Elmar Məmmədyarov Koreya XİN başçısını qəbul edib

12:38 - 6 Aprel 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Yong Ho Rini qəbul edib

Ucnoqta.az XİN-ə istinadən xəbər verir ki, Yong Ho Ri Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi və 2019-cu ildən Azərbaycanın təşkilata sədrliyə başlamasının QH-yə üzv dövlətlərin Azərbaycana olan inamından irəli gəldiyini bildirdi. O həmçinin KXDR-in Azərbaycanın sədrliyi dövründə üzv dövlətlərlə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu əlavə edib. 
E.Məmmədyarov Yong Ho Rinin Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirdi. E.Məmmədyarov QH-nin məqsəd və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyin dəstəklənməsinin cari beynəlxalq münasibətlərdə aktual olduğunu və Bandunq prinsiplərinə sadiqliyin vacib olduğunu diqqətə çatdırıb.

Səfərinin tarixi olduğunu bildirən Yong Ho Ri ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından səfərlər mübadiləsinin arzuolunan olduğunu vurğulayıb. 
Yong Ho Ri KXDR-in Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, xüsusilə neft sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib. O həmçinin Bakı şəhərinin arxitekturasının öyrənilməsi məqsədilə KXDR-dən olan arxitekturlarının səfərinin mümkünlüyünü qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər xətti