Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı davam edir

11:19 - 6 Aprel 2018 - SİYASƏT

 Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin "Davamlı inkişaf naminə beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi" mövzusunda konfransı bu gün də davam edir.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri, habelə tədbirin müşahidəçiləri və qonaqları görüşün gündəliyindəki məsələlər üzrə çıxış edirlər.
Qazaxıstanın xarici işlər nazirinin müavini Yerjan Aşikbayev çıxışı zamanı ölkəsinin Fələstin problemində iki dövlət prinsipi əsasında kompromis əldə olunması məsələsi də daxil olmaqla, qlobal və regional təhlükəsizlik və sabitlik prinsiplərinə sadiq olduğunu deyib.
Nazir müavini nüvə silahının yayılmaması və silahsızlaşdırma üzrə fəaliyyətin aktivləşdirilməsinin zəruriliyini vurğulayıb. O, Yaxın Şərq, Avropa və Afrikada nüvə silahı olmadan azad zonalar yaradılmasını təklif edib.

Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Abdurrahman bin İbrahim əl-Rissinin sözlərinə görə, ölkəsi həmçinin regionda davamlı inkişaf və sabitlik ideyasını, o cümlədən regiondakı münaqişə zonalarında sülhün əldə olunmasını dəstəkləyir. 

"Səudiyyə Ərəbistanı humanitar məqsədlərlə Bin Salman mərkəzini yaradıb. Onun kapitalı 1 milyard 200 milyon dollardır. Bu məbləğ Qoşulmama Hərəkatının 27 ölkəsinə yardım edilməsi üçün nəzərədə tutulub", - o bildirib.

Qeyd edək ki, XİN başçılarının iclasının ardından Bakı Bəyannaməsi qəbul ediləcək.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Bakıda 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısı keçiriləcək. Azərbaycan 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.

Xəbər xətti