Təhqir və söyüş siyasətdə heç vaxt üsul hesab olunmamalıdır

15:55 - 5 Aprel 2018 - SİYASƏT

Elxan Şahinoğlu: “Siyasi müstəvidəki mübarizədə söyüş və təhqirlərə son qoyulması ilə bağlı bir yol tapılmalıdır”
Fikrət Sadıqov: “Azərbaycanda müəyyən tədbirlər, seçkilər ərəfəsində bu cür hadisələrin baş verməsi daimi xarakter daşımağa başlayıb”
Hikmət Babaoğlu: “Münasibətləri “Yumşaq güc” vasitəsilə hüquqi mexanizmlərlə tənzimləməliyik ”

Bildiyimiz kimi, Avropa ölkələrində xeyli sayda həmvətənlərimiz yaşayır. Onların əksəriyyəti müəyyən fəaliyyətləri, uğurlu işləri ilə ölkəmizi layiqincə təmsil edir, bayrağımızı, Azərbaycanın adını ucaldırlar. Amma bu cür müsbət hallarla yanaşı, mənfi hallar da mövcuddur. Avropaya sığınan bir neçə azərbaycanlının son zamanlar etik prinsipləri pozaraq Azərbaycan, dövlətimizin başçısı, dövlət rəmzləri haqqında təhqiredici ifadələr səsləndirilməsi geniş vüsət alıb. Prezident seçkilərinə sayılı günlərin qaldığı bir dövrdə görəsən, bu məsələlər niyə gündəmə gətirilir?  Təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi seçən müəyyən insanlar yaşadıqları ölkələrdən müxtəlif təhdidlər səsləndirirlər. Bu onların zəifliyini nümayiş etdirmirmi?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, bu qruplar Azərbaycanda gedən proseslərə əvvəllər də kəskin reaksiya bildiriblər: “Amma inanmıram ki, ölkəmizdə prezident seçkilərinə hər hansı bir mənada təsir etmək üçün belə yanaşma ortaya qoysunlar. Azərbaycandakı prosesə elə də böyük təsiri olacağını düşünmürəm. Əslində siyasi müstəvidəki mübarizədə söyüş və təhqirlərə son qoyulması ilə bağlı  yol tapılmalıdır. Amma hələ ki, təəssüf ki, dayanmadan bu proses davam edir”. 
E. Şahinoğlunun sözlərinə görə, müxtəlif qruplar mövcuddur:
“Özbaşına hərəkət edən və arxasında maliyyə gücü olan qruplar var. Bu qrupların hamısının birmənalı şəkildə eyni mərkəzdən idarə olunduğunu demək olmaz. Düzdür, bunların hamısı fəaldır. Qərbdə çoxlu soydaşımız yaşayır, öz işləri ilə məşğuldurlar, eyni zamanda ölkəmizdə baş verən proseslərə də  müsbət münasibətləri var. İnternetdə söyüş və təhqiramiz ifadələr işlədənlərin sayı isə çox deyil, cəmi 5-10 nəfərdir. Amma problem bundadır ki, bu cür ifadələrdən istifadə edənlər diqqəti cəlb edir”. 
Politoloq qeyd etdi ki, siyasi mübarizənin özünəməxsus üsulları var: “Seçkilərdə iştirak etmək, mitinqlər, qəzetlərdə öz fikirlərinin yayılması və s. bura daxildir. Bəli, iqtidar varsa, müxalif fikir də olmalıdır, bu normal bir haldır. Amma radikallıq və marjinal yanaşma Azərbaycan üçün böyük təhlükələr yarada bilər. Siyasi mübarizədə daha etik üsullardan istifadə olunması üçün dövlətin müvafiq orqanları təbliğat məsələsini daha da genişləndirməlidir. Həmin qüvvələrlə mübarizə çox çətin bir məsələdir. Çünki onlar qərbdə, biz isə Azərbaycanda yaşayırıq. Hüquqi müstəvidə də cinayət işi açmaq mümkün deyil, çünki başqa ölkədə yaşayırlar. Bunun yolu ancaq maarifləndirmə və təbliğatdan keçir”. 

