Ana səhifə
15 Oktyabr 2018

«Sənətin yaşı yoxdur» - Müsahibə

Nəbahət Çehrə: «Mənim yaşımda bir qadının açıq səhnələrdə çəkilməsini və gənclər kimi davranmasını sevmirəm»

 

Azərbaycan izləyiciləri tərəfindən “Möhtəşəm yüz il” serialının Validə Sultanı, “Askı memnu”nun Firdevsi kimi sevilən, bir çox filmlərdə və seriallarda oynayan məşhur türkiyəli aktrisa Nəbahət Çehrə Bakıda “Qanlı yanvar” filminə çəkilir. Aktrisa bu filmlə bağlı Bakıda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

 

- Qeyd etmisiniz ki, filmlərdə çəkilmək istəyirsiniz, seriallara çəkilmək istəmirsiniz?

 

- Sağlığım icazə verdiyi qədər çəkiləcəm. Sənətin yaşı yoxdur, insan hər yaşda oynaya bilər. Yaxşı bir filmə çəkilmək istəyirəm. Mən çünki “Yeşılçam”da 120 filmə çəkilmişəm. Filmlərdən səhnəyə gəlmişəm, seriallara deyil. Ondan sonra seriallara çəkilməyə başlamışam. Film qalıcıdır. Yaxşı bir iş gördüyünüz zaman 20 il sizi unutdurmaz. Serial iki il gündəmdə qalır. Başqa bir serial onu unutdurur, film qalıcıdır.  Filmin və serialların çəkilişlərdə heç bir fərq yoxdur.  


- Film üçün Azərbaycanı seçdiniz...

 

- Bəli. Belə bir şans oldu. Azərbaycanda  20 Yanvar hadisəsinə həsr olunan filmdən təklif gəldi.

 

- Bu filmə serial çəkilərsə, razı olarsınız?

 

-  Serial çəkəcəklərini düşünmürəm. Çünki çox ciddi bir mövzudur. Əgər bu film serialı da çəkilsə sevə-sevə oynayaram.

 

- “Kara para aşk” serialında obrazınızı bəyənmədiyiniz üçün serialı tərk etmisiniz. “Möhtəşəm yüz il”dən sonra hansı obrazda oynamaq istərdiniz?

 

- Oynadığn hər obraz səni daha da zirvəyə qaldırmalıdır. “Kara para aşk” eşq filmi idi. Orada ana obrazı içi boş bir xarakter idi. Mənim izləyicilərim ananı hər zaman çox qüvvətli görür. İndiyə qədər elə obrazlar oynamışam. Ona görə serialdakı obrazımın elə qalacağına inandığım üçün tərk elədim. Məni xoşbəxt etməyən hər şeydən qaçıram. Pul önəmli deyil. Mənim üçün ilk növbədə hekayəyə, gördüyüm işə inanmaqdır. Bu olduğu zaman oynayıram. 13-cü bölümdən sonra çəkiliş heyətinə dedim ki, yeni sezonda serialı tərk edirəm. Ona görə hazırlıq edin.

 

- Sizi hər zaman ana obrazında görürük...

 

- Vallah, nə bilim. Sanki bu qadınların heç şəxsi həyatları yoxdu (gülür). Sadəcə «ana» deyirlər. Halbuki, bu yaşımda öz həyatları olan qadınlar da var. Elə rol canlandırmaq istəyirəm. Özümü başqa istiqamətdə də göstərmək istəyirəm. Amma film və serialların rejissorları deyirlər ki, siz bu rolu oynamalısınız, alternativiniz yoxdur. Əslində, bu çox yanlışdır. Mən aktrisayam və hər obrazı oynamalıyam. “Qanlı yanvar” filmində makiyajsız, başqa bir obrazda, başqa görüntüdəyəm.

 

- Sizə yeni serial təklifləri gəlir?

 

- Seriallardan və filmlərdən də gəlir.

 

- Bildirdiniz ki, həmişə ana rollarına çəkilirsiniz. Bəs, qəlbinizdən hansı obrazı oynamaq keçir?

 

- “Qanlı yanvar”da oynadığım rol çox gözəldir. Xalqın içindən çıxan bir obrazı da canlandırmaq istəyirəm.

 

- Başq bir filmdə əcnəbi bir qadını oynamaq istərdinizmi?

