Çavuşoğlu:"Biz hər zaman, hər şərtdə Azərbaycanın yanındayıq"

15:38 - 5 Aprel 2018 - SİYASƏT

 "Qarabağ problemi ilə bağlı sənədlər üzərində qəti qərarlar verilsə də, tətbiqi üçün heç nə edilmir"

"Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları və Qarabağ problemini Azərbaycan beynəlxalq aləmdə çox yaxşı anladır. Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox yaxşı anladırıq". Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, bütün sənədlərdə bu problemlə bağlı qəti şəkildə qərarlar əksini tapsa da, tətbiqi ilə bağlı heç nə edilmir: "Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll edilməlidir. Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır".

M. Çavuşoğlu Azərbaycanın haqlı davasının çatdırılması baxımından bu cür beynəlxalq tədbirlərin əhəmiyyətli olduğunu bildirib: "Amma istər bu hərəkat, istər BMT, ATƏT və digərləri münaqişənin Minsk qrupu çərçivəsində barışıq yolu ilə həllinə çalışmalıdır. Bunu Rusiyaya, ABŞ-a, Minsk qrupuna da deyirik.
Biz hər zaman, hər şərtdə Azərbaycanın yanındayıq. Azərbaycan da eyni şəkildə Türkiyənin yanındadır".

Xəbər xətti