Ana səhifə
21 Noyabr 2018

"Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb"

Azad, demokratik seçkilər ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesinin artıq dönməz xarakter aldığını təsdiq edir

 “Növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı, ilk növbədə Azərbaycan xalqının maraqlarına xidmət edir. Zərrə qədər şübhə etmirəm ki, bu mühüm siyasi kampaniya ölkəmizdə əvvəlki prezident seçkiləri kimi, tam şəffaf, demokratik və ədalətli mübarizə şəraitində keçiriləcək. Əminəm ki, seçkilərdə məhz xalqımızın dərin inamını qazanan, ən güclü, ən layiqli namizəd qələbə çalacaq”. Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan dünyanın ən sivil, demokratik dövlətlərindən biridir. “Müstəqil Azərbaycanda milli dövlətçiliyimizin bünövrəsini dahi siyasətçi Heydər Əliyev qoyub. Bu gün ölkəmiz hüquqi, demokratik dövlət quruculuğu prinsiplərinə tamamilə sadiqdir. Belə ki, ulu öndərin Azərbaycanın parlaq gələcəyinə xidmət edən müdrik siyasi xətti yeni dövrün reallıq və çağırışlarına uyğun olaraq böyük uğurla həyata keçirilir. Xalqımız bunu görür və yüksək qiymətləndirir”.

Milli Məclisin deputatı Tahir Rzayev deyib:”Bəli, son illər Azərbaycanda həyatın bütün sahələrində möhtəşəm uğurlar əldə edilib. Ölkəmiz iqtisadi, hərbi cəhətdən güclənib, xalqımızın həyat səviyyəsi yaxşılaşıb. Lakin sirr deyil ki, həm daxildə, həm də ölkə xaricində Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələr var. Onlar iqtidarla xalq arasında süni surətdə narazılıq salmağa, bundan istifadə edib xalqımızın var-dövlətini ələ keçirməyə çalışırlar. Lakin unudurlar ki, heç bir qüvvə Azərbaycan xalqı ilə onun dərin etimadını qazanan iqtidar arasında nifaq sala bilməz.

Yeni Azərbaycan Partiyasının VI qurultayı möhtərəm dövlət başçımız İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. Fevralın 5-də  isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hörmətli dövlət başçımızın namizədliyini irəli sürmüşdü. Fikrimcə, AHİK kimi kütləvi ictimai təşkilatın, YAP kimi aparıcı siyasi qüvvənin bu mühüm qərarları, əslində ölkə əhalisinin ümumi rəyini ehtiva edir”.

Onun sözlərinə görə, hər bir ölkənin mütərəqqi seçki sistemi onun siyasi plüralizm ənənələrindən xəbər verir. Başqa sözlə, azad demokratik və şəffaf seçki siyasi plüralizm təntənəsi kimi dəyərləndirilir. Çünki, demokratik seçkilər zamanı ölkənin hər bir siyasi və ictimai zümrələri dövlətin idarə olunmasında iştirak şansı qazanırlar. Deputat qeyd edib ki, azad və ədalətli seçkilər hər bir sivil dövlətin inkişaf  və tərəqqisini təmin edir. “Azərbaycan da məhz bu yolla irəliləmək əzmindədir. Bu, bir həqiqətdir, Azərbaycan xalqının iradəsini təcəssüm etdirir! “
Milli Məclisinin sədri Oqtay Əsədov isə deyib ki, Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması dövlət müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyimiz ən mühüm nailiyyətlərdən biridir. “Azad və ədalətli seçkilərin keçirilməsi həmişə dövlət rəhbərliyinin prinsipial mövqeyi olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim bu məsələni diqqət mərkəzində saxlayır. 2011–2015-ci illərdə Azərbaycanda keçirilmiş seçkilər – 2013-cü il Prezident seçkiləri, 2014-cü il bələdiyyə seçkiləri və 2015-ci il parlament seçkiləri bir daha nümayiş etdirdi ki, seçki qanunvericiliyinin və praktikasının beynəlxalq standartlara tam uyğun olması istiqamətində Azərbaycan hakimiyyəti tərəfindən bütün zəruri addımlar atılır. Nüfuzlu beynəlxalq müşahidəçilərin qənaətinə görə, müəyyən iradlara baxmayaraq, bütövlükdə bu seçkilər azad, şəffaf və demokratik şəraitdə keçib. Azərbaycan xalqının iradəsini əks etdirmiş həmin seçkilər ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesinin artıq dönməz xarakter aldığını təsdiq edib. Seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylər söyləməyə əsas verir ki, Azərbaycanda vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti xeyli yüksəlibdir. Əlbəttə, bu uğurların əldə olunmasına Azərbaycan Respublikasının Milli Məclisi də öz töhfəsini verib. 2011–2017-ci illərdə Seçki Məcəlləsində edilmiş bir sıra dəyişikliklər qanunvericilik normalarının Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğunlaşdırılmasına və nəticə etibarilə seçki praktikasının təkmilləşdirilməsinə xidmət edib”. Onun sözlərinə görə, növbədənkənar prezident seçkisi də yüksək səviyyədə, azad və demokratik şəraitdə keçiriləcək.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov isə deyib ki,  aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar MSK seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsinə, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş irimiqyaslı layihələri davam etdirir.
N.Məmmədov əlavə edib ki, Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb: "Hər bir seçicinin səsi azad ifadə olunmalıdır. Bu prosesin həyata keçrilməsi üçün kifayət qədər imkanlar, o cümlədən qanunvericilik bazası var və bütün bunlar dünya standartlarına cavab verir. Eyni zamanda, ölkədə seçki komissiyalarının maddi texniki bazası təkmildir və dünya ölkələri ilə müqayisə etsək görərik ki, Azərbaycan öncül sıralarda durur”.

"Dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam verməsi düşünülmüş, Konstitusiyaya uyğun, tam hüquqi və qanuni addımdır. Bu, onun müstəsna səlahiyyətidir. Buna uyğun olaraq da MSK-ya müvafiq tapşırıqlar verilib. Düşünürəm ki, Azərbaycan xalqı həmişə prezident İlham Əliyevi dəstəklədiyi kimi, onun bu qərarını da dəstəkləyəcək". Bunu isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev bildirib. Millət vəkilinin fikrincə, apreldə keçiriləcək seçkilərdə də hazırki dövlət başçısı İlham Əliyev mütləq səs çoxluğu ilə yenidən, bu dəfə artıq 7 illik müddətə prezident seçiləcək: "Xalqımız birmənalı prezident İlham Əliyevin ətrafında sıx birləşib və bundan sonra onu daim dəstəkləyəcək. Bunun bir səbəbi də odur ki, bu gün Azərbaycan ümumilikdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasəti dəstəkləyir. Bu siyasətin ən uğurlu və layiqli davamçısı isə prezident İlham Əliyevdir. Məhz onun fəaliyyətinin nəticəsidir ki, xalqımızın ilbəil daha firavan yaşaması üçün əməli addımlar atılır, Azərbaycan güclü dövlətə çevrilib. Hamı gözəl başa düşür ki, yeganə düzgün yol Ulu öndər Heydər Əliyevin siyasi yoludur. Məhz elə bu yol da bizi işğal olunmuş torpaqlarımızın azad olunmasına gətirib çıxaracaq. Ona görə də şübhəm yoxdur ki, bu dəfəki seçkilərdə də xalqımız yenidən İlham Əliyevi dəstəkləyəcək".
 

Qarabağ icmasının üzvü əmindir ki, Dağlıq Qarabağ da daxil olmaqla Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları məhz İlham Əliyevin növbəti prezidentliyi dövründə azad ediləcək: "Tam əminəm ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Bu məsələdə mövqeyi qətidir və biz bu mövqeni də həyata keçirməyi bacarmalıyıq".

Tarix
3 Aprel 2018 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin