Həyatının ən böyük sevgisini Şuşada tapan professor

10:03 - 31 Mart 2018 - Müsahibə

“Universitetə çox duyğulu bir teleqram vurdum...”

“Rus qızına olan sevginin xətrinə 3-4 nəfər oğlan rus dilini öyrəndik”

“Bir gün avtobus düşərgənin qabağında ləngər verib dayandı, ondan qızlar düşdü. Ağdamdan istirahətə gəlmişdilər, onların arasında güllü paltarlı qız var idi. Mən də cavan oğlan idim, həmin güllü paltarlı qız  ürəyimə yatdı. O zaman hamı Hindistan filmlərinə meylli idi, axşam kinotetrda bu ölkənin yeni filmi nümayiş olunurdu. Gedib qızın arxa tərəfindəki sırada əyləşdim və onu diqqətlə izləməyə başladım. (Gülür).
 Film zamanı gördüm ki,qız yaman ağlayır. Çıxanda dedim ki, deyəsən qızlar ağlayanda daha qəşəng görünürlər. İlk cümləm bu oldu ”- bu sözləri bizimlə söhbətində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli dedi. O bildirdi ki,  həmin qızı görməyi taleyinin ən düşərli bir məqamı oldu. Maraqlı və səmimi söhbətdən alınan müsahibəni sizlərə təqdim edirik.

“Ata-anamın üzünü görməmişəm”

Çox ağır yollardan keçdiyini deyən Cahangir Məmmədli bildirdi ki, 1942-ci ildə Böyük Vətən Müharibəsinin ən qızğın çağlarında, Ağdamın Novruzlu kəndində dünyaya gəlib. Səkkiz uşaqlı ailənin sonuncu övladı olub: “Atam müharibəyə gedəndən 10 gün sonra dünyaya göz açmışam. Altı aylığımda isə anam dünyasını dəyişib. Ona görə də ata və anamın üzünü görməmişəm. Məni bacı-qardaşlarım, əmim və əmim uşaqları saxlayıb. Ölkənin ən aclıq və ağır çağlarını yaşamışam.
Deyilənə görə, orta məktəbdə yaxşı oxuyan şagird olmuşam. Çox ağır yollar keçmişəm. O çətin və ağır yollar indiki həyatımın məzmunudur. Bütün çətinliklərinə baxmayaraq o keçmişi yenidən yaşayaram. Çünki o mənim yolumdur, mən keçdiyim bu həyat yolunu çox bəyənirəm ”.
 

“Rus qızına olan sevginin xətrinə 3-4 nəfər oğlan rus dilini öyrəndik”

Müsahibimiz 1960-cı ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlib jurnalistika fakültəsinə imtahan verib. Lakin rus dilindən imla deyən müəllimin dişləri olmadığı üçün sözləri yaxşı başa düşə bilməyib: “Ona görə həmin fəndən "3" qiyməti aldım və  universitetə daxil ola bilmədim. Universitetə daxil ola bilmədiyim üçün də hərbi xidmətə getməli oldum. Sovet ordusunda, Kamçatkada qulluq etdim. Həmin müəllimin acığına Kamçatkada rus dilini mükəmməl öyrəndim. Kənddə məktəbdə oxuyan vaxtı da rus dilinə böyük həvəsim var idi. Müəllimimiz Stavropoldan texnikum qurtarıb gəlmişdi. 18-19 yaşlı gözəl qız idi, hamımız onu sevirdik. Həmin rus qızına olan sevginin xətrinə 3-4 nəfər oğlan rus dilini öyrəndik ”.

“Artıq qatardan düşəndə sərxoş adam kimi yeriyirdik ”

 Cahangir müəllim hərbi xidmətinin birinci ilini Ukraynanın qərbində Lvov vilayətində keçirib. Oranin çox gözəl, güllü-çiçəkli bir yer olduğunu deyən müsahibimiz bildirdi ki, bir il sonra Kamçatka vilayətində  xidmət edib:
“Lvovdan Vladivostoka qədər qatarda 27 gün, ordan da Kamçatkaya 6 gün yol getdik. O vəziyyətə çatmışdıq ki, artıq qatardan düşəndə sərxoş adam kimi yeriyirdik. Hərbi xidmətdə 40 gün əsgərliyə alışdırma müddəti olur. Sonra əsgərləri xidmət üçün SSRİ-nin müxtəlif regionlarına göndərirdilər. Həmin müddətdə bizim qrupla başqa bir qrup arasında dava düşdü. Hamı dalaşır, mən də onları ayırmağa çalışıram, bu zaman başıma-gözümə vururdular (Gülür). Komandir bunu görmüş və mənə çox böyük hörməti yaranmışdı. Deyirdi ki, hara desən səni hərbi xidmət üçün göndərərəm, lap istəyirsən Bakıya göndərim. Dedim ki, mənim üçün ölkənin harasında, hansı bölgədə xidmət etməyin fərqi yoxdur, amma sənə verəcəyim siyahıdakı adamlarla birlikdə xidmət etmək istəyirəm. 25 nəfər ağdamlının siyahısını ona verdim, hərbi xidmət boyunca birlikdə qulluq etdik. Ona görə də, hərbi xidmətdə darıxmaq söhbəti olmadı”.

“...yalvarıram, gedin mənim sənədlərimi götürün”

Cahangir müəllimin gözəl xasiyyətinə, səmimiyyətinə görə komandirləri ona xüsusi sevgi və hörmət bəsləyiblər: “Hərbi xidmətdə olarkən sənədlərimi Azərbaycan Dövlət Universitetinə (İndiki Bakı Dövlət Universiteti) göndərmişdim. O sənədlər Bakıya gəlib çatanda mənə teleqram vurdular ki, poçtdan sənədlərini götürən yoxdur. Həmin an çox qorxdum. Sənədlərimi gəlib götürmədikləri üçün universitetə çox duyğulu bir teleqram vurdum:
“Yalvarıram, gedin mənim sənədlərimi poçdan götürün”.  Bu teleqramdan sonra gedib götürmüşdülər. O dövrdə sovet ordusunda yaxşı mənada qəribə bir qanun var idi. Orta məktəbi qurtarmış və ali məktəbə sənəd vermək istəyən hər kəsi hərbi xidmətin üçüncü ilinin avqust ayında buraxırdılar. Qəbul olsan qalıb oxuyur, qəbul olmasan qayıdıb hərbi xidmətin qalan hissəsini çəkirdin. Mən Kamçatkadan ayrılanda komandirim ağladı”.

“Balaca bir xəbərə görə 30-40 manat qonorar yazırdı ”

 Cahangir müəllim deyir ki, universitetə imtahana gələndə ona məlumat veriblər ki, dekan səni axtarır. Kamçatkadan vurduğum teleqrama görə məni universitetdə çox adam tanıyırdı. Amma həmin vaxt dekan Moskvada olduğu üçün onu görə bilmədim:
“İki gün sonra yazılı və daha sonra şifahi imtahan oldu. Həmin vaxtı yazılı imtahandan beş qiyməti almaq hər oğulun işi deyildi. Lap bir az özümü öyüm, hər ikisindən də “5” aldım. Ağamusa Axundov və Firudin Hüseynov mənim taleyimdə bəlkə də atam qədər rol oynadılar. Hər ikisi mənə “5” qiyməti yazdı. Bu gün universitetə qəbul olmaq kiməsə bəsit görünə bilər. Amma bizim dövrümüzdə yetim bir uşağın avqustun 26-da universitet lövhəsinə vurulan siyahıda öz adını görməsi unudulmayan bir şeydir. Nəsir İmanquliyev adlı bir müəllim bizə dərs deyirdi. Həmin müəllim valideynlərimlə eyni yerdən olduğu üçün məni auditoriyada başqalarından bir az seçirdi. Balaca bir xəbərə görə, 30-40 manat qonorar yazırdı. Çünki pula çox ehtiyacım olduğunu bilirdi. Bunlar hamısı mənə göstərilən qayğılar idi. Universitet həyatı mənim üçün ən gözəl dövr oldu. Şirməmməd Hüseynov kimi bir adam dəstək oldu. 4-cü kursdan sonra universitetdə qalmağım onun arzusu ilə oldu. Deyilənə görə, universitetdə də yaxşı oxumuşam (Gülür). Həmişə elmə, mütaliəyə, nəzəriyyəyə meylim olub. Mənim üçün universitet müqəddəs bir yerdir. 1964-cü ildə universitetdə birinci kursa qəbul olan Cahangir Məmmədli 58 ildir həmin yerdədir”.

“Qızı kənardan izlədim”

Müsahibimiz ikinci kursda oxuyan zaman Şuşaya “Şuşa qəzetində” həm praktikaya gedir, həm də orda pioner düşərgəsində işləyir. Elə həyatının ən böyük sevgisinə Şuşada rast gəlib: “Həmin sevgi sonralar mənim 5 qızımın anası oldu. Deməli, bir gün avtobus düşərgənin qabağında ləngər verib dayandı, avtobusdan çoxlu qız töküldü. Ağdamdan istirahətə gəlmişdilər, onların içərisində bir güllü paltarlı qız var idi. Mən də cavan oğlan idim, həmin güllü paltarlı qız ürəyimə yatdı. O zaman hamı hind filmlərin böyük maraq göstərirdi. Axşam kinoteatrda hind filmi nümayiş olunurdu. Gedib qızın arxa tərəfində əyləşdim, onu diqqətlə izləməyə başladım (Gülür). Film izlədikcə qız yaman ağlayırdı. Çıxanda dedim ki, deyəsən qızlar ağlayanda daha qəşəng görünürlər. İlk cümləm bu oldu. Sonra tanış olduq, qız 9-cu sinifdə oxuyurdu, çox savadlı idi. O da yetim idi, atası yox idi.  Bir ildən sonra məktəbi bitirdi, özüm gedib onu Bakıya gətirdim. BDU-nun filologiya fakültəsinə daxil oldu. Şuşada onu görməyim taleyimin ən düşərli bir məqamı oldu, taleyimiz birləşdi. Hazırda həyat yoldaşım bu dünyada yoxdur, amma onun xatirələri də məni xoşbəxt edir. Beş qızım, 11 nəvəm var. Qızlarımın ən balacası mənim sənətimin davamçısıdır, jurnalistdir”.

