Ana səhifə
18 Sentyabr 2018

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilər

Elektron vizaların verilməsi qaydası Miqrasiya Məcəlləsinin 38-ci maddəsi ilə müəyyən edilir

Müasir dövrdə cəmiyyətdə və dövlətdə hər hansı bir prosesin və axının düzgün qiymətləndirilməsi və gözlənilən nəticələrin əldə edilməsi üçün ilk növbədə həmin prosesləri və axınları nizamlaya və dövrün tələblərinə cavab verə bilən, dinamik olaraq hazırlanmış qanunlardan ibarət normativ-hüquqi bazanın olması əsas şərtlərdəndir.

XX əsrin 90-cı illərində dünyada mövcud olan ikiqütblü sistemin süqut etməsi nəticəsində Avropa və Asiyada müstəqillik əldə edərək, dünya siyasət arenasına daxil olan dövlətlər həmin dövr üçün onlara xarici siyasət sahəsində heç də tanış olmayan öyrənilməmiş yeni istiqamətlər və axınlarla qarşılaşırdılar. XX əsrdə postsovet ölkələrinin qarşılaşdığı ən mühüm sahələrdən biri də məhz miqrasiya olmuşdur. 1991-ci ilin 8 dekabr tarixinədək, yəni SSRİ-nin süqutunu rəsmiləşdirən müqavilənin imzalanmasınadək Azərbaycan da digər postsovet respublikaları kimi beynəlxalq miqrasiya proseslərindən kənarda qalmışdır. Ümumilikdə isə bu sahə SSRİ məkanında öyrənilməmiş bir sahə olaraq qalırdı. Bunu bu sahə üzrə mütəxəssis Amid Əliyev deyib. Onun sözlərinə görə,  1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra miqrasiya proseslərinin fəal iştirakçısına çevrilməyə başlayıb. Bunun bir neçə səbəbi mövcud idi: birincisi, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi məkan, ikincisi, Azərbaycanın malik olduğu zəngin təbii ehtiyatlar, üçüncüsü isə  Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi. Məhz belə şərtlər daxilində yenicə müstəqilliyini qazınmış Azərbaycan Respublikası ilk növbədə dünyada və regionda baş verən miqrasiya proseslərini izləmək, təhlil etmək və düzgün istiqamətləndirmək üçün müvafiq qanunvericilik bazasının yaradılmasına xüsusi diqqət yetirdi. “Azərbaycan Respublikasında miqrasiya qanunvericiliyinin yaranmasını şərti olaraq iki dövrə bölmək olar:   1990-cı ildən 2000-ci ilədək olan  ilkin dövr;   2000-ci ildən bu günə qədər davam edən  müasir dövr.Bu dövrlərdə miqrasiya sahəsində qəbul olunmuş və yaradılmış qanunvericilik bazası əsasən həmin dövrdə Azərbaycan Respublikasının ictimai-siyasi vəziyyəti ilə sıx bağlı olmuşdur.

Hər iki dövr bir-birindən özünün xüsusiyyətlərinə görə kəskin surətdə fərqlənir. Belə ki, birinci dövrdə faktiki olaraq, Azərbaycan müharibə vəziyyətində olan bir ölkə kimi daha çox siyasi və iqtisadi sabitliyin bərqərar olmasına xüsusi diqqət yetirirdisə, ikinci dövrdə artıq Azərbaycan Respublikası beynəlxalq hüququn tamhüquqlu üzvü kimi qloballaşan dünyada baş verən miqrasiya proseslərinin aktiv iştirakçısı kimi çıxış edirdi” . O bildirib ki, müasir dövrdə hər bir dövlətin hüquqi əsaslarını özündə əks etdirən, hakimiyyət bölgüsünü tənzimləyən, vətəndaşların hüquq və azadlıqlarını təsbit edən, eləcə də hüquqi-normativ aktlar sırasında ən üstün hüquqi qüvvəyə malik olan konstitusiyanın qəbul olunması mühüm hüququ hadisə hesab olunur. “Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Konstitusiyanın  69-cu maddəsində qeyd edilir. Bu maddədə bildirilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər”. Onların hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Göründüyü kimi, dövlətimizin ali qanunu olan Konstitusiyada da ölkə ərazisində yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqları Müqrasiya Məcəlləsi ilə də tənzimlənir. Bu sahədə atılan uğurlu addımlardan biri də Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydasıdır və bu qayda Miqrasiya Məcəlləsinin 38-ci maddəsi ilə müəyyən edilir. Bu maddənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlik vizada isə 90 günədək müəyyən edilib. 3-cü bəndə isə qeid olunub ki, elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir. Bu vizanı almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

Qeyd edək ki, elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saatmüddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Bununla bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, elektron bizanın 3 iş günü ərzində verilməsi, "ASAN Viza" sisteminin yaradılması ölkəyə daha çox turistin cəlb edilməsinə, turizminin inkişafına imkan yaradacaq: "Bu, Azərbaycana gələn qonaqlar üçün yaşıl işıq yandırır. Bu, artıq şərait yaradır ki, gələn qonaqlar üçün maneələr yaradılmasın".

Viza verilməsindən imtina edildikdə də, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Bundan başqa,  “ASAN Viza” sistemi elektron vizaların verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatları, habelə elektron müraciət formasında nəzərdə tutulan məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanına da göndərir.  Miqrasiya Məcəlləsinin 38-ci maddəsində  bildirilir ki, elektron viza isə pasporta yapışdırılmır, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən çap edilmiş elektron vizanı və ya həmin vizanın məlumatlarını sərhədkeçmə sənədi ilə birgə təqdim edir. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.

Bu barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə real vaxt rejimində “ASAN Viza” sisteminə ötürülür. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda elektron viza verilməsi haqqında müraciət rədd edilir, verilmiş viza ləğv edilir və şəxs ölkəyə buraxılmır. Təkrar müraciətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər. Onlar (Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşamaq icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər

 

Tarix
9 Aprel 2018 [18:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin