqda saxlayan sürücü hər saat üçün 0.50 Azn ödəniş etsə, gərək gün ərzində dayanacaqda 4-5 manat pul xərcləsin. Ona görə də dayanacaqlara yaxın ərazilərdə yaşayan və işləyən sürücülərə güzəşt olunurdu. İndi isə deyiblər ki, artıq güzəşt olmayacaq. Hər kəs bir saat üçün 50 qəpik ödəniş etməlidir. Ödəniş etməyən sürücülərin avtomobillərinin şəkilləri çəkiləcək və sürcülər cərimələnəcək”.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yeni aparatlar barədə məlumatı yoxdur: “Mən bilmirəm söhbət hansı aparatlardan gedir. Ümumiyyətlə, əgər belə aparat olsa da sürücülər barədə elektron protokol tərtib oluna bilməz. Sürücü ödəniş etmirsə, onu hansı maddə ilə cərimə etmək olar!?”
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev bildirib ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdir: “Mənim yeni aparat barədə məlumatım yoxdur”.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib: “Həmin aparatın nə olduğunu deyə bilmərəm, çünki həmin aparat haqqında məlumatım yoxdur. Amma bu deyilənlərin heç biri ola bilməz. Çünki yol hərəkəti haqqında qanunun 53-cü maddəsinə və İnzibati xətalar məcəlləsindəki müvafiq maddəyə görə, ilk öncə parkomatlardan istifadə qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir, amma hələ bu müəyyən edilməyib. İkincisi, istifadə qaydaları müəyyən edildikdən sonra parkomat olan ərazidə yaşayanlara pulsuz parklanma salonlarının verilməsi məsələsi var, onun qaydası və şərtləri müəyyən olunmalıdır. Üçüncüsü isə, parklanma yerlərindən ödənişsiz istifadəyə görə həmin ərazidə, parklanma yerinə daxil olan nəqliyyat vasitəsinin daxilolma və ödəniş edilmə faktını qeydə alıb, elektron qaydada Dövlət Yol Polisinin mərkəzi informasiya sisteminə ötürə bilən xüsusi avadanlıqlar olmalıdır. Əgər bunlar yoxdursa heç kimə cərimə yazıla və pul alına bilməz”. 

Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu məsələ həmişə onun diqqətini cəlb edib: “Hər dayanacaqda nəzarətçi olur, çox vaxtı da sürücü həmin nəzarətçiyə pulu verib çıxıb gedir. Və parkomatlardan istifadə olunmur. Yaxud parkomatsız maşın 1-2 saat dayanırsa, yarım saatlıq  ödəniş edir, üstündə bir 10-15 qəpik də nəzarətçiyə verirdilər. Bu cür hallar müşahidə olunurdu. Fikrimcə, bu maliyyənin axınına nəzarət baxımından həyata keçirilir. Kamera altında təxmini monitorinqlər edirlər. Misal üçün, gün ərzində parkomatın önündə 200 maşın dayandığını, amma bunun parkomatdan çıxan pulla adekvat olmadığını görürlər.. Bu mənada nəzarət mexanizmi sözsüz ki, qurulmalıdır. O nəzarətçinin gün ərzində orada dayanması üçün yetərincə əmək haqqı veriləcəkmi? Nəzarətçi ilə parkomatı müəyyən faizlər əsasında razılaşdırmaq olar. Məsələn, gün ərzində parkomatdan çıxan vəsaitin 20-30 faizini nəzarətçiyə vermək olar. Yox, əgər ay ərzində nəzarətçiyə 100-150 manat maaş verəcəklərsə, normal iş qabiliyyəti olan bir kişi gedib başqa yerdə digər vasitələrlə 500-600 manat qazanmaq iqtidarındadırsa, ay ərzində 150 manatdan ötrü gəlib o parkomatın yanında ac-susuz dayanmayacaq”.