“Jurnalistikada ilk yazım saxta və yerində olmayan bir yazı olub ”

Müsahibimiz məktəbdə oxuyan zaman kəndlərində iki qardaş jurnalistika fakültəsinə qəbul olub: “Onlar kəndə gələndə universitetdən, jurnalistikadan elə ağızdolusu danışırdılar ki... Tələbə vaxtı radioda oçerkləri gedirdi. Mən də jurnalistikaya onda vuruldum.  İlk yazımda orta məktəb direktorunu tənqid etmişəm. Yazmışdım ki, qoca kişiyə odun yardırır. Sonra çox böyük səhv etdiyimi anladım. Çünki həmin adam o məktəbin təsərrüfat müdiri imiş və odun yarmaq da onun vəzifəsi imiş. Jurnalistikada ilk yazım saxta və yerində olmayan bir yazı olub. Novruzlu kənd orta məktəbinin 6-cı sinfindən bu universitetə vurulmuşam və bu gün də ordayam. Həyatımın bütün məzmunu universitetlə bağlıdır. Ona görə də bu gün özümü Bakı Dövlət Universiteti olmadan heç cür təsəvvür edə bilmirəm. Gələn il  Bakı Dövlət Universitetinin 100 illiyi tamam olur. Bu müddət ərzində universitetin Azərbaycana verdiyini inanmıram ki, başqa  müəssisə verə bilsin. Jurnalistika fakültəsi Azərbaycanın ən təmiz nöqtələrindən biridir. Bu fakültədə tələbə ilə müəllim arasında elm və təhsildən, bir-birinə hörmət və sevgidən başqa heç nə ola bilməz. Mən bu gün burda olmağımla fəxr edirəm”.

“Evə gələndə cibimdə 5 min manat pul vardı”

 Cahangir müəllimin ilk işi Neftçilər prospektində balaca bir mağazada qarovulçuluq olub. O, 60 manat əmək haqqı alırmış:
“Cəmi iki ay işlədim, çünki iş yerim çox soyuq idi, dözə bilmirdim. Amma əsgərlikdə ciddi işlərim olub, Kamçatkada inşaat briqadası deyilən batalyonda olmuşam, yaxşı maaş alırdım. Hərbi xidməti başa vurub evə gələndə çox varlı bir adam idim, cibimdə 5 min manata qədər pul vardı”.

“... sizdən xahiş edirəm, imtahanda mənə şeir düşsə əzbər soruşmayın ”

 Maraqlı xatirələrindən bir neçəsini bizimlə bölüşən müsahibimiz deyir ki, Azərbaycan kinoteatrının yanında ucuz bir kafe var idi, əsasən orda yemək yeyərmiş. İmtahan götürən müəllimlərdən birinin orda yemək yediyini görüb çox sevinib: “Çünki ona deməyə sözüm var idi. Mən də südlü aş götürdüm və gəlib müəllimin yanında oturdum. Söz deyəcəkdim, amma deyə bilmirdim. Müəllim artıq yeməyini bitirib, getmək istəyirdi. Nəhayət cürətimi toplayıb onunla danışdım. Dedim ki, sizə sözüm var, yazıdan qəbul imtahanında “5” qiyməti almışam, amma şeir əzbərləyə bilmədiyim üçün şifahidən qorxuram. Sizdən xahiş edirəm ki, mənə şeir düşsə, onu necə istəsəniz təhlil edərəm, amma məndən əzbər soruşmayın. Bu zaman müəllim Kamçatkadan gələn əsgər olub-olmadığımı soruşdu. Dedi ki, narahat olma, universitetdə hamı istəyir ki, sən qəbul olasan. Həmin müəllim də Firudin Hüseynov idi. O, sonradan mənim idealıma çevrildi. İmtahan günü bəxtimdən müəllimim o oldu.  Sual Nizaminin lirikası ilə bağlı idi. Bu zaman müəllim zarafatla dedi ki, birinci bəndi danış. Daha sonra ikinci suala keçdik. Sualları yaxşı cavablandırdım və beləcə həmin imtahandan da yüksək qiymət aldım. Savadlı olduğum üçün orda hamı məni sevirdi”. 


Könül Əhmədova

Xəbər xətti