Vətəndaşlıq məsələləri bir miqrasiya prosesidir

21:34 - 10 Aprel 2018 - KİVDF

İnsanın istifadə edə biləcəyi hüquq, daşıya biləcəyi vəzifə bu şəxsin həmin dövlətin vətəndaşı olub-olmamasından birbaşa asılıdır

Miqrasiya proseslərində iştirak edən insanların məqsədləri müxtəlif olur. Məsələn, bir qrup insan ölkə daxilində baş verən iqtisadi tənəzzül və böhran nəticəsində işləmək üçün yeni bir təyinat ölkəsini seçməli olur, ikinci qrup insanlar ölkədəki siyasi sabitliyin pozulması nəticəsində siyasi sığınacağın alınması üçün təyinat ölkəsi seçirlər, üçüncü qrup insanlar yaxın qohumluq əlaqələrinə əsaslanaraq öz yaşadıqları ölkəni tərk edərək yeni həyat axtarışı naminə yeni təyinat ölkəsi seçirlər. Nəhayət, təbii fəlakətlər nəticəsində öz ölkəsini tərk edərək yeni təyinat ölkəsi seçimində olan insanlar olur. Bu qruplara daxil olan insanlar miqrasiya proseslərində iştirak edirlər. Nəticədə həmin insanlar yekun olaraq ya öz statuslarını qanuniləşdirərək işləmək üçün təyinat ölkəsində qalırlar, ya da ki daha da irəli gedərək təyinat ölkəsinin vətəndaşlığını əldə etmək üçün bütün miqrasiya prosedurlarını keçməli olurlar.  Bunu bu sahə üzrə mütəxəssis Amid Əliyev deyib. Onun sözlərinə görə, vətəndaşlığın əldə edilməsi miqrasiya proseslərində demək olar ki, son prosedur kimi qəbul olunur. Məhz vətəndaşlıq məsələləri hər bir dövlətdə özünəməxsus şəkildə qanunvericiliklə tənzimlənən bir miqrasiya prosesidir. 1998-ci il  sentyabrın 30-da “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qanunda Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunma, vətəndaşlığa bərpa olunma və eləcə də vətəndaşlığa xitam verilməsi qaydaları göstərilib. 

Qeyd edək ki, vətəndaşlıq şəxslə dövlət arasında qarşılıqlı hüquq və vəzifələrin mövcudluğunda təzahür edən sabit, möhkəm, siyasi-hüquqi əlaqədir. İnsanın istifadə edə biləcəyi hüquq, daşıya biləcəyi vəzifə bu şəxsin həmin dövlətin vətəndaşı olub-olmamasından birbaşa asılıdır. Dövlət vətəndaşını müdafiə etməlidir, vətəndaşı xarici ölkənin ərazisində olduqda belə onlara himayəçilik etməlidir. Vətəndaşlıq ayrıca şəxs və dövlət arasında hüquqi əlaqəni bildirir, bu zaman həmin şəxsin etnik mənşəyi göstərilmir. Vətəndaşlıq çox geniş və mürəkkəb məsələdir. O, vətəndaşlığı olmayan (apatridlər), ikili vətəndaşlığı olan (bipatridlər) şəxslərin, əcnəbilərin hüquqi statusu və bu sahədə digər məsələləri özündə ehtiva edir və çoxlu sayda normativ aktlarla tənzimlənir.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qəbulu irəliyə doğru atılmış bir addım idi, 2014-cü ildə onda bir sıra dəyişikliklər edildi.

Dəyişikliklərə daxil olan və ən çox diqqəti cəlb edən məqamlardan biri qanunun 12-ci maddəsinin yeni redaksiyasıdır: “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır”.  Mütəxəssis Nərgiz Yusifova bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, valideynlərin hər ikisi eyni dövlətin vətəndaşı olduqda uşaqların vətəndaşlığı barədə heç bir problem yaranmır. "Qan hüququ" prinsipi istisnasız tətbiq olunur. Problem valideynlər müxtəlif dövlətlərin vətəndaşları ya da vətəndaşlığı olmayan şəxslər olduqda yaranır. Belə olan halda "torpaq hüququ" prinsipi öz yardımçı rolunu oynayır. Əvvəlki redaksiyadakı qanunda maddə yalnız hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşağın vətəndaşlığını tənzimləyirdi və bu barədə heç bir fikir ayrılığı ortaya çıxmırdı. Bu maddənin yeni redaksiyası isə təkcə vətəndaşlığı olmayan şəxslərin yox, valideynlərinin hər ikisi əcnəbi və ya valideynlərindən biri əcnəbi digəri vətəndaşlığı olmayan şəxslərin övladlarının vətəndaşlığını tənzimləyir”. Onun sözlərinə görə, maddənin bəndlərinə nəzər saldıqda, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsi ilə ziddiyyətə rast gəlinir. Belə ki, Konstitusiyanın 52-ci maddəsi bəyan edir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Əvvəlki redaksiyada 12-ci maddənin yalnız bir bəndi mövcud idi və bu Konstitusiya ilə heç bir ziddiyyət əmələ gətirmirdi. Göstərilirdi ki, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin maddəyə əlavə edilmiş bəndlərlə bağlı bir sıra anlaşılmazlıqlar yaranır. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan, həmçinin Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Konstitusiya isə əksinə, Azərbaycan Respublikası ərazisində doğulan istənilən şəxsi Azərbaycan Respublikasının vətəndaşı hesab edir.  Göründüyü kimi müəyyən ziddiyyət var. 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 13-cü maddəsində isə valideynləri naməlum uşaqların vətəndaşlığı tənzim olunur və bildirilir ki, Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Bəs. hansı halda Azərbaycan Respublikasının vətəndaşlığına qəbul həyata keçirilir. Bu, qanun  14-cü maddəsi ilə tənzimlənir. Bildirilir ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla).

Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.
Qeyd edilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.
Bundan başqa, şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

(ardı var)

Xəbər xətti