Politoloq Fikrət Sadıqov isə bildirdi ki, qarşıda prezident seçkiləri var:
“Bunların aktivləşməsi o ölkələrdə olan müəyyən dairələri qane edir. Düşünürəm ki, həmin dairələrin onların arxasında dayanması bir reallıqdır. Azərbaycana qarşı vaxtaşırı belə çıxışların, bəyanatların və təhqiredici ifadələrin səsləndirilməsi yeni bir şey deyil. Yəni ki, Azərbaycan möhkəmlənən bir dövrdə bu ifadələr daha qabarıq şəkildə səslənir. Mənim fikrimcə, orda hər hansı konkret bir fakt, bəyanat eşitsək buna reaksiya vermək lazımdır. Amma onların bütün ifadələri təhqirlə bağlıdır. Azərbaycanın şərəf və ləyaqətinə toxunan cümlə və bəyanatları düşünülmüş şəkildə edirlər. Onlar müəyyən sifarişli bəyanatlarla çıxış edirlər.  Biz yaxşı dərk edirik ki, Azərbaycanda müəyyən tədbirlər, seçkilər ərəfəsində belə hadisələrin baş verməsi daimi xarakter daşımağa başlayıb”. 
F. Sadıqov əlavə etdi ki, təhqir və söyüş siyasətdə heç vaxt üsul hesab olunmamalıdır və olunmur da: “Əgər kiminsə sözü yaxud narazılığı varsa, gündəmə öz fikrini çatdırsın, ortaya konkret bir fakt qoysun. Kiminsə narazılığının olması normal haldır. Lakin bu narazılığını təhqirlə, kiminsə ləyaqət və şərəfini alçaltmaqla ifadə etməməlidir. Çünki bu, artıq belə insanların siyasi fəaliyyətlə deyil, hərc-mərclik və insanlara qarşı təhqirlərlə məşğul olduğunu göstərir. Bu isə yol verilməz bir haldır”.
“Sapı özümüzdən olan baltalar”la mübarizədə onlara layiqli cavabın verilməli olduğunu vurğulayan politoloq deyir ki, burada konkret praktiki əməldə yüksək qiymətləndirilən fəaliyyət və bu  istiqamətdə bir sıra işlərin görülməsi lazımdır: “Düşünürəm ki, hər xoşagəlməz və təhqiredici ifadəyə heç reaksiya da vermək lazım deyil. Amma hər halda özümüzü qorumalı və müdafiə etməliyik. Hər zaman öz maraqlarımızı üstün tutmağa çalışmalıyıq. Və bundan sonra da bu maraq çərçivəsində öz fəaliyyətimizi, praktiki işlərimizi vətənin yüksəlməsi uğrunda ciddi və qabarıq şəkildə aparmalıyıq”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə deyir ki, qlobal imperializmin silahı qismində yaradılan sosial şəbəkələrdən milli dövlətlərə qarşı yumşaq güc vasitəsi kimi istifadə olunur:
“Siyasi intellektual mübarizənin əsas komponentlərindən biri siyasi əxlaq və mədəniyyətdir. Biz "yumşaq güc” vasitəsilə münasibətləri hüquqi mexanizmlərlə tənzimləməliyik. Belə ki, siyasi mübarizədə təhqir və söyüşlərdən istifadənin qarşısı hüquqi yollarla alınmalıdır”.
Onun sözlərinə görə, sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi baş vermir. Deputat bildirir ki, qlobal imperializm hazırki mərhələdə lidersizləşdirmək və dövlətsizləşdirmək siyasəti həyata keçirir: “Bunun üçün ilk növbədə milli dövlətlərin liderlərinə və onun sadiq komandasına hücumlar təşkil edilir. Liderləri sıradan çıxardıqdan sonra isə milli dövlətləri dağıdırlar. Biz Yaxın Şərqdə belə nümunələrin şahidi olmuşuq.H.Babaoğlu bildirir ki, dünyada terrorun forma və növləri hamıya məlumdur: “İndi isə informasiya, sosial şəbəkələr terroru yaradılıb. Hazırda qlobal imperializm öz məqsədlərini virtual və informasiya terroru üzərindən həyata keçirir. Bu azmış kimi Avropanın siyasətini müəyyənləşdirən bəzi dövlətlər milli dövlətlərdən süni mühacirət təşkil edirlər. Əvvəllər Avropanın bəzi dövlətlərinə mühacirət etmək çox çətin idi. Amma Azərbaycanda sabitliyi pozmaq istəyən dövlətlər və qüvvələr məqsədlərinə nail olmadıqları üçün sonradan süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar. Həmin ölkələr hazırda siyasi “teatrlar” düzəldirlər. Belə ki, xarici ölkələrin birində vətənpərvər soydaşlarımız 31 mart soyqırımı ilə bağlı aksiya keçirdiyi halda, digər tərəfdən həmin şəbəkə eyni vaxtda dövlətimizə qarşı siyasi “teatr” təşkil etdi. Polis də bu prosesə müdaxilə etmədi. Bir qədər gücləndikdən sonra isə bu siyasi “teatrlar” ölkəmizə transfer edilərək siyasi dramaya çevriləcək. İmperializmin son məqsədi budur. Buna yol verməməliyik. Bütün bunlar düşünülmüş siyasətdir. Yəni bu, kiminsə əxlaq və siyasi mədəniyyəti məsələsi deyil. Bu, imperialzimin milli dövlətlərə hücumudur”.

Bu məsələ ilə əlaqədar hüquqi addımlar atılmasını təklif edən millət vəkilinin sözlərinə görə, diplomatik nümayəndəliklərimiz bu istiqamətdə fəaliyyətə başlamalıdır: “Həmçinin, milli informasiya məkanımız çox ciddi təhdidlər altındadır. Prezident İlham Əliyev qeyd edib ki, milli təhlükəsizliyimizin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Transmilli şirkətlər olan "Facebook", "Twitter"ə münasibət də hüquq müstəvisində tənzimlənməlidir. Sosial şəbəkələrdə milli əxlaqi dəyərlərimizi deqradasiyaya uğradan təhqir və böhtanlar blok edilməlidir. Bir sözlə, vaxtı çatıb ki, transmilli şirkətlərin Azərbaycanın informasiya məkanındakı fəaliyyəti hüquqla, qanunla nizamlanması mərhələsi başlasın”.
 

Könül Əhmədova

Xəbər xətti