“Hiss etdim ki, onu görməyəndə, səsini eşitməyəndə darıxıram”

21:15 - 5 Aprel 2018 - Müsahibə

“Quzuları başlı-başına buraxıb, futbol oynamağa gedirdim”

“Bizdən iki sinif aşağı, balaca göygöz bir qız var idi. Bir gün məşqdən sonra müəllim bizi çölə çıxardı ki, indi də qızlar oxuyacaq. Çöldə qapının ağzında dayananda, eşitdim ki, kimsə “Ay gilənar, ay gilənar, baxçamızın göyçək qızı”- belə bir mahnı oxuyur.  Bunu oxuyan qızın səsi çox xoşuma gəldi. Oxuyanın kim olduğunu öyrənmək üçün bir bəhanə tapıb içəri girdim. Və gördüm ki, həmin göygöz qız... Daha sonralar hiss etdim ki, onu görməyəndə, səsini eşitməyəndə darıxıram” - bu sözləri bizimlə söhbətində Azərbaycanın xalq artisti, aktyor Ramiz Novruz dedi. Həmin müsahibəni sizlər üçün təqdim edirik.


“Kəndin ən çox quzu itirən uşaqlarından biri idim ”

Ramiz müəllim 1955-ci il Biləsuvar rayonunun Səmədabad kəndində dünyaya göz açıb, beş uşaqlı ailənin üçüncü uşağı olub:
“Bir qardaşım və üç bacım var idi. Məktəbə öz kəndimizdə getmişəm. Lakin bizim məktəb səkkiz illik olduğu üçün son iki ili qonşu məktəbdə oxumuşam. O qədər də savadlı şagird olmasam da, məktəb üçün lazımlı şagird idim (Gülür). Riyaziyyat və kimyadan yaxşı oxumurdum, amma tədbirlərdə çox iştirak edirdim, fəal idim. Qoyun-quzu otarmağa gedirdik.  Kəndin ən çox quzu itirən uşaqlarından biri idim. Quzuları başlı-başına buraxıb, futbol oynamağa gedirdim, tamaşalar olanda quzuları atıb tez evə qaçırdım”.

“Komendanta 10 manat hörmət etdik və həmin döşəkləri aldıq”

Müsahibimiz deyir ki, uşaq olanda deyişməyi, müxtəlif səhnəciklər göstərməyi xoşlayırmış:
“ Kənd uşaqları ilə birlikdə dərnəklər, konsertlər təşkil edirdik. Kənd camaatı da yığışıb baxırdı, onlara maraqlı gəlirdi. Yavaş-yavaş kəndin aktyoruna çevrildik. İnternat məktəbində siyahı ilə köhnə əşyaları çıxarıb atırdılar. Döşəkləri aparıb yandıracaqdılar. Uşaqlarla öz aramızda pul yığıb, komendanta 10 manat hörmət etdik və həmin döşəkləri aldıq. Onlardan güləş döşəkləri düzəltdik. Kluba kənddən xeyli cavan uşaqlar cəlb olundu. Əslində bu çox yaxşı oldu, çünki kənd arasında böyük-böyük danışan, başqalarına yalandan xof gələnlərin hamısının gücü orda üzə çıxdı (Gülür)”.

“Amma bu dəfə elə etmədim, yazdım ki...”

Ramiz müəllim deyir ki, kəndlərində Əzizbəyov kanalı vardı:
“Həmin kanalda üzməyi öyrənmişdik, daha sonra futbol oynayırdıq, at çapırdıq. Özüm də bilmədən aktyorluğa meyillənmişdim. Məktəb illərində həyatımda ən böyük partlayış isə Şamdan bəyi oynamağım oldu. Aktyorluğa meylliyim 8-ci sinifdən etibarən kəndimizdə başlayıb. Əvvəllər orta məktəbdə “Kim olmaq istəyirəm ?” adlı inşa yazdırılırdı. Həmişə müəllimin xoşuna gəlmək üçün yalandan hamı “mən müəllim olmaq istəyirəm”- yazırdı. Amma mən bu dəfə yazdım ki,  bundən əvvəl inşanı yalan yazmışam, amma bu dəfə doğrunu yazmaq istəyirəm. Mən aktyor olmaq istəyirəm, hansı aktyorların oyununa baxıb həvəsləndiyimi də qeyd etdim. Bundan sonra humanitar sahə müəllimləri mənə diqqət yetirməyə başladılar. Dəqiq fənlərin müəllimləri isə məndən əllərini üzdülər. Hətta xasiyyətcə çox sərt, ləhcə ilə danışan kimya müəllimimiz məni lövhəyə çıxarıb, “Sənin məktibiyi oxudum, yaxşı məktib yazmısan. Daha səndən kimya soruşmayacam”- dedi. Beləcə o dərsdən canım qurtardı”.

“Qaraltı Rza müəllimə yaxınlaşıb əli ilə titrəyən dizimi göstərdi”

Müsahibimizin fikrincə, aktyorluq ilk məhəbbət kimi bir şeydir, çünki sevəndə səbəbini bilmirsən. Əgər səbəbini bilsən, artıq o sevgi deyil:
“Ayağım səhnəyə dəyəndən və səhnənin sehrini hiss edəndən sonra ayrıla bilmədim. Valideynlərim mənim tarix müəllimi olmağımı istəyirdilər. Ona görə də sənədlərimi instituta gizlincə vermişdim. Aktyor sənətindən imtahan zamanı  ciddi sorğu-suala tutulmadım. Çünki müəllimlərdən biri böyük aktyorumuz Rza Təhmasib idi. İmtahanda demək olar ki, hamı eyni şeirləri öyrənmişdi. Mən isə böyük türk şairi Tofiq Fikrətin “Sis” şeirini hazırlamışdım. O vaxtı türk sözünü işlətmək, türkçülükdən danışmaq sovet cəmiyyəti üçün birbaşa cinayət idi. Mən də bunları bilmirdim. İmtahanda nəyi hazırladığımı soruşdular. Rza Təhmasibdən başqa bütün müəllimlər rus idi. Şeirin və müəllifin adını deyəndə müəllimlər mənə qəribə baxdı. Bu zaman R.Təhmasib də diksindi, dedi nə? Həyəcandan sol ayağım yerində dayanmır, dəhşətli dərəcədə titrəyirdi, gözümü arxada bir nöqtəyə dikib danışırdım. Hiss etdim ki, bir qaraltı Rza müəllimə yaxınlaşıb əli ilə mənim titrəyən dizimi göstərdi. Bu həmin rus müəllimlərdən biri idi. Rza müəllim şeiri yarımçıq saxlayıb dedi ki, yaxşı bəsdir. Məndən başqa nəsə soruşmağa qoymadı, iki “4”, bir “5” qiyməti aldım”.

“Rektor mənə dedi ki, söz dəyirmandakıdır”

Ramiz müəllim deyir ki, şifahi imtahandan sonra yazılı imtahan olub, mövzusu isə “Hacı Qara” imiş: “İmtahanda bəziləri “şpalqalka” keçirirdilər. Amma mən köçürməyi özümə söyüş bilirdim. Ona görə də yazdım ki, qarşımda bir kitab var, M.F.Axundovun seçilmiş əsərləri, vərəqləyirəm. Digər əsərlərin adlarını sadalayıram, sonra yazıram növbəti əsər isə “Hacı Qara”dır. Bəli, bu barədə danışacağam, bundan sonra öz fikirlərimi yazmağa başladım. Amma mənə “2” qiyməti yazmışdılar. O vaxtı qrammatikada bir qayda var idi ki, əgər bir sözdə səhv etmisənsə, o sözü mətndə neçə dəfə işlətsən də bir səhv hesab olunurdu. Yoxlayan müəllim isə hamısını ayrıca səhv kimi qiymətləndirmişdi. Mən də şikayətə qohumum ilə getdim, rektor da gəldi, yazıya baxdı. Dedi ki, gəlin bir az səmimi olaq, bu yazını adi bir abituriyent yaza bilməz axı. Qohumum dəftəri alıb dedi ki, belə bir “şpalqalka” da ola bilməz axı. Rektor dedi ki, hə, düzdür, bu beynin məhsuludur. Orda söz verdi ki, Ramiz başqa instituta daxil olsa belə, onu İncəsənət İnstitutuna köçürəcək. Daha sonra Pedaqoji İnstituta daxil oldum və rektorun yanına gəlib vədini xatırlatdım. Rektor mənə dedi ki, söz dəyirmandakıdır. Beləcə, sənədlərimi alıb arzuladığım və oxumaq istədiyim İncəsənət İnstitutuna verdim”.

“Bir neçə qadın polisə xəbər vermişdi ki, iki nəfəri öldürüblər”

Ramiz müəllim deyir ki, bəzən institutda yer olmadığı üçün gedib parklarda məşq edirmişlər:
“Bir dəfə, Yasamaldakı “Sevil” kinoteatrının yanındakı parkda “Polis və cani”ni məşq edirdik. Bunu bir neçə qadın görüb, polisə xəbər vermişdilər ki, orda iki nəfəri öldürüblər. Polislər də gəlib bizi tutub aparmışdı. Məşq etdiyimizi izah edəndən sonra bizi azad etdilər. Tələbə vaxtı nənəmin Bakıda evi olduğu üçün onunla qalırdım. Tələbə yoldaşlarımın hamısı bizə gəlib gedirdi. Evimə institutun paytaxtı deyirdilər. Çünki ac olan kimi hamı bura qaçırdı. Tələbə olan zaman maddi sıxıntı şəkməmək üçün iki yerdə - institutun tədris teatrında işləyir və mağazada gözətçi dayanır, bundan əlavə də əlaçılıq təqaüdü alırdım. İnstitutdakı qruplar içərisində ən məhsuldar qruplardan biri bizim qrup oldu. Hazırda 10 nəfərdən altısı işləyir”.

“Hiss etdim ki, onu görməyəndə, səsini eşitməyəndə darıxıram”

Ramiz müəllim bildirir ki, hələ səkkizinci sinifdə oxuyarkən tamaşalarda iştirak edirmiş. Onun sözlərinə görə, qızlar da fəallığı ilə seçilirmiş, xüsusilə yaxşı mahnı oxuyan qızlar varmış: “Bizdən iki sinif aşağı, balaca göygöz bir qız vardı. Müəllim bizi məşqdən sonra çölə çıxardı ki, indi də qızlar mahnı oxuyacaq. Çöldə eşitdim ki, kimsə “Ay gilənar, ay gilənar, baxçamızın göyçək qızı”- belə bir mahnı oxuyur.  Bunu oxuyan qızın səsi çox xoşuma gəldi. Oxuyanın kim olduğunu görmək üçün bir bəhanə tapıb içəri girdim. Və gördüm ki, həmin göygöz qız... Daha sonralar hiss etdim ki, onu görməyəndə, səsini eşitməyəndə darıxıram. Aramızda heç bir söhbət olmadı, amma uzaqdan hiss edirdi ki, mən baxıram. Onların evi bizim məktəbin arxa tərəfində idi. O da məni görmək bəhanəsi ilə çölə çıxır, lazımsız bir şeyi guya zibil qabına atırdı. Bu söhbət artıq kənddə yayılmışdı. Məktəbi bitirib Bakıya gələndən sonra bir müddət əlaqəmiz kəsildi. Kəndimizin uşaqları mənə onun barəsində tez-tez məlumat verirdilər və kimsənin ona yaxınlaşmasına imkan vermirdilər. Amma bir ara söhbət çıxdı ki, başqasına verəcəklər. Bakıda olduğum üçün bir çıxış yolu tapa bilmədim, ona görə də artıq əlimi üzdüm...”.

“Çevrilib baxdım ki, həmin balaca, göygöz qız...”

Sonralar sevdiyi qızı təsadüfən Bakıda küçədə gördüyünü deyən müsahibimiz bildirdi ki, hamı bir yerə toplaşıb nəyəsə maraqla baxırdı: “Nə baş verdiyini öyrənmək üçün ora yaxınlaşdım.  O vaxtlar xarici maşın Bakıda bir nəfərdə var idi. Hər kəs “mercedes” in ətrafına yığışıb elə maraqla baxırdı ki... Gördüm ki, yox bu mənlik deyil, üzümü çevirib getmək istəyəndə ötəri olaraq gözümə doğma kimsə göründü, bir cüt qorxaq göz mənə baxırdı. Çevrilib yenidən baxdım ki, həmin balaca, göygöz qız... Bundan sonra arxasınca düşdüm, xeyli müddət sakit gedəndən sonra yaxınlaşıb salam verdim, elə ilk kəlməmizi də orda kəsdik. Əvvəllər salam verməyə də cəsarətim olmayıb. Təsadüfən Musiqi Kollecinə daxil olduğunu öyrəndim. Bundan sonra ancaq Musiqi Kollecinə getməyə başladım (Gülür). Mən üçüncü kursda olan zaman ailə həyatı qurduq. Hərbi xidmətə isə evlənəndən sonra getdim. Əsgər gedəndə artıq bir qızım var idi. Hazırda isə iki qız, bir oğul övladımız var”.
 

“Dərk etdim ki, sovet texnikası heç nəyə yaramır”

Ramiz müəllimin sözlərinə görə hərbi xidmətdə bəxti o qədər də gətirməyib:
“İnstitutu bitirdikdən sonra hərbi xidmətə yollandım, amma orada bəxtim gətirmədi. İlk altı ayı SSRİ-nin ən ucqar nöqtələrindən birində, Çita vilayətində keçirdim, oradan Çin görünürdü. Altı ayın tamamından sonra bizi başqa yerə aparanda sevindik. Amma bu sevincimiz çox çəkmədi, çünki bu  dəfə də Yaponiyanın sərhədinə apardılar. Düzdür, mən hərbi xidmətdə çox şey öyrəndim - dünyanın xəritəsini, ölkələrin paytaxtlarını və s. Amma mən orda dərk etdim ki, sovet texnikası heç nəyə yaramır. Bir dəfə leytenantdan soruşdum ki, bu texnikaların heç biri işləmir, sabahı gün çağırış olsa, müharıbə olsa necə olacaq? Dedi ki,  sabah müharibə olsa bunlar onsuzda heç kimə və heç nəyə lazım olmayacaq”.

“Mən “çornıy kamen” şeirini deyəndə zaldan bir gülmək səsi çıxdı ”

Müsahibimiz aktyorluğu bitirdiyi üçün hərbi xidmətdə konsert zamanı şeir deməyini istəyiblər, o da razılaşıb: “Çornıy kamen” (Qara Mərmər) şeirini əzbərləyib səhnəyə çıxdım. Əslində mən elə bilirdim ki, rusca danışığım yaxşıdır. Şeirə başlayıb “çornıy kamen” deyən zaman zaldan bir gülmək səsi çıxdı (Gülür). Bu zaman həyəcanım daha da artdı, lakin buna baxmayaraq şeiri sonadək dedim. Bundan sonra həmin söz orda məşhur olmuşdu. Bir dəfə axşam yeməkxanadan çıxıb kazarmaya gedirdim. Gördüm ki, məndən qabaqda bir zabit gedir, ayaqüstə dayana bilmir, güclə yeriyir, qarı təpikləyə-təpikləyə gedir. Arxadan gəlib buna kömək etmək istəyirdim ki, yıxılmasın. O heç mənim arxada olduğumu bilmirdi. Gördüm deyir ki, “Çornıy kameeeen”...”.


Könül Əhmədova


Xəbər xətti