Azərbaycanın 11 boksçusu Avropa birinciliyində iştirak edəcək

21:22 - 4 Aprel 2018 - İDMAN

 Aprelin 17-dən İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində start götürəcək gənc boksçular arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Ucnoqta.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Vaqif Şirinovun baş məşqçisi olduğu komanda 9 gün davam edəcək yarışda 11 idmançı ilə təmsil olunacaq.

Qitə birinciliyində Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) mübarizə aparacaq. Qızların yarışında isə Ruhanə Məmmədova (60 kq) iştirak edəcək.

Azərbaycan millisi birinciliyin hazırlıqlarını yekunlaşdırmaq üçün artıq Apennin yarımadasına yollanıb. Turnirin təşkil olunacağı Rozeto-deli-Abrutsi şəhərində baş tutacaq iki həftəlik təlim-məşq toplanışı yığmanın məsul çempionata yüksək səviyyədə hazırlaşması məqsədi daşıyır.

Qeyd edək ki, Avropa birinciliyi bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Oğlanların yarışında 49 kq çəki dərəcəsi istisna olmaqla, digər kateqoriyalarda 2000-2001-ci il təvəllüdlü idmançılar arasında ən yaxşı nəticə göstərən Olimpiadaya vəsiqə əldə edəcək. Qızların yarışında isə 4 çəki dərəcəsində (51 kq, 57 kq, 60 kq, 75 kq) ən yaxşı yeniyetmə Buenos Ayresdə çıxış etmək hüququna yiyələnəcək. 

Xəbər xətti