 

- Aktrisalar belə bir seçim etməzlər. Hekayə gözəldirsə, oynaya bilərlər. Əsasən, hekayə gözəl olmalıdır. Boş bir hekayə olmamalıdır. 

 

- Hər zaman gözəlliyinizlə seçilirsiniz. Gözəlliyinizin sirri nədir?

 

- Heç bir sirri yoxdur (gülür).

 

- Özünüzə xüsusi qulluq edirsiniz?

 

- Özümə çox baxmıram. Məni tanıyanlar bunu bilirlər. Amma qadın özünə baxmalı, idman etməlidir. Təəssüf ki, mən baxa bilmirəm.

 

- Nəbahət xanım gözəlliyinin fərqindədir?

 

- Bəzən gözəlliyim başıma bəla olur (gülür). Düşünürəm ki, çirkin qadın yoxdur. Özünü gözəl göstərən qadın var.

 

- Siz sözünüzü demiş aktrisasınız. Bəs, Türkiyədə yeni aktyorlardan kimi bəyənirsiniz?

 

- Ayrıseçkilik etmirəm. Çünki aktyor üçün rol çox önəmlidir. Rol ona yaraşırsa, bəyənirik. Aktyorlarımız gözəl və istedalıdırlar.

 

- Kiminlə tərəfmüqabili olmaq istərdiniz?

 

- Fərqi yoxdur. Mənə rolum önəmlidir.

 

- Oynadığınız hansı obrazda özünüzü rahat hiss etdiniz?

 

- “Yeni hayat” adlı bir seriala çəkilirdim. Amma serial rejissorun səhhəti ilə əlaqədar olaraq tez dayandırıldı. Oradakı obrazımı çox sevirdim.

 

- Azərbaycan filmlərinə baxmısınızmı?

 

- Təəssüf ki, baxa bilməmişəm.

 

- Aktyorlarımızı da tanımırsınız?

 

- Tanımıram. Yalan söyləməyi sevmirəm.

 

- Rolunuza görə ssenaristlərlə məsləhətləşirsinizmi və obrazınıza dəyişiklik edirsinizmi?

 

- Mənə təklif edilən ssenaridə bəzi dəyişiklərin olmasını xahiş edirəm. Onlara da yaxşı qarşılayırlarsa, həmfikir oluruq. Məsələn, mənim yaşıma uyğun olmayan, yaraşmayan bir obraz olursa, onun olmamısını xahiş edirəm.

 

- Heç vaxt açıq səhnələrdə çəkilməmisiniz. Bu nədən irəli gəlir?

 

- Özümə olan hörmətimdən irəli gəlir. Məsələn “Aşkı memnu”da əvvəl gənc bir qadın obrazını canlandırmağı bildirdilər, amma qəbul etmədim. Obraz olacaqsa, mənim yaşımda və xarakterli obraz olmasını xahiş etdim. Mənim yaşımda bir qadının açıq səhnələrdə çəkilməsini və gənclər kimi davranmasını sevmirəm.

 

- Həmkarlarınızdan fikrinizlə razılaşmayanlar da ola bilər...

 

- Bəlkə də. Amma mənim fikrimə hörmət edirlər. Çünki mən çox güclü film aktrisasıyam. 120 filmə çəkildiyim üçün çox böyük rejissorlarla işləmişəm. Həyat yoldaşım Yılmaz Güney dünyada tanınan bir aktyordur. Ondan çox şey öyrənmişəm. Nəyin doğru, nəyin yanlış olduğunu çox gözəl bilirəm.

 

- Bu qədər gərgin iş rejimində işləyirsiniz. Qidanıza fikir verə bilirsiniz?

 

- Hazırda bir-iki kilo almışam. Daha rahat arıqlayım deyə çox kökəlmək istəmirəm. Saat 7-də yeməyimi yeyirəm. Çox tez yatıram.

 

- “Möhtəşəm yüz il” sizin həyatınızda necə iz buraxdı?

 

- Möhtəşəm iz buraxdı (gülür). “Möhtəşəm yüz il” serialı 120 ölkəyə satıldı. Hazırda mumiya muzeyimiz açıldı. Burada çəkilişdə olduğuma görə açılışda iştirak edə bilmədim.

 

 

Rəqsanə

Tarix
3 Dekabr 2014 [17:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin