Ölkəmizə gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər viza almalıdır

19:52 - 6 Aprel 2018 - KİVDF

Onlar  dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ bilərlər

Miqrasiya prosesi hazırda beynəlxalq aləmin və beynəlxalq birliyin mühüm problemlərindəndir. Dünyada münaqişə, müharibə, təbii fəlakətlər üzündən miqrasiya proseslərinin əhatə dairəsi genişlənir. Bunun da nəticəsində öz ölkələrini tərk etməyə məcbur olan insanların sayı artmaqda davam edir. Əgər 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası vardısa, bu gün dünyada qaçqın və məcburi köçkünlərin sayı 65 milyonu keçib, münaqişə zonalarının sayı isə 70-ə qədərdir. Müstəqil Azərbaycan üçün də miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Ölkəmizdə sülhsevər siyasətin həyata keçirilməsi, dövlətimizin başçısının həmrəylik çağırışları bütün dünya üçün parlaq bir nümunədir. Bu gün Azərbaycanda sabitlik hökm sürür, iqtisadi artım var. Bu da miqrantların ölkəmizə marağını artırır. Ölkə ərazisini tərk etmiş insanların geriyə dönmə tendensiyası, həmçinin Azərbaycana gələn əcnəbilərin sayının artması müşahidə olunur.  Bəs, bu qanunvericilikdə necə tənzimlənir.

Miqrasiya Məcəlləsinin 15-ci maddəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi tənzimlənir. Bu maddədə bildirilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Ölkəmizə gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər viza almalıdırlar. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər.

Bundan başqa, bildirilir ki,. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər. Bu maddədə qaçqın statusu almış əcnəbilər və vətəndasşlığı olmayan şəxslərin ölkəmisdən getmə və viza almadan geri qayıtması da tənzimlənir və bildirilir ki, bu halda onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün “Yol sənədi” verilir. Bu sənəd əsasında da Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər.

Qeyd edilib ki, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhədkeçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda verilən səyahət sənədi onların ölkə hüdudlarından kənara çıxması üçün əsasdır. Lakin bəzən Miqrasiya Məcəlləsinin tələbinin pozulması hallarına rast gəlinir. Məsələn, bu məcəllənin tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və digər sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olur. Onlar Azərbaycan Respublikasının ərazisinə buraxılmadan, gəldikləri ölkəyə qaytarılırlar.  Saxta və ya başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Aydındır ki, Azərbaycana gələn əcnəbi yaşayış yeri üzrə qeydiyyata düşməlidir. Buna da ciddi nəzarət edilir və lazım olan tədbirlər görülür. 2018-ci ilin fevral ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1585 qərar qəbul edilib. Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 900 qərar qəbul edilib ki, onlardan 712-si ölkəni tərk etmə barədə, 188-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub.

Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 643 qərardan 495-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 148-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub. Müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı 10, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycanda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 32 qərar qəbul edilib.  

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6421 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

2018-ci ilin fevral ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 43338 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb. Ay ərzində DMX-nin “Çağrı mərkəzi”nə 8152 zəng daxil olub.
Qeyd edək ki, bu gün əcnəbilər Azərbaycandan həm də tranzit  ölkəsi kimi istifadə edir. Bu ilk növbədə  ölkəmizdə  tolerantlığın yüksək səviyyədə olması, bu günədək miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntuları qeydə alınmamışı ilə bağlıdır. Ölkəmiz mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkan kimi tanınır, dünyada layiqli və etibarlı bir tərəfdaş kimi qəbul olunur. Bütün bunlarsa Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Bu əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana marağını artırır  Miqrasiyanın 19-cu maddəsində bildirilir ki, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hər hansı bir dövlətdən Azərbaycan Respublikasının ərazisinə girişi və Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş marşrut üzrə hərəkət edərək üçüncü ölkəyə çıxışı həmin şəxsin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi hesab olunur. Onlara tranzit vizası verilir.

Xəbər xətti