Karib adalarının 100 il əvvəl nəsli kəsilmiş super-sıçovulu

19:59 - 9 Aprel 2018 - MARAQLI

Alimlər 100 il bundan əvvəl kökü kəsilmiş super-sıçovul barədə onun DNT izləri əsasında ətraflı məlumat əldə edə biliblər.

Bioloqlara görə "Düyü sıçovulu" adı ilə tanınan və pişik boyda ölçüləri olmuş həmin məməlilərin son nümayəndələri Karib adalarında 100 il bundan əvvəl yoxa çıxıb. Britaniyalı alimlər tərəfindən aparılmış elmi tədqiqatın nəticələri Kral Elmi Cəmiyyəti tərəfindən nəşr edilən "Proceedings B" jurnalında dərc edilib.
Alimlərə görə, bu heyvanların nəslinin kəsilməsinə səbəb avropalıların adalara gəlişi və onların fəaliyyəti nəticəsində Karib adalarının təbii landşaftının dəyişməsi olub. Zooloji müzey kolleksiyalarında bu heyvanların yalnız bir neçə nümunəsi qalıb. Arxeoloji qazıntılar nəticəsində əldə olunan DNT izlərinin təhlili əsasında super-sıçovulların Karib adalarında ilk dəfə necə peydə olduqları və onların bu ərazidə necə inkişaf edib və yayıldığı barədə məlumat toplanıb. Araşdırmalar göstərib ki, bu heyvanlar Karib hövzəsində ilk dəfə təxminən 6 milyon il bundan əvvəl Miotsen erasının son mərhələsində peyda olub. Alimlərə, görə avropalılar adalara gəldikdən sonra meşələrin qırılması, adalarda ətraf mühit mənzərəsinin dəyişdirilməsi prosesləri başlayıb ki, bu da "Düyü sıçövulunun" kökünün kəsilməsində başlıca amilə çevrilib.
Karib adalarında avropalılar ətraf mühit landşaftını dəyişməklə yanaşı onlarla birgə bu əraziyə ayaq basmış qara sıçovul və manqustlar da aborigen super-sıçovulların yaşayış arealının sürətlə daralmasına səbəb olubmuş, alimlər qeyd edir. Nəticədə, sonuncu "düyü sıçovulu" adalarda 20-ci əsrin ilk illərində yoxa çıxıb. Alimlər bu məməlilərin nəslinin kəsilməsinin Karib hövzəsi biomüxtəlifliyi üçün böyük itki olduğunu deyirlər. Onların təbirincə, insan fəaliyyəti bu regionda canlı təbiət müxtəlifiliyinin sürətlə kasadlaşmasına aparır.

 

Xəbər xətti