Ekspert deyir ki, parkomatlardan gələn vəsaitlərin bələdiyyələrin büdcəsinə yönəldilməsilə bağlı artıq qərar var: “Ola bilsin ki, bələdiyyələr gələn vəsaitlərə nəzarət mexanizmini işə salmaq üçün bu cihazları quraşdıracaqlar. Amma o cihaz nəyə xidmət edəcək? Məsələn, mən dayanmışamsa parkomata pul salıram, bundan sonra müvafiq çek çıxır. Bu çeki maşının üzərində qoyub çıxıb gedirəm. Bəs o aparat sürücünün neçə saat dayandığını necə müəyyən edəcək? Burada milyonların axınından söhbət getmir ki... Hər bələdiyyənin hesabına ayda cəmi 2-3 min manat vəsait gedir ya yox. Düşünürəm ki, bundan ötrü xüsusi cihaz quraşdırmaq lazım deyil. Bu bir vicdan məsələsidir, sürücü ilə nəzarətçi istədiyi vaxtda öz istədikləri işi görə bilərlər”.  

İ. Hüseynli vurğuladı ki, əgər müvafiq ərazinin vətəndaşları üçün gün ərzində 1 manat nəzərdə tutulmuşdusa, həmin pulu qüvvədə saxlamaq lazımdır: “Amma burada bir məsələ də var. Şəhər ictimaiyyəti, bələdiyyə, yaxud digər qurumlar burada dayanan maşının sürücüsünün həmin ərazidə yaşayan olduğunu necə müəyyən edəcəklər? Hər məhəllənin özünün giriş-çıxışları olmalıdır. O giriş-çıxışlara xüsusi şlaqban qoyulur və kart paylanır. Həmin adam yaxınlaşıb, kartını toxundurduqdan sonra həyətdə nəqliyyat vasitəsini park edir. Amma burada başqa bir mexanizm də var. Parkomat elə bir ərazidə yerləşdirilə bilər ki, sürücü maşınını öz həyətinə park etməkdənsə, daha çox o ərazidə dayanmağa üstünlük verər və həmin ərazini saatlarla zəbt etmiş ola bilər. Parkomatlar konkret olaraq kənardan və qısamüddətli bir iş arxasınca gələn insanlar üçün nəzərdə tutulub. Böyük dövlət müəssisələri, həyətlər, xüsusi  mənzillər, yeni tikilmiş binaların bəzilərinin bir neçə mərtəbəli qarajları var. Sadəcə sürücülər müəyyən qədər tənbəllik edir, gün ərzində orada maşınını çıxmaqdansa, 1 manatlıq ödənişi edib parkomat ərazisində saxlamağa üstünlük verir”.

Ekspert əlavə etdi ki, bu məsələlər çox mübahisəli və taleyüklü problemdir: “Ölkəmiz yol infrastrukturunun tikintisində oğurlanan pulun  və korrupsiyanın qarşısını ala bilsə, heç bu parkomatlar onların yadına düşməz və bunu əhali üçün pulsuz edərlər. Bu gün vətəndaşların vəziyyətini də nəzərə almaq, güzəşt etmək lazımdır. Avropa ölkələrində insanlar parkomatlardan şüurla istifadə edir. Amma bizdə yol infrastrukturunun o qədər çətinliyi var ki, insanlar adicə xəstəsini nəqliyyat vasitəsilə xəstəxanaya aparmaqda çətinlik çəkir ”. 

Ekspert əlavə etdi ki, bu yeni cihazlar sınaq müddətini keçə bilməyəcək: “Cihazın funksiyalarının nə olacağı, necə nəzarət ediləcəyi, informasiyaların kimə ötürüləcəyi məlum deyil. Cəriməni nəqliyyat vasitələrinə nəzarətçilərmi yazacaqlar? Bu çox mübahisəli məsələdir. Mənə elə gəlir ki, parkomatlara gətirilən yeni cihazlar özünü doğrultmayan bir aksiyadır. Ölkənin nəqliyyat sektorunun yetərincə taleyüklü problemləri var, qoyun onunla məşğul olaq, nəinki gedib orada parkomatlara cihaz tətbiq etməklə...”. 


Könül Əhmədova

Xəbər xətti